“Azərsu” yeni elektron xidmət istifadəyə verib

“Azərsu” yeni elektron xidmət istifadəyə verib
15:09 20 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

 “Azərsu” ASC tərəfindən sayca 7-ci - “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" elektron xidmətinin göstərilməsinə başlanılıb.

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən rəsmi formada elektron qaydada müraciət edə biləcəklər. Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən autentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidir. Növbəti mərhələdə "Azərsu" ASC-nin təqdim etdiyi xidmətlər arasında "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməlidir. Kod yoxlanıldıqdan sonra abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadıqda "Daxil edilən kod düzgün deyil" xəbərdarlığı verilir.

Müraciətin qeydiyyata alınması üçün vətəndaş açılan pəncərədə müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və e-mail ünvanı və s. daxil etməlidir. Bundan sonra "Müraciət et" düyməsi seçilir və ekranda "Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik" məlumatı qeyd edilir. (Müraciət qaydası barədə ətraflı məlumat www.e-gov.az portalında yerləşdirilmişdir).

Müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.

Qeyd edək ki, “Azərsu” ASC hazırda əhali və qeyri-əhali qrupları daxil olmaqla 1402436 abonentə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Abunəçilərin 903719-u və ya 64,4 faizi sayğacla təmin olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR