Sizin o qaqaşlardan fərqiniz nədir, cənablar?

Sizin o qaqaşlardan fərqiniz nədir, cənablar?
21:42 19 Oktyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Hərdən fikirləşirəm ki, ölkəmizdə adamlar ondan ötrü oxuyublar, alim, psixoloq, müəllim, yazıçı olublar ki, çıxıb televiziyada adamlara namus-qeyrət dərsi keçsinlər. Çünki beşcə dəqiqə televizora baxmaq kifayət eləyir, görəsən ki, hansısa kostyumlu-qalstuklu bir kişi oturub ciddi-ciddi qısa ətəklə insan əxlaqının bilavasitə bağlı olduğundan danışır. Ay canım-gözüm, bunu gününün 8 saatını çayxanada keçirən, domino çırpan, nərd atan qaqaşlar da deyir də... Bəs siz nədən ötrüsünüz, niyə o boyda məktəb, universitet, cild-cild kitablar oxumusunuz? Əgər oxumusunuzsa...

Bir dəfə yaşı 50-ni ötmüş bir yazar efirdə müğənninin dekolteli geyiminə görə davaya çıxdı. Dedi siz fahişəsiniz, əxlaqsızsınız. Qızardı, bozardı, haytalandı...  Dedi bəs sən bilirsən mən kiməm, şairəm, yazaram, redaktoram, aliməm.

Buuuu boooyda alim, yazar, redaktor başa düşmürdü ki, onu efirə məhz bunun üçün, ələ salmaq, dolamaq üçün çıxarıblar. Onun əxlaq moizəsi heç kimə lazım deyildi. Verilişi hazırlayanlar onun bu qızarması, bozarması, özündən çıxmasıyla yaxşıca reytinq qazandılar, vəssalam. Bir həftə mətbuatda bunun müzakirəsi də getdi.

Yaxşı, ay hörmətli redaktor, əgər siz belə əxlaq keşikçisisinizsə, niyə onu müğənninin sinəsində axtarırsınız? Niyə sosial şəbəkələrə qoşulan kimi qız-gəlinə gündə 32 dəfə "Salam, necəsən?" yazırsınız? Vallah, bunu da o qaqaşlar edə bilir. Siz nədən ötrüsünüz ey, siz?

Yaxud üç gündən bir alimlərimizdən biri çıxıb yekə-yekə danışır ki, bəs filan şeyi eləmək günahdı, batildi. Dünyada hansı elmi ixtiralar baş verir, laboratoriyalar açılır, az qala ölümə də çarə tapırlar, bizimkilər də duadan-cadudan danışırlar. Adamın ağlamağı, saçını yolmağı gəlir.

Hələ ötənlərdə bir psixoloqa müraciət etmişəm ki, uşaqların cinsi maariflənməsiylə məşğul olmağa hansı yaşdan başlayaq, suallarına hansı şəkildə cavab verək, necə hərəkət edək? Deyir bizim mentalitetə görə, cinsəl suallara cavab vermək ayıbdı. Qoy ana-ata abrına bükülüb uşaqların bu kimi suallarına cavab verməsin, o da gedib internetdə qabağına çıxanı oxusun, baxsın, olsun seksual manyak. Bunumu istəyirsiniz? Aman Allah, sizə müraciət edən valideynləri beləmi təlimatlandırırsınız? Siz də belə danışandan sonra biz ucqar kənddə kitabdan, internetdən uzaq düşən adamlardan nə gözləyək?

Niyə başa düşmürsünüz ki, müğənninin dekoltesi, qısa ətəyi, qırmızı saçı bizim cəmiyyətə, gəncliyə ziyan vurmur, amma sizin bu "abuk-subuk" açıqlamalarınız, sayıqlamalarınız beyinləri zəhərləyir. Adamları kitabdan, elmdən, proqressdən uzaq salır. Onlar fikirləşir ki, elmli olmaq yox, ana-bacısı evdən çıxanda ətəyinin uzunluğunu ölçməkdir vacib olan. Etməyin, cənablar, etməyin! Əgər bu cəmiyyətə fayda verəcək sözünüz, kəşfiniz, ideyanız yoxdursa, susun. Çoxmu çətindir bunu etmək? Sizin davaya çıxdığınız müğənnilər bilirsiniz nə deyirlər? Deyirlər ki, kişinin başı yox, soyuducusu dolu olar. Bax bunu da siz dedizdirirsiniz onlara, siz...

Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR