Bakıda ixrac imkanlarına dair konfrans keçirilib

Bakıda ixrac imkanlarına dair konfrans keçirilib
11:52 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanın ixrac imkanlarına dair konfrans keçirilib. 
"Report"un verdiyi xəbərə görə, konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması üçün 1 qayda və 4 meyar olmaqla 5 sənəd artıq təsdiq olunub: "İxrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliğ edilməsi üçün prosedurlar müəyyənləşdirilib. İlkin olaraq, ixrac missiyalarının Avropa İttifaqı, MDB, Körfəz və ərəb ölkələrinə, eləcə də Çin, Yaponiya, Malaziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Noyabr ayında Çinə ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili əsasən Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. Xarici ölkələrin ictimai yerlərində və KİV-də “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır. Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı və sənaye məhsullarının Avropa İttifaqı, Orta Asiya və Ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq". 
Nazir qeyd edib ki, ötən ildən başlayaraq Azərbaycanda  iqtisadi islahatlar aparılır: "Belə ki, həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayı xeyli dərəcədə azalıb və 2016-cı ildə cəmi 50 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 50 mindən çox olub. İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilən və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 mln. manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların 32 min investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manat həcmində güzəştli kredit verilib". 
ŞMustafayev əlavə edib ki, yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir: "Son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsul istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb. Belə ki, tədbirlərin nəticəsi olaraq bu ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsulların çeşidi isə 12% artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 mln. ABŞ dolları olub. Qeyri-neft ixracının 54%-i MDB ölkələri və Gürcüstan, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür".
Tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə vurğulayıb ki, son zamanlar həyata keçirilən iqtisadi islahatların sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılmasında böyük əhəmiyyəti var.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakida-ixrac-imkanlarina-dair-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR