23 ton balın satışına qadağa qoyuldu

23 ton balın satışına qadağa qoyuldu
12:13 15 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu il yarmarkaya təqdim olunan 23.5 ton bal standartlara cavab vermədiyi üçün satışına icazə verilməyib. Bütövlükdə yarmarkaya 93 tona qədər bal təqdim edilib”.

Publika.az xəbər verir ki, bu sözləri arıçılıq məhsullarının satış yarmarkasının açılışında Kənd təsərrüfatı nazirinin müavinin Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, bu il yarmarkaya təqdim edilən arıçılıq məhsulları da ötən ilə nisbətən azalıb: “Yarmarkaya ötən il 250 ton bal çıxarılmışdısa, bu il 71 ton 759 kq bal çıxarılıb. Bu il məhsuldarlıq çox aşağı olub. Məhsuldarlığın az olma səbəbi təbii iqlim şəraiti ilə əlaqədardır. Bütün dünyada bu il iqlim arıçılıq məhsullarının istehsalı üçün əlverişli olmayıb. Dünyada bu məhsulları istehsalı 60%-ə qədər azalıb. Ona görə də, arıçılığın rentabelli sahə kimi inkişafına diqqət yönəlib. FAO tərəfindən hər il mayın 20-nin arıçılıq günü kimi qeyd edilməsi ilə bağlı təkliflərə baxılır. Bu da arıçılığın inkişaf etdirilməsinin bütün dünyada prioritet sahələrdən birinə çevrilməsinə təkan verir. Arıçılıq məhsulları bir çox sahələrin inkişaf etdirilməsinə kömək olur”.

Nazir müavini onu da vurğulayıb ki, bu il yarmarkaya nəzarət tədbirləri də gücləndirilib: “Bu il nəzarət tədbirləri çox sərtləşdirilib. Respublika Baytarlıq Laboratoriyası tərəfindən təqdim olunan bütün arıçılıq məhsulları yoxlanılıb. 323 nəfər qeydiyyatdan keçsə də, 53 nəfər ümumiyyətlə iştirakdan imtina edib. Buna səbəb nəzarət tədbirlərinin gücləndirilməsidir. Təkcə təqdim olunan arıçılıq məhsulları deyil, sonrakı proses də nəzarətdədir. Yarmarkanın keçirildiyi salona kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə hər hansı pozuntuya yol verilməməsi nəzarətdə saxlanılacaq. Bu il yarmarkaya təqdim olunan bal və bal məhsulları keyfiyyət baxımdan bütün tələbləri ödəyir. Alıcılar bala olan ehtiyaclarını bu yarmarkada ala bilərlər”.

S.Talıbov nazirlik tərəfindən arıçılığın inkişafına yönələn dəstəkdən də danışıb. O bildirib ki, Heyvandarlıq institutun nəzdində arıçılıq mərkəzi yaradılması bu sahəyə olan diqqətin göstəricisidir: “Bu mərkəz bir ilə yaxındır ki, fəaliyyət göstərir. Orada arıçılara bu sahənin inkişaf etdirilməsi üçün məsləhətlər verilir. Biz arıçılığın bütün dünyada qəbul olunmuş istiqamətdə inkişafına dəstək veririk. FAO-nun dəstəyi süni mayalanma yolu ilə ana arıların alınması layihəsi həyata keçirilir. Ötən dövr ərzində 100-ə yaxın bu cür təmiz qanlı ana arıları əldə edilməsinə nail olunub”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR