Mosul müşkülü yaranıb: şəhər yeni savaşa SƏBƏB OLA BİLƏR - FOTO

Mosul müşkülü yaranıb: şəhər yeni savaşa SƏBƏB OLA BİLƏR - FOTO
10:37 17 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı əməliyyat bu gün səhər saatlarında başlanıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki artıq çoxdan gözlənən bu hücum əməliyyatında kürd peşmərgələr, İraq hökumət qoşunları və ABŞ-ın İŞİD-ə qarşı koalisiyası iştirak edirlər.

Mosul 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

BMT xəbərdarlıq edib ki, böyük hücum əməliyyatı 1,2 milyonluq əhali üçün humanitar fəlakətlə nəticələnə bilər.

Mosul İŞİD-in İraqdakı son istehkamıdır. Təhlilçilər deyirlər ki, İslam Dövləti adlı təşkilatın bu döyüşdə məğlub edilməsi onun İraqdakı varlığına birdəfəlik son qoyacaq.

İraqın baş naziri Heydər əl Əbadinin dediyinə görə, sakinlərinin tam əksəriyyəti sünnilər olan Mosul şəhərinə yalnız sünni hökumət əsgərləri daxil olacaqlar. Bundan əvvəl Mosulun azad edilməsi əməliyyatının məzhəblərarası qarşıdurmaya çevrilə biləcəyindən narahatlıq ifadə edilmişdi.

Briqada generalı Haider Fadhil AP xəbər agentliyinə deyib ki, Mosul üzərinə hücumda 25 min hərbçi iştirak edir.

Koalisiyanın İraqdakı elçisi Brett McGurk Tvitter-də yazıb: "Fəxr edirik ki, bu tarixi əməliyyatda sizinlə çiyin-çiyinəyik".

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin prezidenti Məsud Bərzani Mosula hücum hazırlıqlarının uğurla başa çatdığını bəyan edib. O, əməliyyatların uğurla nəticələnəcəyinə ümid bəslədiyini bildirib.

Mosulun azad olunması ilə bağlı əməliyyatın İraqda təriqətlər arasındakı qarşıdurmanı daha da gərginləşdirəcəyi, habelə İraqın mərkəzi hakimiyyəti ilə Kürdüstan Muxtariyyəti arasındakı münaqişəni ağırlaşdıracağı şübhəsizdir.

Belə ki, Mosul əməliyyatında iştirak edən kürd "peşmərgə"lər şəhəri azad edəndən sonra geri çəkilmək, Mosulu tərk etmək niyyətində deyillər.

Bu isə İraqdakı sünni və şiə birləşmələrinin səbr kasasını daşdıran son damlaya çevrilə bilər.

Mosulun azad edilməsi əməliyyatları bir neçə həftədir yubadılırdı. Belə ki, koalisiya müttəfiqləri Mosulun Nineviya regionunun azad edildikdən sonra kim tərəfindən idarə edilməsi məsələsinə görə fikir ayrılıqlarına malikdir.

Kürdlər Peşmərgə ordusu tərəfindən regionun xilas edilməsindən sonra bu ərazinin Kürdüstana məxsus olacağını bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Heydər Əbədinin Mosul yaxınlığındakı bazadan 2 min turk əsgərinin çıxarılması tələbinə bir daha etirazını bildirib. O deyib ki, Mosul sünni müsəlmanların nəzarətində olmalıdır.

Səhər saatlarında yayılan digər xəbərdə isə deyilir ki, Mosulda İŞİD-in 58 mənsubu edam olunub. Onları suda boğublar.

Həmin şəxslər İŞİD lideri Əbubəkr əl Bağdadiyə xəyanətdə, habelə Mosul şəhərini təslim etməyə hazırlaşmaqda suçlanıblar.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR