Azərbaycan və Özbəkistan XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
17:52 17 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamil ilə görüşüb.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov prezident İslam Kərimovun vəfatı ilə əlaqədar bir daha dost özbək xalqına dərin hüznlə başsağlığını ifadə edib.

E.Məmmədyarov İƏT xarici işlər nazirləri şurası kimi mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Özbəkistanı təbrik edib və qarşıdan gələn dövr ərzində Özbəkistanın təşkilatın Xarici işlər nazirləri Şurasına uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib. O, İƏT-in 43-cü xarici işlər nazirləri şurasının iclasının təhsil və maarifçilik kimi aktual mövzulara həsr olunduğunu bildirib.

Görüş əsnasında nazirlər iki ölkə arasındakı siyasi dialoq və hərtərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir E.Məmmədyarov tarixi İpək Yolunun bərpası və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir-yol layihəsi haqqında məlumat verərək Özbəkistanın da bu nəqliyyat dəhlizindən istifadə etməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Nazirlər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin artırılması üçün nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərinin təşkil edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə İƏT-in gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR