Plüralizm meydanından sonuncu qacış

Plüralizm meydanından sonuncu qacış
16:42 17 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl "Azadlıq" qəzetinin, "Azadlıq" və "Amerikanın səsi" radiolarının veb və sosial şəbəkələrdəki səhifələrində "şərh" bölmələrinin bağlanması haqqında mediada müvafiq xəbərlər dərc olunmuş, bəzi araşdırmalar da aparılmışdı. Əksər hallarda sözügedən media quruluşları həm veb, həm də sosial şəbəkələrdəki səhifələrində yer alan tənqidi fikirlərə, fərqli düşüncəyə dözümsüzlük nümayiş etdirərək yazılan şərhlərin çoxunu silir, əksər hallarda isə rəy yazan istifadəçiləri "qara siyahı"ya salırdı. Müxalifətin aparıcı simalarına aid sosial səhifələrdə isə belə azadlıq heç əvvəldən də yox idi.

Etiraf etməliyik ki, eyni düşərgəni təmsil etməsinə baxmayaraq "Meydan TV" əks fikirlərə daha dözümlü yanaşır, mövqelərinə uyğun gəlməyən şərhlərin mühüm hissəsini silmir, onların müəlliflərini bloklamırdı. Əslində belə də olmalıydı. Axı, "Meydan TV" proyektini ərsəyə gətirmək üçün yüz minlərlə dollar qrant alan çevrələr proyektin ideyasına - bütün fikirlərə meydan - tribuna vermək ideyasına sadiq qalmalıdırlar. Sözdə də olsa, demokratiya, plüralizm, müxtəliffikirlilik, tolerantlıq kimi dəyərlərə bağlılılıqlarını nümayiş etdirməlidirlər.

Hərçənd, "Meydan TV"nin sosial şəbəkələrdəki səhifələrində bu dözümlülüyə nadir hallarda rast gəlinirdi. Artıq "Meydan TV" öz veb səhifəsində də yerləşdirdiyi materiallara mövqe bildirilməsini rəsmən yasaqlayıb. Beləliklə, "Meydan TV"nin veb və sosial şəbəkələrdəki səhifələrində öz maraqlarına uyğun olmayan bircə şərh belə buraxılmır. Maraqlarına, sərgilədikləri mövqeyə zidd olan şərhlər silinir, profil sahibləri bloklanır.

Bunun səbəbi nədir? Səbəb çox sadədir - "Meydan TV"nin yayımladığı materiallara bildirilən fikirlərin 90 faizdən çoxu qurumun və müəllifin mövqeyi ilə üst-üstə düşmür, tənqidi xarakter daşıyır. Xüsusən də dövlətçiliyə zidd fikirlərin, antiazərbaycan mövqeli beynəlxalq təşkilatların təbliğinə, ölkə başçısının, ölkəmizdə keçirilən mühüm tədbirlərin əleyhinə aparılan kampaniyalar zamanı bu qəbildən olan reaksiyalarla tez-tez qarşılaşırdıq. Səbəb isə dərc olunan yazıların reallığı əks etdirməməsi, xarici təzyiq qruplarının istək və arzusuna, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, onu gözdən salmağa hesablanmasıdır.

Nəticədə "Meydan TV"nin hər bir həmləsi bumeranq effekti ilə özünə qarşı çevrilirdi. Tənqidi şərhlərin çoxluğu fonunda it-bat olan məqalələrin "mahiyyəti" mənasızlaşır, lazımsız söz yığınına çevrilirdi. Bu hal bir daha proyektin sahiblərinə başa saldı ki, onlar kimi düşünən çox az sayda insan var və bu yazılar ictimai rəyə təsir etmək gücünə malik deyil. Əksinə, yazılara bildirilən şərhlər yazıların təsir "gücünü" azaldır, "Meydan TV"ni meydanda rüsvayçı məğlubiyyətə düçar edir.

Görünür, məhz bu reallıq son nəticədə məlum şərh bölümünün veb səhifədən yığışdırılmasına səbəb olub.

Əslində, "Meydan TV"nin bu addımı başa düşüləndir. Çünki onun "başında duranlar"ın mənimsədiyi prinsip bunu diqtə edir. Daha doğrusu, mənsub olduqları qlobal şəbəkənin "bizim kimi düşünməyən bizdən deyil" prinsipi tələb edir ki, belə bir addımı atsınlar.

Yada salaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı "Azadlıq" qəzeti analoji addımı ataraq veb səhifəsindəki şərh bölümünü bağlamışdı. Səbəb isə yenə eyni idi: I Avropa Oyunları zamanı Azərbaycana qarşı sərgilənən qərəzli mövqeyə, qarayaxma kampaniyasının əleyhinə vətənpərvər gənclər, fəallar mövqe bildirirdi, yazılan şərhlərin bəyənilmə göstəriciləri qəzetin öz yazısının bəyənilmə göstəricisindən daha çox olurdu.

Daha bir maraqlı detal var. O zaman qəzetə bu addımı atmaqla bağlı göstəriş onlara "krışalıq" edən, özlərini insan hüquqlarının carçısı, fundamental azadlıqların tərənnüm edən həmin fondlar tərəfindən verilmişdi. Növbəti "qurban" "Meydan TV"dir. Çünki onlara da veb səhifəsindəki şərh bölümünü bağlamaq göstərişi "yuxarılardan" verilib.

Məlum olduğu kimi, ilk mərhələdə Avropa fondlarının birindən 300 min avro vəsait alaraq fəaliyyətə başlayan "Meydan TV", daha sonra Demokratiyaya Dəstək üzrə Avropa Fondundan, eləcə də proyektin rəhbərlərindən olan Emin Millinin dediyi kimi, fərdi donorlardan ianələr almaqla maliyyələşir. Belə "demokratiya naminə ianələr"dən asılı olan Emin Milli, təbii ki, özbaşına plüralizmi boğmaq qərarı qəbul edə bilməzdi. Görünür, ianə sahibləri himayə etdikləri proyektin əks-effekt verməsinə dözə bilməyiblər. Həm "Meydan TV"nin, həm də onları maliyyələşdirənlərin alternativ fikrə dözümsüzlüyü əsl mahiyyətlərinin nə olduğundan xəbər verir.

Bu yol plüralizm yolu deyil, bu yol Əli Kərimlinin, "Azadlıq" qəzetinin başladığı yoldur. Alternativ tribuna, bütün siyasi baxışlara eyni məsafədə dayanmaq iddiası ilə meydana atılanlar gec-tez o yola yön alır. Görünür, ianə sahiblərinin arzusu belədir...

Afşin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR