Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum Azərbaycanla bağlı hesabatı təsdiq edib

Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum Azərbaycanla bağlı hesabatı təsdiq edib
11:37 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Parisdə (Fransa) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mü­badiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun XXIV iclası keçirilib. Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib.
Məlumata görə, iclasda Azərbaycan üzrə ölkə hesabatı müzakirə edilib. Müzakirələrdə Vergilər Nazirliyini Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə, həmin Baş İdarənin Beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Ülvi Yusifov və Maliyyə institutlarında vergi monitorinqi İdarəsinin rəis müavini Vüsal Şıxəliyev, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Nigar Alimovadan ibarət nümayəndə heyəti təmsil edib. Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, Katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə keçirilib və hesabat təsdiq edilib. Ölkə hesabatı oktyabr ayının sonunda Qlobal Forum tərəfindən nəşr olunacaq.
Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevral ayında sözügedən foruma üzv olub. 2015-ci ildə ölkəmiz üzrə qiymət­lən­dirmənin I mərhələsinə ye­kun vurulub və Azərbaycan növbəti mərhələyə keçib. Bu il martın 9-11-də qiymətləndiricilər II mərhələ çərçivəsində Bakıda səfərdə olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR