Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı? - FOTOLAR

Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı? - FOTOLAR
15:08 20 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən diqqətlər Berlinə yönəlmişdi. Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya dördlüyü”nün liderləri – Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko növbəti dəfə bir masa ətrafına yığışdılar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, liderlər görüşdən sonra müzakirələrin nəticələri barədə fikirlərini bildiriblər.

Liderlər

Beş saatdan çox davam edən görüşdən sonra Pyotr Poroşenko qeyd edib ki, noyabrda Minsk razılaşmalarının icrası üzrə “Yol xəritəsi” uyğunlaşdırılacaq. Bundan başqa, “dördlük” Donbas ərazisinə ATƏT-in sülhməramlılarının yerləşdirilməsi üçün hazırlığa başlayacaq.

Merkel bildirib ki, tərəflər “Yol xəritəsi”nə daxil edilməli olan Donbasın xüsusi statusunu müzakirə ediblər. Kansler ümid edib ki, bu sənəd Ukraynanın şərqində yaranan münaqişənin nizama salınması üzrə Minsk prosesini dalandan çıxarmağa kömək edəcək.

Putin isə öz növbəsində deyib ki, tərəflər ATƏT-in missiyasını genişləndirilməsi, həmçinin qoşunlar və ağır texnikanın təmas xəttindən aparılması barədə razılaşıblar. Rusiya liderinin sözlərinə görə, görüşün bütün iştirakçıları böhranın Minsk razılaşmaları əsasında nizama salınmasının vacib olduğuna dair razılaşıblar.

Prezident həmçinin qeyd edib ki, görüşün iştirakçıları vaxtının çoxunu təhlükəsizlik məsələlərinə ayırıblar. “Amma təəssüf ki, burada müvəffəqiyyət əldə etmək mümkün olmadı”, - Putin bildirib.

Ekspertlər nə düşünür?

Politoloq Oleq Bondarenkonun fikrincə, indiki görüş, ola bilər ki, Poroşenko üçün Donbas münaqişəsini həll etmək üçün son şans idi. Ekspertin sözlərinə görə, Poroşenko Ukraynanın federasiya halına salınması prosesindən qorxur. Amma Oleq Bondarenko hesab edir ki, bu proses artıq başlanıb.

Beynəlxaql məsələlər üzrə ekspert Andrey Buzarov hesab edir ki, görüş danışıqlar prosesinin təqlidi idi. Onun sözlərinə görə, reallıqda hamı anlayır ki, Rusiya və Ukrayna münaqişənin nizama salınması üzrə güzəştə hazır deyillər: “Tərəflərdə razılaşmaq arzuları yoxdur”.

Öz növbəsində, Hərbi-hüquqi Tədqiqatlar mərkəzinin direktoru Aleksandr Musienkonun fikrincə, elə təəssürat yaranır ki, görüş Suriya problemini danışmaq üçün daha çox Ollanda lazım idi.

Onun sözlərinə görə, Donbas münaqişəsi bir anda Kiyevin xeyrinə həll edilməyəcək.

“Təsdiq etmək olar ki, Ukrayna öz mövqelərini güzəştə getmədi və görüşün digər iştirakçılarının təzyiqləri ilə razılaşmadı. Proses uzunmüddətli olacaq, buna hazırlaşmaq lazımdır”.

Güzəştlər tapmaq isə çətindir. Ukrayna elitasının əksəriyyəti hesab edir ki, hətta Donbasın de-yure Ukraynanın tərkibində olması da onu Rusiyanın təsir obyekti olmasından çıxarmayacaq. Görüşün başlanğıcını müşahidə edən jurnalistlər iddia edirlər ki, Rusiya və Ukrayna prezidentləri bir-birinin əllərini sıxmadılar. Putin zala daxil olanda Poroşenko artıq masanın arxasında idi və o, qalxmadı.

Ancaq, rəsmi Kiyev sərt ritorikaya baxmayaraq, Minsk razılaşmalarına alternativ olmadığını anlayaraq Rusiya ilə danışıqları davam etdirir. Moskva Kiyevdən konstitusiyaya düzəlişlərin ən sürətli şəkildə edilməsini istəyir. Konstitusiyaya düzəlişlər Donbasın hüquqi statusunu da müəyyən etməlidir. Kiyev isə öz növbəsində Moskvadan Rusiya-Ukrayna sərhədi üzərində nəzarətin qaytarılmasını tələb edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR