Güclü yağışdan sonra Bakının mərkəzi küçələri iflic vəziyyətə düşür? - RƏSMİ AÇIQLAMA

Güclü yağışdan sonra Bakının mərkəzi küçələri iflic vəziyyətə düşür? - RƏSMİ AÇIQLAMA
19:44 17 Oktyabr 2016
208 Digər
Ölkə mətbuatı
A- A+

“Bakıya intensiv və uzunmüddətli yağışlar yağanda həmişə belə fəsadlar yaranır. Yəni, müəyyən küçə və prospektlərdə gölməçələr yaranır, həm nəqliyyatın, həm də piyadaların hərəkətində müəyyən maneə ortaya çıxır. Bakı şəhərinin infrastrukturuna nəzər salsaq, görərik ki, Böyük Bakının kanalizasiya layihəsi ötən əsrin 70-ci illərində hazırlanıb və bu, perspektiv inkişaf nəzərə alınmaqla 2000-ci ilə hesablanıb. Bu layihə yalnız məişət sularının axıdılmasına hesablanıb. Son 15 ildə Azərbaycanda görünməmiş bir inkişaf var. Bakı şəhərinin böyüməsi, genişlənməsi, yeni yolların, parkların salınması, hündür mərtəbəli və fərdi evlərin tikilməsi paytaxtın infrastrukturunun yüklənməsinə gətirib çıxarıb. Bu gün Bakının yağış sularının axıdılması sistemində bir çatışmazlıq var. Bu gün Bakı şəhərinin küçə və prospektlərinin cəmi 15 faizində yağış-drenaj sistemləri qurulub və yağış barmaqlıqları quraşdırılıb. Bunların da böyük əksəriyyəti bizim kanalizasiya şəbəkəsinə, yəni tullantı sularının axıdılmasına hesablanmış kanalizasiya şəbəkəsinə ötürülür. Belə intensiv və uzunmüddətli yağıntılar olanda istər-istəməz bu kollektorlar suyu daşıya bilmir”. 

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, “Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. A. Cəbrayıllı bildirib ki, yollarda gölməçələrin əmələ gəlməsi kanalizasiya sistemində problemin olmasından qaynaqlanmır: “Kanalizasiya sistemində heç bir problem yoxdur. Kanalizasiya sistemi dünən necə işləyirdisə, bu gün də həmin rejimdə işləyir. Əksinə, biz bu gün xüsusi texnikalarımızla kanalizasiya şəbəkələrinin yuyulmasını aparırıq ki, ötürücülük qabiliyyəti maksimum həddə işləyə bilsin. Sadəcə, ötən əsrin 70-80-ci illərində qurulmuş infrastruktur bugünkü günün tələblərinə cavab vermir. Bunu da etiraf etməliyik ki, son vaxtlar Bakıda boş ərazilərin sayı kifayət qədər azalıb. Bakıətrafı qəsəbələr inkişaf edib, paytaxtın özündə çoxlu yeni göydələnlər inşa edilib. Bunların hamısının tullantı suları və həyətlərdə toplanan sular, yağış, qrunt suları bizim şəbəkəyə ötürülür. Əgər bu gün Bakıda yağış sularının axıdılması üçün əlahiddə bir xətt olsa və ya ayrıca bir xətt vasitəsi ilə axıdılsa, bu problemlərin heç biri yaşanmazdı”.

 

Onun sözlərinə görə, mövcud yağış-drenaj xətləri kanalizasiya şəbəkəsinə birləşdirildiyindən Bakının müəyyən hissələrində, Babək prospektində, Yeni Yasamalda, Dərnəgül yolunda suların yığılması müşahidə edilir. A.Cəbrayıllı qeyd edib ki, əvvəllər intensiv yağış yağanda daha çox problem yaranırdı: “Azərsu tərəfindən ötən müddət ərzində 60-dan çox küçə və prospektə müəyyən işlər görülüb. Babək, Zərdabi, Nəşriyyat, Neftçilər prospektlərində, Şərifzadə, H.Əliyev və digər yerlərdə görülmüş işlər nəticəsində həmin ərazilərdə vəziyyətdən qismən də olsa, çıxa bilmişik. Bütövlükdə, Bakı şəhərinin drenaj sistemlərinin kanalizasiya kollektoruna birləşdirilməsi ilə problemin həlli qeyri-mümkün görünür”.

 

A.Cəbrayıllı əlavə edib ki, bu gün Avropanın ən inkişaf etmiş şəhərlərində belə intensiv yağışlar zamanı yollarda suların yığılır, böyük gölməçələr yaranır, nəqliyyatın hərəkəti iflic vəziyyətə düşür. Onun sözlərinə görə, intensiv yağışlarla əlaqədar hazırda “Azərsu” ASC-nin balansında olan bütün kanalizasiya nasos stansiyaları pik rejimdə çalışır: “Yəni, əgər bizim 9 nasos stansiyamız varsa, adi rejimdə biz onun beşini işlədib, dördünü ehtiyatda saxlayırıq. Bu gün intensiv yağışla əlaqədar bütün nasos stansiyaları işlək vəziyyətdədir. Buna baxmayaraq, yenə suların yığılıb qalması, gölməçələrin yaranması və ya suyun ötürülə bilməməsi kimi problemlər yaranır”.

 

“Azərsu” ASC-nin əməkdaşlarının il ərzində fasiləsiz fəaliyyət göstərdiyini deyən A. Cəbrayıllı vurğulayıb ki, kanalizasiya kollektoru və xətlərinin təmizlənməsi işləri mütəmadi aparılır. Onun sözlərinə görə, xüsusilə payız-qış aylarında kollektor və xətlərin təmizlənməsinə ciddi fikir verilir. “Biz kanalizasiya kollektoru və xətlərinin təmizlənməsi üçün Almaniyadan xüsusi maşınlar almışıq. Bu maşınların vasitəsi ilə yüksək təzyiqlə xətlər yuyulur. Biz daim monitorinq aparırıq. Kollektorların təmizlənməsi zamanı xətlərdə, daş parçalarına, təkərlərə, heyvan dərilərinə, hətta soyuducuya da rast gəlmişik. Bundan başqa, yolların təmizlənməsi ilə məşğul olanlar tullantıları yağış barmaqlıqlara atır. Bu isə kollektorun ötürücülük qabiliyyətinə təsir edir, xətlərin istismarına çətinlik yaradır”, - deyə A. Cəbrayıllı vurğulayıb.  

 

O, bəzi kanalizasiya quyularının “fontan” vurması məsələsinə də aydınlıq gətirib: “Bu hala özüm də rast gəlmişəm. Taxta bazarı deyilən ərazi var. Orada hər intensiv yağışdan sonra kanalizasiyada qaynama baş verir. Bu niyə baş verir? Ona görə ki, həmin ərazi çökəkdə yerləşir. Tullantı suları və yağış suları kanalizasiya kollektoruna axdığından təzyiq qapağı kənara atır, kollektorun gücü suyu ötürməyə yetmir və nəticədə qaynama baş verir. Yəni adi halda saniyədə 20 litr su ötürmə qabiliyyətinə malik kollektor, 22 litri ötürə bilmir”.

 

Problemlərin həlli yollarına gəlincə A.Cəbrayılı vurğulayıb ki, bununla bağlı tədbirlər  “Azərsu” ASC-nin 2011-2012-ci illərdə hazırladığı “Master Plan”da öz əksini tapıb: “Master Plan üç istiqamətlidir. Sənəddə içməli su təminatı, tullantı sularının kənarlaşdırılması, və yağış sularının idarəolunması ilə bağlı tədbirlər nəzərdə tutulub. Bizim bu layihədə 7000 km-dən artıq kanalizasiya şəbəkəsi və kollektorlarının, 8000 km-dən çox içməli su təchizatı və magistral xətlərin tikintisi, eyni zamanda 900 km uzunluğunda yağış sularının tikintisi planlaşdırılıb. Bununla yanaşı, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması məqsədi ilə Master Planda 11 ədəd çirkab sutəmizləyici qurğunun tikilməsi və ya yenidən qurulması nəzərdə tutulub”.

 

Yağış suların təmizlənməsinə ehtiyacın olmadığını deyən “Azərsu” rəsmisi qeyd edib ki, sənəddə əks olunduğu kimi bu suların Bakıdakı göllərə və Xəzər dənizinə axıdılması mümkündür. Plana əsasən, gələcəkdə Bakıda yağış sularının kənarlaşdırılması məqsədi ilə 900 km-dən çox uzunluqda kollektor və xətlərin tikintisi nəzərdə tutulub. A. Cəbrayıllı qeyd edib ki, bununla bağlı təkliflər paketi hazırlanıb və hökumətə təqdim edilib. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşması ilə intensiv yağış zamanı yaranan problemlərə birdəfəlik son qoyulacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR