Azərbaycanda ilk dəfə "Big Data" üzrə Tədqiqat Mərkəzi yaradılır

Azərbaycanda ilk dəfə "Big Data" üzrə Tədqiqat Mərkəzi yaradılır
14:57 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ ADA Universitetində Azərbaycanda ilk dəfə “Big Data” (Böyük Verilənlər) üzrə Elmi Tədqiqat və Təlim Mərkəzi yaradılır.
"Report" xəbər verir ki, bu mərkəz BP şirkəti və onun "Azəri-Çıraq-Günəşli" (AÇG), “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının dəstəyi ilə yaradılır.
Bu gün Mərkəzin yaradılması ilə bağlı ADA Universitetinin rektoru Hafiz Paşayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell müqavilə imzalayıblar. Layihənin dəyəri 410 min dollar təşkil edir. Layihənin müddəti isə bu aydan etibarən 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 aydır. Bu yeni mərkəz dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaradacaq.
Mərkəzlə yanaşı həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq.
Layihə nəticəsində həmçinin ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin potensialının genişlənəcəyi və bunun ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacağı gözlənilir.
Layihənin açılışı ilə bağlı keçirilən tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev bu layihənin çox vacib olduğunu qeyd edib. O bildirib ki, Verilənlər Bazası olmadan gələcəkdə sanballı tədqiqatlar və işlər görmək olmaz: “Bu mənada layihə bizim üçün vacibdir. İnanırıq ki, layihə vaxtında, sanballı şəkildə yerinə yetiriləcək və əməkdaşlığımız davam edəcək”.
H.Paşayev bu layihəyə digər universitetlərin də qoşula biləcəyini qeyd edib. Onun sözlərinə görə, məqsəd bu mərkəzin Azərbaycanın bütün alim və tələbələrinə xidmət etməsidir.
Mərasimdəki çıxışında təhsil naziri Mikayıl Cabbarov da layihənin əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən BP-nin regional prezidenti Q.Birrell bildirib ki, bu layihə konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və böyük həcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib: “İnanırıq ki, bu, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək. BP və tərəfdaşları üçün bu layihə həmçinin Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və ADA Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir”.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azerbaycanda-ilk-defe-big-data-uzre-tedqiqat-merkezi-yaradilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR