Gələcəyini görən milli kadrlar - meyillər necə dəyişir?

Gələcəyini görən milli kadrlar - meyillər necə dəyişir?
17:12 16 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Son 3 ildə Azərbaycanda ali məktəblərə qəbulun keyfiyyət göstəriciləri artıb. Çox maraqlıdır ki, bu artım ali məktəblərə qəbul üçün sənəd verənlərin sayının azaldığı, qəbul üzrə proqnoz yerlərinin sayının artdığı illərdə müşahidə edilib. 2014-cü ildən etibarən ali təhsil müəssisələrinə qəbul üçün ərizə verən abituriyentlərin sayının təqribən 15%-ə qədər azalmasına, ali təhsil müəssisələri tərəfindən ümumi qəbul yerlərinin proqnoz rəqəminin təqribən 10,5%-ə qədər artırılmasına baxmayaraq, qəbulun keyfiyyət göstəriciləri 9,2% artıb.

2014-cü ildə tam orta məktəbi 84 413 nəfər, 2015-ci ildə 91 357 nəfər, 2016-cı tədris ilində 89 325 nəfər bitirsə də, ali məktəbə ərizə verənlərin sayı 2014-cü ildəki 97 362 göstəricisindən 2015-ci ildə 87 826, 2016-cı ildə isə 82 961 (2015 və 2016-cı illərdə V ixtisas qrupu istisna olmaqla) nəfərə enib. Son 3 ildə imtahanda iştirak edən abituriyentlərin də sayının azalmasına (müvafiq olaraq, 92641, 82 925, 78545 nəfər olub) və plan yerlərinin ( 2014-2015-ci tədris ili üçün 37 763 yer, 2015-2016-cı tədris ili üçün 38 833 yer, 2016-2017-ci tədris ili üçün 41 736 yer) artmasına baxmayaraq, müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin sayı çoxalıb. Müsbət cəhət isə budur ki, bu artım müsabiqə şərtlərinin nisbətən çətinləşdiyi - qəbul müsabiqəsində iştirak üçün tələb olunan bal həddinin artdığı son iki ildə xüsusilə müşahidə edilib.

2014-cü ildə ali məktəblərə (I ixtisas qrupunda) ixtisas seçimi müsabiqəsində iştirak etmək üçün abituriyentlərdən minimal 150 balın tələb olunmasına, sonrakı 2 il üçün qəbul müsabiqəsində bu bal həddinin 200-ə qaldırılmasına baxmayaraq, sonuncu iki ildə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı daha çox olub. 2014-cü ildə 150-dən çox bal toplayan 32 159 nəfər, sonrakı iki ildə isə 200-dən çox bal toplayan 33 198 və 34 385 nəfər abituriyentin tələbə adını qazanması üçün müsabiqədə iştirak etmək hüququ olub. Onlardan faktiki qəbul olanların sayı da çoxalmağa doğru dəyişib. 2014-cü ildə ali məktəblərə qəbul olanların faktiki sayı 33 707 nəfər, 2015-ci ildə 32 849 nəfər, 2015-ci ildə isə 34 771 (bu rəqəmə xarici ölkələrin ali məktəblərinin Azərbaycandakı filiallarına qəbul olunanların sayı daxil deyil) nəfər olub.

Son 3 ildə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, eləcə də ixtisas qrupları üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı artıb. 2016-cı ildə də keyfiyyət göstəricisinin ən yüksək həddi (32,2%) 600-dən çox bal toplayan tələbələrdə müşahidə olunur.

Son 3 ildə 200-dən çox bal toplayan abituriyentlərin sayı 7,2 faiz, 300-dən çox bal toplayanların sayı 8,6 faiz, 400-dən çox bal toplayanların sayı 13,5 faiz, 500-dən çox bal toplayanların sayı 19,1 faiz, 600-dən çox bal toplayanların sayı isə 32,2 faiz artıb.
Statistik məlumatlara əsasən, 600-dən çox bal toplayanların sayı 2014-cü ildə 1725, 2015-ci ildə 2 094, bu il isə 2 281 nəfər olub.

2014-2015-ci tədris ilində keyfiyyət ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricisi 34,7 faiz, 2015-2016-cı tədris ilində 40 faiz, 2016-2017-ci tədris ili üzrə qəbulda isə 43,9 faiz təşkil edib.

Qəbulun keyfiyyət göstəricisinin dəyişməsi ilə bağlı diqqət çəkən məqamlardan biri də məzunların gələcəyin ingilis dilli kadrı kimi yetişmək istəyinin artması və bunun nəticəsi olaraq, tədrisi ingilis dilində olan ixtisaslara sənəd verənlərin sayının çoxalmasıdır. Son illərdə tədrisi rus və ingilis dilində olan, qəbul üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi mərkəzləşdirilmiş test imtahanlarında yüksək bal yığması şərti qoyulan xarici ölkə ali məktəblərin filiallarına (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, UFAZ) daxil olmağa böyük maraq göstərən abituriyentlər həm də Azərbaycandakı yerli təhsil müəssisələrinin tədrisi xarici dildə təşkil edilən ixtisaslarında oxuması meylləri çoxalır. Bu tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərdə 37 ixtisas üzrə ingilis bölməsinə qəbul proqnoz yerləri nəzərdə tutulmuşdu ki, bu ixtisaslara da faktiki dolma faizi 99% olub.

Mütəxəssislərin fikrincə, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricisinin yüksəlməsinin əsas səbəblərindən biri orta məktəblərdə şagirdlərin universitetlərə hazırlığının artırılması ilə bağlıdır. Sözsüz ki, özlərini gələcəyin rəqabətli əmək bazarına hazırlaşdıran gənclər həm də repetitor yanına getməklə nailiyyətlərini daha da artıra bilirlər. Keyfiyyət göstəricilərinin yüksəlməsinin digər əsas səbəbi gələcəyin rəqabətədavamlı qabiliyyətli kadrı kimi yetişməyi qarşısına qoyan şagirdlərin öz bilik və bacarıqlarının artırılması üçün getdikcə daha çox səy göstərməsi - dərs proqramlarını daha yaxşı mənimsəməyə çalışması ilə izah oluna bilər. Bir sözlə, şagirdlər gələcək inkişafın onlar qarşısında yeni tələblər qoyacağını aydın dərk edərək öz üzərlərində daha çox çalışmağa səy göstərirlər.

Qəbul imtahanlardan yüksək bal toplayanlar üçün ali məktəblər tərəfindən bəzi güzəştlərin tətbiqi- təhsil haqqından azad edilmələri və ya təhsil haqqının güzəştlə verilməsi də şagirdləri daha yüksək bal toplamağa həvəsləndirən amillərdən sayıla bilər.

Ümid etmək olar ki, Azərbaycanda bir necə il əvvəl tam orta təhsil səviyyəsində tətbiqinə başlanan, əhatə dairəsi getdikcə genişlənən, təhsilin şagirdlərin meyl və marağı, potensial imkanları nəzərə alınmaqla, təmayüllülər üzrə təşkil olunmasını nəzərdə tutan layihə gələcəkdə qəbulun keyfiyyət göstəricilərinin daha da yüksələcəyinə zəmin yaradacaq.

Ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricisinin yüksələcəyindən, abituriyentlərin tədrisi xarici dildə olan ixtisaslara meyllərinin artmasından nə qazanacağımızı demək olar ki, bir necə ildən sonra hiss edəcəyik. Ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricisinin yüksəlməsi tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə yaxşı təsir göstərməklə yanaşı, bir necə ildən sonra ölkənin əmək bazarının daha yüksək səviyyəli, daha bilikli kadrlar əsasında formalaşmasına təsir göstərəcək, əmək bazarı üçün daha yaxşı, işəgötürənlərin marağına tam cavab verə bilən mütəxəssis hazırlığına yardım edəcək. Ümid etmək olar ki, bu günki rəqabətli qəbul şəraitində öz biliklərini təsdiqlədən gənclər gələcəyin də əmək bazarının rəqabətinə dözümlü olacaqlar.

Ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricisinin yüksəlməsi ilk növbədə ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsini zəruri edir, onların üzərində kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirməsi ilə bağlı öhdəliklər qoyur. Bunun üçünsə ali məktəblər professor-müəllim heyətinin bilik və bacarıqlarının inkişafı üçün geniş və səmərəli tədbirlər həyata keçirməli, komputer və multimedia vasitələrindən istifadəni təşkil etməli, elm və təhsilin inteqrasiyasını təmin etməli, tədrisdən başqa həm də elmi tədqiqata üstünlük verməli və gənc tələbələrin bu tədqiqat işlərinə çəlbi işini genişləndirməli, həmin tədqiqatlarla dünya bazarına çıxmalı, Azərbaycan elminin və iqtisadiyyatının dünya elmi və iqtisadiyyatına inteqrasiyasını nəzərə alaraq, xarici dilin tədrisinə üstünlük verməlidirlər. Gənclərin tədrisi xarici dildə təşkil olunan ixtisaslara olan marağının artması, rəqabətədavamlıq qabiliyyətini yüksəltmək və qlobal əmək bazarına çıxış imkanlarını artırmaq istəyən gənclərin sayının çoxalması faktı artıq ali məktəblərin xarici dillərdə, xüsusilə ingilis dilində kadr hazırlığına diqqətin artırılmasını zəruri edir.

/Trend/


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR