Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək

Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
17:02 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Baku Expo Center"də oktyabrın 19-da XXII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (BakuBuild 2016) işə başlayacaq.
"İteca Caspian" şirkətindən "Report"a daxil olan məlumata görə, 4 gün davam edəcək “BakuBuild” sərgisi ilə yanaşı, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji (Aquatherm Baku 2016) və IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri (Securika CIPS 2016) sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi start götürəcək.
Bu il “BakuBuild” sərgisində 26 ölkəni təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin, tədbirdə Fransa şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edəcək. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edir. Ənənəvi olaraq, “BakuBuild 2016” sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunacaq. Sərgi Mərkəzinin qarşısındakı platformada isə ən yeni inşaat texnikası nümayiş olunacaq.
Builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakıdır. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdirəcəklər. “BakuBuild 2016” sərgisində bu il bir sıra şirkətlər öz stendlərində yeni məhsullar təqdim edəcəklərini bəyan edib.  Bu yeniliklər, eləcə də digər məhsul və xidmətlərlə inşaat, memarlıq, dizayn və dekorasiya sənayesindəki alıcı və təchizatçıları bir araya gətirən “WorldBuild365” platformasının veb-saytında (www.worldbuild365.com) tanış olmaq mümkündür. 
Bundan başqa, “Aquatherm Baku 2016” sərgisi Azərbaycan, Almaniya, İtaliya, Çin, Rusiya və Finlandiyanı təmsil edən 60 şirkəti bir arada toplayacaq. Türkiyədən olan şirkətlər isə sərgidə geniş tərkibdə iştirak edirlər. Ənənəvi olaraq, sərgidə bu sahənin yenilikləri də nümayiş etdiriləcək. 
Eyni tarixdə regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan “Securika CIPS 2016” sərgisi keçiriləcək və burada Azərbaycan, ABŞ, Çin, Rusiya, Türkiyə və digər ölkələrin 16 şirkəti iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/bu-hefte-bakida-xezer-i-nsaat-heftesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR