BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib - FOTO

BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib - FOTO
11:47 19 Oktyabr 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Sənətkarla görüş" layihəsi çərçivəsində Azərbaycanın görkəmli teatr və kino aktyoru, dəyərli sənətkar, Azərbaycanın xalq artisti Fuad Poladovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirildi.

Milli.Az bildirir ki, tədbiri giriş sözü ilə açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tanınmış aktyorun həyat və yaradıcılığından danışdı. Ramiz Hümbətov Fuad Poladovu "İstintaq davam edir" filmində gördükdən sonra onun yaradıcılığının pərəstişkarına çevrildiyini bildirdi. O, Fuad Poladovu Azərbaycan teatr və kinematoqrafiyasının əfsanəsi adlandıraraq, görkəmli sənətkarın xalq artisti adına hələ 1986-cı ildə, 38 yaşında layiq görüldüyünü vurğuladı. Ramiz Hümbətov əmin olduğunu bildirdi ki, tələbələr bu görüşdən sonra Fuad Poladovdan eşitdikləri olduqca maraqlı hadisələrin əks olunduğu filmlərə yenidən baxmağa tələsəcəklər.

BANM-in müəllimlərini və tələbələrini salamlayaraq Fuad Poladov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirdi: "Mən tez-tez gənclər qarşısında çıxış edirəm və mənim üçün vacibdir ki, bu görüşlərdən sonra onlar teatr sənəti ilə daha çox maraqlansınlar. Atatürk demişdir ki: "Teatr bir ölkənin mədəni səviyyəsinin güzgüsüdür ("Tiyatro məmləkətin kültür səviyyəsinin aynasıdır"). Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, bir aktyor kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışdı. Fuad Poladov filmlərdəki çəkilişlər haqqında xatirələrini danışdı və bildirdi ki, teatrda işləmək onu daha cox cəlb edir. "Səhnədə olarkən aktyor tamaşaçıların enerjisini hiss edir. Teatrda aktyor tamaşaçını aldada bilmir. Teatrda sünilik olsa, tamaşaçı onu həmin saniyə hiss edir və ikinci dəfə teatra gəlmir", - deyə o bildirdi. Aktyor çox sevdiyi məşhur Azərbaycan şairi Vaqif Səmədoğlunun şeirlərindən birini ifa etdi. Fuad Poladov xüsusilə də gənclərin intellektual səviyyəsinin formalaşması üçün teatrın və ümumilikdə, incəsənətin böyük əhəmiyyətini vurğuladı.

BANM-in "Kimya mühəndisliyi" ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə aktyorun sevdiyi şair Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirini oxudu.

Görüş zamanı tanınmış aktyor müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Görüşün sonunda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirdi və ona xatirə hədiyyəsini təqdım etdi.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR