Azərbaycanın bütün bölgələrində hibrid tipli elektrik stansiyaları yaradılacaq

Azərbaycanın bütün bölgələrində hibrid tipli elektrik stansiyaları yaradılacaq
13:27 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda enerji mənbələrinin diversifikasiyası nəticəsində son 10 ildə atmosferə atılan zərərli tullantıların miqdarı orta hesabla 4 dəfə azaldılıb. 
"Report" xəbər verir ki, bu barədə oktyabrın 18-21-də Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumda çıxışı zamanı Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini Nurəli Yusifbəyli bildirib. 
Onun sözləribə görə, bu diversifikasiya həm də imkan verib ki, Azərbaycanda enerji tutumu göstəricisi orta hesabla 10 ildə 2 dəfə azaldılsın. Agentlik rəsmisi bu göstəricinin isə orta dünya səviyyəsindən nisbətən yüksək olduğunu qeyd edib. O əlavə edib ki, növbəti illər üçün də Azərbaycanda enerji effektivliyinin, enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində kifayət qədər potensiallar var və bu potensial yaxın illərdə qəbul olunan proqram və qanunvericilik aktları çərçivəsində həyata keçiriləcək. 
"Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olduğu kimi, alternativ və bərpa olunan enerji mənbələri ilə də zəngindir. Bu ehtiyatlar imkan verir ki, Azərbaycan 2050-ci və sonrakı illərdə bütün istehlakçıları 100% davamlı enerji mənbələri hesabına təmin etsin. Hazırda Azərbaycanın orta illik enerji istehlakı təxminən 15 mln. neft ekvivalenti səviyyəsindədir", - deyə N.Yusifbəyli qeyd edib. 
Onun sözlərinə görə, son illərdə enerji mənbələrinin diversifikasiyası üzrə ciddi nailiyyətlər əldə edilib: "Əgər 2003-cü ildə Azərbaycan 3 növ enerji mənbələrindən istifadə edirdisə, 2016-cı ildə 4 növ enerji mənbələrinə nail olunub. Azərbaycan Prezidentinin sərəncamları ilə müxtəlif bölgələrdə orta gücü 100 MVt olan kiçik güclü enerji mənbələri yaradılıb. Bu enerji mənələri imkan verib ki, ölkədə enerji mənbələrinin strukturu da təkmilləşdirilsin". 
Agentlik sədrinin müavini əlavə edib ki, bu strukturun təkmilləşməsi ilə son 10 ildə enerji sisteminin enerji effektivliyi 32%-dən 42%-ə yüksəldilib. Onun sözlərinə görə, Azərbaycan alternativ və bərpa olunan enerji məbələrinin inkişafını həm də enerji təhlükəsizliyinin vahid hissəsi kimi qəbul edir: "Bu baxımdan, Azərbaycanın bütün bölgələrini əhatə edən davamlı enerji mənbələrinin xəritəsi hazırlanıb. Görülmüş işlər nəticəsində davamlı enerji mənbələrinin faizi orta hesabla 17%-ə çatdırılıb". 
N.Yusifbəyli bildirib ki, davamlı enerji məbələrinin inkişafı üçpilləli şəkildə həyata keçirilir: "Bu üç pillə kiçik, orta və böyük güclü enerji mənbələrindən ibarətdir. Kiçik həcmli altermativ eneri mənbələri "1 ev, 1 elektrik stansiyası" konsepsiyasına əsaslanır, orta güclü mənbədə əsasən hibrid tipli stansiyalar nəzərdə tutulur və böyük güclü mənbəyə sistem əhəmiyyətli enerji mənbələri daxildir". 
O, çıxışında Azərbaycanda 2011-ci ildə istifadəyə verilmiş 3 növ enerji mənbələrini özündə ehtiva edən Qobustan hibrid elektrik stansiyasından danışaraq qeyd edib ki, bu stansiyanın xüsusiyyəti ondan ibarətdir ki, bu tip konsepsiyanı tətbiq etməklə alternativ enerji məbələrinin böyük enerji sistemə inteqrasiyası kifayət qədər asanlaşdırılıb. N.Yusifbəyli əlavə edib ki, bu konsepsiya yük qrafiklərinin doldurma əmsalının 12-14% artırılmasına imkan verib. Onun sözlərinə görə, bu tip stansiyaların növbəti illərdə Azərbaycanın bütün bölgələrində yaradılması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanin-butun-bolgelerinde-hibrid-tipli-elektrik-stansiyalari-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR