Balakəndə 5 uşaq anası əri tərəfindən döyülərək qətlə yetirilib.
ARB TV xəbər verir ki, hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub.
Balakən Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Kainat Çobanova əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən qətlə yetirilib. Şübhəli şəxs qismində saxlanılan Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib.
Əşayə Somarova - mərhumun baldızı: "Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi".
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
Milli.Az