Aygünün Namiqli dönəmi, Elzadan "halallıq" dərsi, Hüseynin Sonası, Təranənin nankorları - HƏFTƏBECƏR

Aygünün Namiqli dönəmi, Elzadan "halallıq" dərsi, Hüseynin Sonası, Təranənin nankorları - HƏFTƏBECƏR
09:17 17 Oktyabr 2016
124 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (96-cı say) təqdim edir.

Bu həftədən etibarən ən bəyəndiyim şərhlər haqda da yazmağı lazım bildim. "Həftəbecər" oxucular üçündürsə, deməli, onların şərhi də önəmli olmalıdır. Geridə qalan həftə Şamaxıdan olan oxucumuz Esra İbrahimlinin şərhini çox bəyənmişdim. Yeri gəlmişkən, Esra xanım 96 həftənin hər birində oxucu mövqeyini bildirib. Hər aşiqin bir dövranı olur. Sonra dövran dəyişir, aşiqə deyirlər ki, imkan varsa, sazını götür, get o tərəfdə çal, eşqnamələrini başqa yerdə oxu. Aygün Kazımova da həmin aşiqlərdəndir. Onun Azərbaycan səhnəsində gerçəkləşdirdiyi ilklər nə qədər maraqlı olsa da, karyerasının zirvəsini  çoxdan keçib. Razılaşarsınız ki, zirvə dediyimiz həmin dövr isə Namiq Qaraçuxurlunun adıyla bağlıdır. Çünki ona qədər Aygün, bəlkə də Kreml sarayının heç yanından da keçməmişdi, amma Qaraçuxurlu dövründə orada konsert də verdi. Bu o demək deyil ki, bütün bu uğurlar məhz Namiqə görə qazanılırdı. 2004-2011-ci illəri əhatə edən dövr hər iki sənətçiyə çox şeylər qazandırdı. Namiq 25-26 yaşlı gənc idi, müəyyən qədər tanınırdı, Aygün isə adını çoxdan brendə çevirsə də, yaradıcılığının durğunluq dövrünü yaşayırdı. Və beləcə eşqlə-məşqli yeddi il hər ikisinə həm maddi, həm də tamaşaçı baxımından xeyli şeylər qazandırdı. İndi Aygünün hansısa verilişdə "Namiq haqda danışıb, onu reklam etmək istəmirəm" deməsi çox gülünc görünür.

Məndən olsa, Elza Seyidcahanın adını heç bir yazımda çəkmərəm. Bu o anlama gəlmir ki, Elzanı reklam etmiş oluram. Əsla. Çünki Elza taykeş qaloşlarla, başına qoyduğu qazan formasında şlyapalarla, "bir əlim dalımda, bir əlim qabağımda" adlı şeirlə özünü reklam etməyi, lazım olanda bunu nifrət qazanmaq hesabına gerçəkləşdirməyi bacaran adamdır. Amma elə şeylər var ki, bunları etmək olmaz. Məsələn, Elza efirdə Şəhla Həmidovaya nə sənətdən, nə də təlim-tərbiyədən dərs keçəcək adamdır. Seyidcahan Həmidovaya deyib ki, evini dəyiş. Şəhla da deyib ki, halal pulla ev almaq, mülk sahibi olmaq olmur. Və bu yerdə görək Elza nələr deyib:

"Camaatı niyə təhqir edirsən? Burada sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb efirdə başqa cür danışırlar. Biz haram qazanırıq? Belə danışmaq olmaz. Səsin də, pulun da var, bəsdir ağladın. Ölkəmizdə sənətə dəyər verirlər". 

Doğrusu, bu sitatı şərh etməyi çox istəyirəm, amma əsəblərim imkan vermir. Bircə onu deyə bilərəm ki, Şəhla Həmidova rayon-rayon gəzib vəzifəliləri  "tasa" oturtmur və məncə, bunu bacarmır da. Bəlkə, bacarsaydı, indi onun da yay evi, qış evi, payız villası, qış malikanəsi olardı. Amma sənət aləmində məhz dediyim kimi yaşayan və efirə çıxıb qırmızı-qırmızı əziyyətdən, zəhmətdən danışan xeyli adam var. Adbaad deməyi lazım bilmirəm, eldən ayıbdır.

Prodüser Təranə Səmədova müğənnilərdən gileylənib, onları nankor adlandırıb. Bu haqda, deyəsən, bir dəfə də yazmışdım. Yadımdadır ki, 4-5 il əvvəl Təranə bir qızı böyrünə salıb, dost-tanış redaksiyaları gəzdirirdi. Ərki çatan jurnalistlərə deyirdi ki, bu qızdan müsahibə alın. Sonra o qız böyüdü, böyüdü oldu Günay İbrahimli. Bir az da vaxt keçdi, necə böyüdüsə, sonra müsahibə vermək üçün qapısına getdiyi jurnalistləri tanımaz oldu.

Mərhum repçi Hüseyn Dəryanın həyat yoldaşı olmuş Sona Muradova sosial şəbəkədə bir foto paylaşıb. Fotoda Sonanın və başqa bir kişinin əli əks olunub. Camaat da bunu belə yozub ki, Sonanın sevgilisi var. Sona da çıxıb elə bir açıqlama verib ki... Deyib o fotodakı əl oğlum Cahangirindir. Cahangir də birinci sinifdə oxuyur. Uşaq necə inkişaf edibsə, əlinin üstü tükdür, elə bilirsən, ən azı 30 yaşı var. Doğrudan da torpağın üzü soyuqdur.

Mərhum xalq artisti Telman Adıgözəlovun oğlu Tural bildirib ki, atası həkimlərin səhv diaqnozundan ölüb. Məncə, Azərbaycanda həkimlərin ən yaxşı bacardığı bir iş var - pambıq yığmaq. Və nə yaxşı ki, indi onlara bacardıqları işə gördürürlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR