Azərbaycanda bu da varmış - Gölün içində qəbristanlıq - FOTO

Azərbaycanda bu da varmış - Gölün içində qəbristanlıq - FOTO
13:05 19 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi mənbələrə görə, əvvəllər Kürdəxanı üç tərəfdən dənizlə əhatə olunubmuş. Sakinlər burada balıq tuturlar. Milli.Az sputnik-ə istinadən bildirir ki, gölün bir hissəsi balıq tutanların məskəni, digər tərəfi isə məzarlıqdır.

Deyilənə görə, burada iki min il əvvəl də yaşayış olub. "Kürdəxanı" sözünün bir neçə mənası var. Bəzi mənbələrdə bu yerin adının mənası "bıçaq düzəldilən yer" kimi verilir. Tarixi mənbələrə görə, əvvəllər bu yer 3 tərəfdən dənizlə əhatə olunubmuş, sonradan su çəkilib. Kürdəxanı həm də tarixi abidələrin beşiyidir.

Bir müddət öncə yolum bu qəsəbədən düşmüşdü. Ərazini gəzib tarixi abidələrlə tanış oldum, sakinlərlə söhbətləşdim. Maraqlı, sakit, səssiz və bir az da sirli kənddir Kürdəxanı. Burada hamının "Yamin qalası" adı ilə tanıdğı uçuq bir qala var. Qalanın tarixçəsi də maraqlıdır. Kənd sakini Hacıbala dayı onun tarixçəsini danışır: "Deyilənə görə, bir gənc oğlan varmış. Bir gün bu gənc ruhi xəstəliyə tutulur. Kənd əhli nə qədər çalışsa da, oğlanın xəstəliyi keçmir. Hamı onun vəziyyətini başa düşüb, ona ianələr verirmiş. Yamin heç də hamının düşündüyü qədər ağılsız deyilmiş. Pulu toplayıb, daş alır və qala tikməyə başlayır. İstəmir ki, öləndən sonra unudulsun. Bir gün qala tikilib hazır olur. Və o gündən sonra hamı həmin qalanı "Yamin qalası" adlandırır". Kəndin mərkəzi küçələri səliqəli olsa da, kənar küçələr, demək olar ki, baxımsızdır. Kürdəxanıda vəziyyət digər qəsəbələrlə müqayisədə daha acınacaqlıdır. Ən dəhşətlisi isə odur ki, qəsəbə qəbristanlığının bir hissəsi tamamilə su içindədir. Qəbirləri su basıb. Və daha da ilginc tərəfi var. Bu ərazidə qəsəbə sakinləri heyvan otarır, qəbirləri də ağuşuna almış göldə balıq tuturlar. Yəni gölün bir hissəsi balıq tutanların məskəni, digər tərəfi isə məzarlıqdır. Kənd sakini Bədirin sözlərinə görə, burada tutulan balıqlar satış üçün deyil: "Əksəriyyəti özü üçün tutur. Çünki balıqlar çox balacadır. Ancaq bəzi balıqçılar var ki, imkansızlıqdan tutduqları balığı satıb evinə çörək pulu aparırlar". Həvəskar balıqçı Əlövsət kişi isə buraya əsəblərini sakitləşdirmək üçün gəldiyini deyir: "Təqaüdə çıxandan sonra evdə darıxıram. Elə ki, axşamüstü olur, tilovu götürüb gəlirəm buraya. Günün altında çox qalmaq olmaz. Amma hava qaralana qədər 2-3 kilo balıq tutmaq olur. Bəzən isə, ümumiyyətlə balıq çıxmır tilova". Ərazidə qamışlar insan boyunu keçib. Ayağını yerə basanda topuğuna qədər palçığa batırsan, ayağını palçıqdan güclə çıxarırsan. Torpağı da gillidir.

Yerli əhali əvvəllər bu ərazilərdə yaşayış olmadığını, sonradan müxtəlif bölgələrdən insanların gəldiklərini və kəndin bataqlıq, göl olan hissəsində məskunlaşdıqlarını deyir. Kəndin mərkəzində torpağın sotu 5000 manata olsa da, bu yerlərdə qiymət 1500 manatdır. Bu da imkansız təbəqə üçün çox əlverişlidir. Amma bir problem var ki, yayda üfunət, milçək, ağcaqanad əlindən tərpənmək olmur. Kürdəxanı o qədər böyük kənd olmasa da, bir çox istedadlar yetişdirib. Vasim Məmmədəliyev, Baba Pünhan, Xanım Qafarova, İlhamə Quliyeva kimi tanınmışlar bu kənddə doğulub-böyüyüblər.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR