Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir
21:17 19 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Serbiya Hökumətinin sədri Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə 18 oktyabr - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Dövlət bayramınız - Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və dost Azərbaycan xalqına hərtərəfli tərəqqi arzularımı bildirirəm.

Əminəm ki, ölkələrimiz arasında ənənəvi yaxşı münasibətlər və əməkdaşlıq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran strateji əlaqələrin və tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq.

Cənab Prezident, Sizə olan çox dərin ehtiramımı qəbul edin".

X X X

İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan:

"Hörmətli İlham Heydər oğlu. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını respublikanızın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan iqtisadiyyatın, sosial sahənin, mədəniyyətin və təhsilin təşəkkülündə və möhkəmlənməsində böyük və ləyaqətli yol keçib. Bugünkü Azərbaycan gərgin və ilhamlı əməyin, nəcib ideyaların, planların və niyyətlərin təcəssümüdür. Sizin gözəl diyarınıza daha böyük iqtisadi firavanlıq, mənəviyyatın və mədəniyyətin inkişafında olan xeyirxah ənənələri qoruyub saxlamağı və artırmağı arzu edirəm.

Qoy hər bir evdə səadət və firavanlıq, hər bir ailədə cansağlığı və bolluq olsun!

Sizə doğma respublikanız naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm".

X X X

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:

"Möhtərəm İlham Heydər oğlu. İcazə verin, Sizə səmimi və dərin hörmətimi bildirim, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu gün Azərbaycan dövlətinin yeni tarixinin, güclü, çiçəklənən ölkə quruculuğunun başlandığı gündür. Bu illər ərzində Azərbaycan milli iqtisadiyyatın əsas sahələrinin, elmin və mədəniyyətin inkişafına, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsində böyük uğurlar qazanıb.

Həştərxan vilayəti Azərbaycan Respublikası ilə dostluğu yüksək qiymətləndirir və ikitərəfli etibarlı əməkdaşlığa görə fəxr edir.

Əminəm ki, bizim regionlar arasında çoxəsrlik mehriban qonşuluq ənənələrinə əsaslanan münasibətlərin potensialı gələcəkdə yalnız artacaqdır.

Bu əziz bayram günündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, xoş əhval, firavanlıq və Azərbaycanın rifahı naminə yeni uğurlar arzulayıram".

X X X

Bütün Rusiyanın və Moskvanın patriarxı Kirilldən:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu! Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı 25 il əvvəl ölkənin müstəqil inkişaf yolunu seçib. Bu qərar müstəqil suveren respublikanın həyat fəaliyyətini lazımi şəkildə təmin etməyə və insanların ümidlərini doğrultmağa qadir olan dövlət və ictimai təsisatların yaradılmasını nəzərdə tuturdu. Sizin atanız, hörmətli və nüfuzlu lider Heydər Əlirza oğlu Əliyev yeni Azərbaycan quruculuğuna sanballı töhfə verib. O, Prezident olandan sonra ölkənin taleyinə görə məsuliyyəti öz üzərinə götürüb və onun hərtərəfli inkişafının təməlini qoymağa müvəffəq olub.

Sizin başçılıq etdiyiniz respublikada bu gün müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığını və çalışdığını görmək fərəhlidir. Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının fəaliyyətinə göstərdiyiniz diqqətə, habelə yerli ənənələrin və zəngin mədəni irsin qorunub saxlanmasına, insanların mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsinə, sosial sabitliyin və ictimai həmrəyliyin yaradılmasına yönələn dinlərarası dialoqu və məhsuldar kilsə-dövlət tərəfdaşlığını dəstəklədiyinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Sizə xalqa xidmət yolunda yenilməz güc və nailiyyətlər, bütün Azərbaycan sakinlərinə isə sülh və firavanlıq arzu edirəm".

X X X

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən:

"Hörmətli cənab Prezident. Sizi əlamətdar bayram - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edir, xalqınızın və dövlətinizin rifahı, firavanlığı naminə ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi ölkənizin davamlı sosial-iqtisadi inkişaf və Azərbaycanın qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi daha da artırır.

Bu səylərinizdə Dünya Turizm Təşkilatının davamlı dəstəyindən əmin olun. İnanıram ki, Azərbaycan və Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:

"Əziz İlham Heydər oğlu! Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu 25 il ərzində ölkəniz böyük yol keçib - Azərbaycan öz zəngin ənənələrini qoruyub saxlamaqla gələcəyə addımlayıb.

Azərbaycan öz istedadlı xalqının təmkini və əməyi sayəsində çiçəklənən ölkəyə çevrilib və sülh, inkişaf yolunda inamla irəliləyir.

Azərbaycanın ölçülüb-biçilmiş, müdrik siyasəti Rusiya ilə, digər tərəfdaş dövlətlərlə ikitərəfli münasibətləri qoruyub saxlamağa və möhkəmlətməyə imkan verir. Sizin ölkəniz haqlı olaraq beynəlxalq birliyin hörmətini qazanıb.

Bakı Beynəlxalq Humanitar Forumu günlərində Sizin ölkənizin nailiyyətlərini şəxsən müşahidə etmək şərəfinə nail olmuşam.

Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

"Transneft" Publik Səhmdar Cəmiyyətinin vitse-prezidenti Vladimir Ruşaylodan:

"Möhtərəm İlham Heydər oğlu. Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 25 illiyi ilə əlaqədar təbriklərimi qəbul edin. Azərbaycan 25 ildir müstəqil inkişaf yolu ilə inamla irəliləyir, öz zəhməti və istedadı ilə başqa ölkələr və xalqlar arasında layiqli yerini təmin edir. Dövlət başçısı kimi Sizin üzərinizə Azərbaycanın taleyinə görə çox böyük məsuliyyət düşür.

İcazə verin, Müstəqillik Günündə Sizə ruh yüksəkliyi, enerji, möhkəm cansağlığı, dövlət quruculuğu işində daha böyük nailiyyətlər, Azərbaycan Respublikasının vətəndaşlarına isə sülh və firavanlıq arzu edim".

X X X

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

"Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizi Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.

Türk xalqlarının tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gündə Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdə nüfuzunun şahidi olmaq sevindirici haldır. Odur ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının böyük siyasi xadimi və müdrik şəxsiyyəti ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı bizə şərəf hissi yaşadır və həmişə yaşadacaqdır.

Əbədiyaşar müstəqilliyimizin bərpasının 25-ci ili münasibətilə Sizi bir daha təbrik edirəm".

X X X

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

"Azərbaycan Respublikasının dövlət bayramı - Müstəqillik Günü münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin!

İcazə verin, respublikaya, bütün Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq, beynəlxalq birliyin bütün üzvləri ilə mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsini arzu edim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR