ABŞ-da Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib

ABŞ-da Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib
08:59 20 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

 

Oktyabrın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Azərbaycanın ABŞ-dakı səfirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib. Tədbirdə ABŞ dövlət qurumları, düşüncə mərkəzləri, diplomatik korpus, media və çox saylı ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin moderatoru qeyd edilən institutunun direktoru, region üzrə tanınmış ekspert Svante Kornell olub.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və əldə edilmiş nailiyyətləri barədə geniş məlumat verib. O, Azərbaycanda müstəqillik illəri zamanı iqtisadi, sosial və dövlət quruculuğu sahələrində qazanılan nailiyyətləri vurğulayaraq, bunu ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlayıb. Hazırda həmin siyasətin uğurla davam etdirildiyini qeyd edən səfir Azərbaycanın bütün sahələrdə regionun liderləri sırasında olduğunu bildirib. Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edən E. Süleymanov bunun Azərbaycanın əldə etdiyi anlaşmalara sadiqliyindən irəli gəldiyini və enerji sahəsində 20 ildən çox müddət ərzində beynəlxalq şirkətlərlə əldə edilmiş “Hasilatın Pay Bölgüsü” razılaşmalarının dəyişilməz qaldığını göstərib.

 

Səfir qeyd edib ki, Şərqdə ilk müsəlman demokratik respublikanın davamçısı olan Azərbaycan müxtəlif millət və mədəniyyətlərin qovuşduğu bir məkandır: "Azərbaycan dünyada radikalizm və dözümsüzlüyün baş qaldırdığı bir zamanda dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarı və aparıcı qüvvəsinə çevrilib. Bu, Azərbaycan tarixindən qaynaqlanır və ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilir".

 

Daha sonra səfir iştirakçıların çoxsaylı suallarına cavab verib. Aparılmış canlı müzakirələr iştirakçıların Azərbaycana və onun apardığı siyasətə dair böyük marağının olduğunu göstərib.

 

Qaldırılan suallar arasında erməni diplomatı tərəfindən verilən təxribat xarakterli suala cavab olaraq səfir E. Süleymanov Azərbaycanın hər zaman olduğu kimi bu münaqişənin tezliklə həll olunmasına tərəf olduğunu vurğuladı. Münaqişənin həllinin masa üzərində olduğunu bildirən səfir hazırkı status-kvonun dəyişməsinin və öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmasının və orada erməni və azərbaycanlı icmasının birgə yaşayışa öyrəşməsinin ilk addım olduğunu bildirib. Səfir bundan daha çox Ermənistan xalqının bəhrələnəcəyini və onun hazırkı acınacaqlı durumundan çıxmaq imkanı yaradacağını vurğulayıb. İrəli sürülən təkliflərin mükəmməl olmadığını, lakin bunlara alternativin nə olduğunu sual edən E.Süleymanov rəsmi Yerevanın sülh prosesinə zərər vurmaqla əslində öz müstəqilliyinə xələl gətirdiyini qeyd edib.

 

Azərbaycana qarşı ifrat qərəzi ilə tanınan, “Freedom House” təşkilatının keçmiş direktoru David Kramerin sualına cavab verən Azərbaycan səfiri D.Kramerin uzun zamandan bəri səsləndirdiyi ritorikanın bolşevik təbliğatına bənzədiyini deyib. Eyni zamanda o, bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinliklərinin mövcudluğunu bildirib. Səfir həmçinin Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR