Qəbri qazılan AZAL

Qəbri qazılan   AZAL
14:37 18 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının müddətinin başa çatması öz fəsadlarını göstərməkdədir. Dünənə qədər pulunu balta kəsməyənlər, bu gün qəpiyə güllə atırlar. Aralarında artıq canını tapşıranlar da var...


Premyer Liqada mübarizə aparan klublardan “Qəbələ”, “Qarabağ”, “İnter” və “Neftçi”nin sponsorları hələ də öhdələrinə düşəni edirlər. Düzdü, “ağ-qaralar”ın büdcəsi xeyli kasadlaşıb, yeni yaranan “Zirə”nin imkanı isə elə də böyük deyil. 


AFFA-nın əlinə baxan iki klub var: “Kəpəz” və “Sumqayıt”.


Bir də Allahın ümidinə qalan komanda var - AZAL...


Bir komandanın mövsümə uğursuz başlaması, sonuncu pillədə getməsi, hətta, heyətinin zəif olması belə, faciə deyil. Faciə - bir kollektivin yeyəsiz qalmasıdır. Bəli, “təyyarəçilər”in mövcud durumunu bu cür xarakterizə etmək olar.


Klubun sahibini tanıyırsınız - Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Əsgərov Cahangir Cəlal oğlu. Bu şəxs həm də ağlar günə qalan Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir. Yəni, batan, qəbri qazılan yalnız AZAL futbol klubu deyil.


Əvvəllər hər şey qaydasında idi. Lakin Dövlət Proqramı ilə əlaqədar olaraq futbol sektoruna pul yatıranlar aradan çıxmağa start verəndən bəri Əsgərov da yaxasını kənara çəkməyə başladı. AZAL ötən mövsümü sürünə-sürünə olsa da, başa vurdu. Lakin indi sürünməyə də taqət qalmayıb... 


AZAL-ın qəbri çoxdan qazılıb. Can üstə olan klubun taleyi AFFA rəhbərliyi ilə Cahangir bəy arasında razılıq əldə olunmasından asılıdır. 


“Bakı” ilə “Xəzər Lənkəran”ın aqibətindən xəbərdarsınız. Son illərin ön planda olan iki klub bu gün heç I divizionda da yoxdur. Səbəb - müvafiq olaraq, Hafiz Məmmədovla Mübariz Mənsimovun artıq ciddi maliyyə ayırmadıqları klublarını təmənnasız, topu-topxanası ilə birgə AFFA-ya təhvil vermək istəməməkləridi. 


Sözügedən klublardan AZAL-ı fərqləndirən önəmli bir məqam var - bu klubun sabiq oyunçularına bir ətək borcu yoxdur. Məhz bu üzdən AFFA rəhbərliyinin “təyyarəçilər”i federasiyanın şəmsiyyəsi altına almaq üçün daha qətiyyətli davranacağını güman edirik.


Ancaq məsələ yubanır. Əgər Əsgərovla sövdələşmədə bir sıxıntı olmasaydı, AFFA elə yayda klubu təhvil alardı. Demək ki, ləngiməni labüd edən səbəblər mövcuddur.


Yeri gəlmişkən, əsas komandanın baş məşqçisi Tərlan Əhmədov sonuncu turda “Zirə” ilə oyundan sonra ilk dəfə nikbin danışdı: “Fikrət Hüseynovla qardaşıq. İndiki vəziyyətdə komandanı atıb gedə bilmərəm. Gedişat onu göstərir ki, hələ uzun müddət burda qalacağıq. Nə pul, nə də top-komandan çalışdırmaq barədə düşünmürəm. Əvvəl komandada vəziyyət yaxşı idi. İndi pul yoxdur deyə, onları atıb gedə bilmərəm. 1-2 klubdan təklif gəlmişdi. Amma imtina etdim. AZAL-la yayda heç müqaviləm də yox idi. Bununla belə, rəhbərliklə aramızda qardaşlıq münasibəti var. Daha əvvəl bu klubda kapitan kimi də çıxış etmişəm. Belə çətin vəziyyətdə komandanı ata bilmərəm. Sabaha ümidlə baxıram”.


Aydın məsələdir ki, Tərlan bəyin işlətdiyi bəzi ifadələr boğazdan yuxarı deyilmiş sözlərdir. Ciddi bir təklif olsaydı, Əhmədov çətin ki, AZAL-da qalardı. Klubun vitse-prezidenti Fikrət Hüseynov onun üçün həm də ona görə qardaşdır ki, “təyyarəçilər”in gələcəyi bu adamla bağlıdır. Belə ki, AZAL AFFA-nın himayəsinə keçəsi olsa, klub prezidenti məhz Fikrət bəy olacaq.


Elə Hüseynovun özü də bir neçə gün öncə Klublar Komitəsinin toplantısından sonra AZAL-ın gələcəyi ilə bağlı önəmli mesajlar verdi. “Təyyarəçilər”in I diviziona düşəcəyinə inanmadığını söyləyən Fikrət bəy, bunun üçün əməli işə keçdiklərini də gizlətmədi: “Son olaraq isə I diviziondan Premyer Liqaya vəsiqə qazanan komandaların sayı məsələsinə baxdıq. Qərara gəldik ki, I divizionda ilk iki yeri tutan komandalar elitaya birbaşa vəsiqə qazansınlar, 3-cü yerlə Premyer Liqanın sonuncusu arasında isə pley-off oyunları keçirilsin. Bunu təklif kimi AFFA İcraiyyə Komitəsinə təqdim edəcəyik. Onsuz da, Premyer Liqada 8 komandanı çətinliklə yığmışıq. AZAL-ın, “Sumqayıt”ın və digərlərinin az-çox şəraiti var. AZAL-ın I divizionun 3-sünü məğlub edəcəyini də öncədən proqnozlaşdırmaq olmaz”.


Reallıq budur ki, hazırda Premyer Liqada 8 deyil, 7 klub mübarizə aparır. AZAL-ın sadəcə adı var. “Təyyarəçilər” dəmir atdıqları sonuncu pillədən qurtulmaq üçün heç qımıldanmayacaqlar da. Buna lüzum da yoxdur. Çünki klubun taleyini onun mövsümün sonunda neçənci olacağı müəyyənləşdirməyəcək. Paytaxt təmsilçisinin aqibəti AFFA ilə Əsgərovun dil tapmasına bağlıdır. 


AZAL ikisindən birinə girməli olacaq: ya qazılmış qəbirə, ya da AFFA-nın şəmsiyyəsi altına. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbri-qazlan-t53429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR