İlham Əliyev: "Pakistandan ən müasir silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var"

İlham Əliyev: "Pakistandan ən müasir silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var"
17:42 14 Oktyabr 2016
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Bakıda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şəriflə birgə mətbuata bəyanatla çıxışında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Müzakirələrimizin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunmuşdur. Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var".

Dövlət başçısı qeyd edib ki, bu gün iqtisadi əməkdaşlığın digər sahələrində, xüsusilə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu:

"Ümidvaram ki, elektron viza sistemi Azərbaycanda tam tətbiq olunandan sonra bizim pakistanlı qardaşlarımız üçün Azərbaycana gəlmək çox asan olacaq və qardaş ölkəyə səfər etmək istəyən vətəndaşlarımız da eyni imkana sahib olacaqlar. Bu gün biz qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik. Bütün məsələlərdə bizim tam qarşılıqlı anlaşmamız var. Bu da bir daha göstərir ki, əlaqələrimiz dostluğa, tarixə əsaslanır".

İlham Əliyev bildirib ki, tarixən xalqlarımız ünsiyyətdə olub, birgə işləyiblər. Bakıda Pakistan mədəniyyətinin çoxlu nişanələri var: "Bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır. Düşünürəm ki, qarşıdakı illərdə məşğul olacağımız məsələlərdən biri nəqliyyatdır. Çünki Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi yeni nəqliyyat layihələri Asiyadan Avropaya, Şimaldan Cənuba daşınmalar üçün yeni imkanlar yaradacaq və yeni marşrutlar açacaq. Azərbaycan bu nəqliyyat layihələrinin kəsişməsində yerləşir.

Cənab Baş nazir, bir daha ölkəmizə səfər etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Mən əminəm ki, səfər çox uğurlu olacaq və qardaşlıq əlaqələrimizin güclənməsində mühüm rol oynayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR