Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə

Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə
19:57 15 Oktyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Aşura günü zöhr namazı qılındıqdan sonra İmam Hüseynin (ə) silahdaşlarından Züheyr ibn Qeyn Bəcəli döyüş meydanına çıxdı. Züheyr vaxtilə İslam fəthlərində fəal iştirak etmiş, Azərbaycan uğrunda gedən Bələncər döyüşündə (Dərbənd yaxınlığında) böyük şücaət göstərmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Züheyr əvvəllər Əhli-beytə mənfi münasibət bəsləyirdi. Hətta hicrətin 60-cı ilində həcc ziyarətindən Kufəyə - öz evinə qayıdarkən, İmam Hüseynin (ə) karvanı ilə paralel yol getməli olsa da, ona yaxınlaşmır, İmamın mənzil saldığı yerdə köç salmırdı. Züheyr Hüseynlə (ə) düşmən münasibətdə olduğuna görə, yol boyunca Onunla görüşməkdən qaçırdı. Nəhayət, mənzillərin birində o da İmamın çadırlarının yanında köç salıb qalmağa məcbur oldu. Həmin gün İmam adam göndərib, Züheyri öz yanına söhbətə çağırdı. Züheyr əvvəlcə getmək istəmirdi. Amma həyat yoldaşı israr edib onu qınadı ki, niyə Peyğəmbərin nəvəsinin dəvətini yerə salırsan? Qadın Züheyrin "zəif damarından" tutub dedi ki, əgər dəvəti qəbul etməsən, hamı deyəcək ki, Hüseyndən (ə) qorxursan. Züheyr İmam Hüseynin (ə) çadırına gəlib, o həzrətlə görüşdü. İmamla söhbət Züheyrə elə dərin təsir etdi ki, əvvəlki fikirlərindən birdəfəlik əl çəkib, aşura karvanına qoşuldu.

İmam Hüseyn (ə) aşura günündə Züheyri öz qoşununun sağ cinahına komandan təyin etmişdi. Züheyr döyüşdən əvvəl düşmənə nəsihət etdi, amma yola gətirə bilmədi. Zöhr namazından sonra meydana girib, qarşı tərəfin 120 əsgərini cəhənnəmə göndərdi. Axırda onu da xəyanətlə vurub şəhid etdilər. İmam Hüseyn (ə) Züheyrin nəşi üstünə gəlib ona rəhmət oxudu, qatillərinə lənət və bəla istədi. Bəzi rəvayətlərə görə, Züheyrin əmisi oğlu Salman da Kərbəlada şəhid olmuşdur.

Qolları sındırılan səhabə

Nafe ibn Hilal Məzhici Kufədə yaşayırdı. Ustad qare, etibarlı hədis rəvayətçisi və şücaətli döyüşçü kimi tanınırdı. Nafe Həzrət Əlinin (ə) səhabəsi olmuş, onun hər üç müharibəsində iştirak etmişdi. Müslimin şəhadətindən də əvvəl Nafe Kufədən çıxıb, piyada halda özünü İmam Hüseynə (ə) yetirdi, atını isə nökəri Kamil gətirdi.

Aşuradan əvvəlki susuz günlərin birində Həzrət Abbasla birlikdə Fürat çayından su gətirməyə getmiş dəstədə Nafe də var idi. Həmin hadisədə Nafe igidlik göstərərək, bir neçə tuluq suyun düşərgəyə gətirilmə¬sinə yardım etdi.

Aşura günündə Nafe əvvəlcə düşməni öz iti oxları ilə həlak edirdi. Oxların ucuna zəhər sürtmüş, üstünə öz adını yazmışdı. Ox qabı boşalandan sonra qılıncını sıyırıb döyüş meydanına girdi, igidliklə döyüşüb düşməni pərən-pərən saldı. Axırda Nafenin hər iki qolunu sındırıb əsir tutdular. Onu Şimr şəhid etdi.

Qoşa döyüşüb qoşa ölən qardaşlar

İmam Hüseynin (ə) silahdaşlarının sayı azalanda Bəni-Ğifar qəbiləsindən Ürvənin iki oğlu  Əbdürrəhman və Abdullah savaş meydanına yollandı. Onların babası Hərraq İmam Əlinin (ə) səhabəsi olmuş, Cəməl, Süffeyn və Nəhrivan müharibələrində iştirak etmişdi.

Qardaşlar çiyin-çiyinə vuruşmağa başladılar. Döyüş zamanı bir-birinə kömək edirdilər. Hətta rəcəzin (döyüş zamanı oxunan şerin) birinci misrasını qardaşlardan biri deyir, növbəti misranı o biri qardaş tamamlayırdı. Onlar birlikdə döyüşüb, birlikdə də şəhid oldular.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR