Azərbaycan Prezidentinin enerji əməkdaşlığı və təhlükəsizliyi barədə mühüm tezisləri: Dünya Enerji Konqresindəki nitqi əsasında

Azərbaycan Prezidentinin enerji əməkdaşlığı və təhlükəsizliyi barədə mühüm tezisləri: Dünya Enerji Konqresindəki nitqi əsasında
14:12 17 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bugünlərdə İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi keçirilib. Tədbirdə 10 mindən çox nümayəndə iştirak edib. Müzakirə mövzularının əhatə dairəsi geniş olub və əsas olaraq gələcəyə hesablanmış məqamlara toxunulub. O cümlədən bir neçə on ildən sonra qlobal səviyyədə enerji mənbələrinin vəziyyəti haqqında mütəxəssislər fikir mübadiləsi aparıblar. Həmin kontekstdə ayrıca olaraq 2060-cı ildə Çinin gözlənilən enerji durumu müzakirə edilib. Siyasi liderlər daha çox müasir mərhələdə enerji əməkdaşlığı və təhlükəsizliyi məsələlərinə diqqət yetiriblər.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, bu aspektdə Azərbaycanın dövlət başçısı çox maraqlı tezislər irəli sürüb. İlham Əliyevin dərin məzmunlu nitqi maraqla dinlənilib. Bu baxımdan Prezidentin ifadə etdiyi tezislərin bir sıra məqamları üzərində dayanmağa ciddi ehtiyac vardır.

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkibi kimi

Müasir dünyada enerji daşıyıcılarının əhəmiyyəti çox artıb. Elə bir dövlət yoxdur ki, onun üçün bu məsələ strateji xarakter almasın. Enerji qaynaqlarına sahib olmaqla yanaşı, onların istismarı və nəqli də qlobal siyasətin aparıcı faktorlarından birinə çevrilib. Bu səbəblərdən Dünya Enerji Şurasının təşkil etdiyi Dünya Enerji Konqresinə ciddi əhəmiyyət verilir. 23-cü Dünya Enerji Konqresi oktyabrın 10-13-ü arası Türkiyənin İstanbul şəhərində keçirilib. Bu tədbirin başlanğıcı 1924-cü ilə gedib çıxır. Üç ildən bir keçirilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim edir.

Bu il Türkiyədə təşkil edilən həmin tədbirdə 10 mindən çox nümayəndə iştirak edib. Onların sırasında dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatların, "beyin mərkəzləri"nin, universitetlərin, enerji və sənaye qurumlarının təmsilçiləri olub. Konqres çərçivəsində çox maraqlı və aktual mövzular müzakirə edilib. Bu bağlılıqda "Dünya enerji liderləri", "Gələcəyin enerji liderləri", "Enerji trilemması" və 2060-cı ildə dünya enerjisinin proqnostik vəziyyəti, həmin dövrdə Çinin əsas enerji göstəricilərinin təhlili kimi əhəmiyyətli məsələlər müzakirə edilib.

Bütün bunlar onu göstərir ki, indi siyasi liderlər və mütəxəssislər enerji təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirirlər. Azərbaycan Prezidenti bu barədə dəfələrlə fikir bildirib. 23-cü Dünya Enerji Konqresində İlham Əliyev həmin tezisi bir daha dünyaya bəyan edib. Ölkə başçısı Konqresdəki çıxışı zamanı deyib: "Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir" (bax: İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib / AZƏRTAC, 10 oktyabr 2016).

Bu fikri İstanbulda "Yeni üfüqlərə qucaq açmaq" devizi altında keçirilən həmin tədbirin əsas tezislərindən biri hesab etmək olar. Çünki Dünya Enerji Şurasının bu Konqresində aktual mövzulardan biri enerji təhlükəsizliyi məsələsi olub. Enerji sahəsində əməkdaşlığa həmin faktor kontekstində nəzər yetirilib. Dünya dövlətlərinin müxtəlif enerji daşıyıcıları sferasında əməkdaşlığının perspektivinə təhlükəsizliyin təmini aspektindən kənarda baxmaq absurddur. Bu səbəbdən bir çox layihələrin reallaşması, hətta alternativ enerji qaynaqlarından istifadə məsələsi sabitliyin təmin edilməsi ilə birbaşa əlaqəlidir.

Təsadüfi deyil ki, dünya KİV-i də məhz həmin kontekstdə İstanbuldakı Konqresi şərh etməkdədir. Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Azərbaycan və Venesuela dövlət başçılarını tədbirə dəvət etməsi məqamını ayrıca vurğulamaq lazım gəlir. Çünki bu ölkələrin hər biri dünya enerji siyasətində əhəmiyyətli rol oynayırlar, onlar böyük neft və qaz ehtiyatlarına sahib olmaqla yanaşı, aktiv surətdə enerji layihələrində iştirakçıdırlar. Deməli, Ankara, ümumiyyətlə, qlobal enerji sahəsində aktiv iştirakını davam etdirmək fikrindədir. Tədbir göstərib ki, Türkiyə bu istiqamətdə öz məqsədinə çatmaqdadır.

Perspektivlər: Türkiyə və Azərbaycanın liderliyi fonunda əməkdaşlıq fəlsəfəsi

Yuxarıda vurğuladığımız məqamlar kontekstində ayrıca deməliyik ki, Türkiyə rəhbərliyi, ictimaiyyəti və KİV-i Azərbaycan Prezidentinin səfərinə böyük diqqət göstərib. İlham Əliyevin Konqresdəki çıxışı zamanı ifadə etdiyi fikirləri qardaş ölkə mediası geniş işıqlandırıb. Xüsusilə Azərbaycanın dövlət başçısının Türkiyə-Azərbaycan münasibətləri haqqında dediyi obyektiv, səmimi və dəqiq tezislərə ekspertlərin marağı böyük olub. İlham Əliyev tədbirdəki nitqi zamanı bəyan edib: "Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə "Böyük 20"lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, "Böyük 20"lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram.

Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır" (bax: Aliyev'den Türk halkına mesaj / "Hürriyet", 10 oktyabr 2016 və əvvəlki mənbəyə).

Burada dövlət başçısı iki qardaş ölkə arasında əlaqələrin real maraqlar üzərində qurulduğunu xüsusi qeyd edib. Yəni söhbət tam əsası olan bərabərhüquqlu əməkdaşlıq formatından gedir. Azərbaycanla Türkiyə tarixi və etnik yaxınlığı deyil, konkret sosial-iqtisadi, siyasi, energetik, təhlükəsizlik və mədəni maraqları önə çıxarırlar.

Bu da onu göstərir ki, iki ölkə arasındakı münasibətlər beynəlxalq əməkdaşlıq meyarlarına tam uyğundur. Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə dünyanın sabitliyi və davamlı inkişafı naminə dərinləşir və genişlənir. Əslində, bu məqam Azərbaycan Prezidentinin tədbirdəki çıxışında böyük səmimiyyət və dolğunluqla ifadə edilib.

İlham Əliyev Konqresdəki dərin məzmunlu nitqini aşağıdakı fikirlərlə başlayıb: "Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır (bax: İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib / AZƏRTAC, 10 oktyabr 2016).

Ölkə rəhbəri nitqinin sonrakı hissəsində Azərbaycanla Türkiyənin bu istiqamətdə həyata keçirdikləri böyük layihələrdən bəhs edib. Onların bütövlükdə dünya enerji təhlükəsizliyi üçün əhəmiyyətini geniş izah edib. O cümlədən "Cənub qaz dəhlizi" layihəsinin önəmini dəqiqliklə təsvir edən Azərbaycan Prezidenti, onun verəcəyi bəhrələrə də diqqət çəkib. Bu layihənin reallaşmasında Azərbaycanla Türkiyənin oynadığı lider rolunu vurğulayıb. Həmin kontekstdə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinin faydasını qeyd edib. Bütün bunların əsasında İlham Əliyev çox vacib bir qənaəti ifadə edib: "Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq" (bax: əvvəlki mənbəyə).

Deməli, faktiki olaraq Türkiyənin dünya enerji siyasətindəki rolu ilə yanaşı, Azərbaycanın da bu istiqamətdə fəaliyyəti mütləq vurğulanmalıdır. Bundan əlavə, Azərbaycan enerji sahəsində əməkdaşlığın ədalətli mexanizmini və formatını da dünya dövlətlərinə təklif edir.

Azərbaycan rəhbəri bununla bağlı tədbirdəki çıxışında vurğulayıb: "Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək" (bax: əvvəlki mənbəyə).

Beləliklə, Azərbaycan Prezidentinin 23-cü Dünya Enerji Konqresindəki iştirakı çox uğurlu olub. Növbəti dəfə ölkə başçısı Azərbaycanın qlobal miqyasda enerji sahəsində oynadığı rolu dünyaya çatdırıb. Aydın görünür ki, bu istiqamətdə rəsmi Bakının apardığı ardıcıl siyasət öz bəhrələrini verir. Milli və müstəqil dövlətçiliyimiz inkişaf edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR