Rinqdə şirə dönən ana uşağı - “Bədənim mənim biznesimdir”

Rinqdə şirə dönən ana uşağı - “Bədənim mənim biznesimdir”
16:03 20 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

“O, mənim qulağımı dişləyəndə şoka düşmüşdüm. Heç vaxt belə şey görməmişdim. Rinqdə səni kəlləylə və ya dirsəklə vura bilərlər. Ancaq boksda qulaq dişləmək qəbulolunmazdır”. İdman, əsasən də boks həvəskarları söhbətin kimdən getdiyini yəqin anladı. “Onlar indi haradadır” rubrikasının budəfəki “qonağı” boks tarixində özünəməxsus yeri olan, bu yolda hətta qulağının bir hissəsini qurban verən “Döyüşçü” ləqəbli Evander Holifilddir.

4 qat dünya çempionu

Evander Holifild həvəskarlar arasında dünya çempionu və 23-cü yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, habelə Peşəkarların WBC, IBF, WBA və WBF versiyaları üzrə keçmiş dünya çempionudur. Holifild yeganə idmançıdır ki, peşəkar boks tarixində ağır çəkidə 4 qat dünya çempionu adına layiq görülüb. Bununla yanaşı, o, ağır və super ağır çəkidə mütləq dünya çempionu olub.

Evander 1962-ci il oktyabrın 19-da ABŞ-ın Alabama ştatına məxsus kiçik Atmor şəhərciyində çoxuşaqlı ailədə dünyaya göz açıb. Ailənin səkkizinci övladı – sonbeşiyinə qarşı hamının xoş rəftarı ərköyünlüyün təməlini qoyub. Hər şeyə burnunu soxan balaca Evander əlindən çıxan xətaya görə cəzalanmırdı. Nənəsi illər sonra onun uşaqlığını belə xatırlamışdı: “Şeytan səndən uzaq olsa da, onu Evander əvəzləyirdi”.

4 yaşı olanda Holifildin ailəsi Corciya ştatının Atlanta şəhərinə daşındı. Elə gələcəyin dahi boksçusunun möhtəşəm karyerası da məhz buradan başladı. Evander uşaq yaşlarından yumruq atmağa meylli olub. Hələ yeniyetmə vaxtlarında dəfələrlə bir neçə mötəbər turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həvəskar idmanda ən yüksək nəticəsi dünya çempionu və Los Ancelesdə keçirilən yay olimpiya oyunlarında gümüş medal qazanması olub.

Uduzanda həvəsdən düşməyib

Holifild 1984-cü ildən peşəkarlar arasında özünü sınamağa başlayıb. 75 kiloqram çəkidə o, ilk döyüşünü həmyerlisi Skver Medisona qarşı keçirib. 6 raunddan ibarət olan qarşılaşmada Holifild qalib gəlib. Bir il sonra Evander 6 reytinq döyüşünə çıxıb ki, onların da hamısında qələbə qazanıb. Onun ən çətin və ağır döyüşü 1986-cı ildə Duayt Muhammed Kaviyə qarşı olub. 12 raunddan ibarət döyüşdən hakimlərin rəyinə əsasən, Muhammed qalib ayrılıb. Bu yarışdan sonra Holifild bir müddət xəstəxanada müalicə almalı olub. Zədələri o qədər ciddi olub ki, 10 kilo arıqlayıb. Buna baxmayaraq, Holifild həvəsdən düşməyib və məşqlərini davam etdirib.

1988-ci ildə o, ağır çəkidə mütləq çempion adı uğrunda mübarizə aparıb. Rəqibi isə italyan Rikko Pakki idi. 8 raund davam edən qarşılaşmada Evander rəqibindən üstün olub. Və ağır çəkidə mütləq dünya çempionu adına layiq görülüb. Bu döyüşdən sonra “Cəngavər” super ağır çəkidə mübarizə aparmaq qərarına gəlib. Evander bu çəkidə də öz sözünü deyə bilib. Bir neçə döyüş keçirən boksçu, bütün rəqiblərinin öhdəsindən layiqincə gələ bilib. 1988-ci ilin dekabrında Holifild keçmiş çempion Pinklon Tomasla qarşılaşıb. Bu döyüşün ilk raundlarından dəri əlcək ustasının üstünlüyü diqqət çəkib. Evander Holifild rəqibi rinqin küncünə sıxaraq güclü zərbələr vurub. Və hakim dərhal görüşü saxlayaraq yarışın davam etdirilməsinə imkan verməyib.

Fiziki və texniki cəhətdən yüksək hazırlıqlı olan Evander bir il sonra WBC versiyası üzrə döyüşə çıxıb. Bu dəfə o, keçmiş dünya çempionu Maykl Dukasla üz-üzə gəlib. İlk raundun əvvəlindən hər iki boksçu sürətli zərbələrə üstünlük verib. Amma Holifild rəqibdən daha dəqiq olub və 10-cu raundda Maykl Dukası rinqə sərib. Qeyd edək ki, bu görüş “ilin döyüş”ü stasunu alıb.

1990-cı ildə təşkilatçılar Evander Holifild və Mayk Taysonun super döyüşünün keçirilməsini planlaşdırırlar. Amma həmin ərəfədə Taysonun Ceyms Duqlasa məğlub olması bütün planları alt-üst edir. Həmin il Duqlas mütləq dünya çempionu adına layiq görülür. Bir müddət sonra Duqlas “Dəmir Mayk”la revanş görüşündən imtina edir. Və onun növbəti rəqibi Evander Holifild olur. 1990-cı ilin oktyabrında super ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüş keçirilir. Çəkisini 133 kiloqramdan, 113 kiloqrama salan Duqlasın döyüşə bilməyəcəyini mütəxəssislər əvvəlcədən bilirdilər. İlk iki raundda kəskin zərbələr vuran Evander üstünlüyünü büruzə verir. Artıq üçüncü raundda referi nokaut vəziyyətini qeydə alır. Nəhayət, çoxdan gözlənilən Holifild - Tayson döyüşü gerçəkləşir.

1996-cı ilin noyabrında keçirilən qarşılaşmada mütəxəssislər və azarkeşlər Mayk Taysonun qalib gələcəyini düşünürdülər. Amma bunun tam əksi oldu. Holifild ilk raunddan başlayaraq üstünlüyə yiyələndi. Tayson rəqibin zərbələri qarşısında acız qaldı və 11-ci raundda hakim döyüşü saxlamalı oldu. Bununla da Evander Məhəmməd Əlidən sonra bütün versiyaların qalibi olan ikinci boksçu kimi tarixə düşdü.

Bir il sonra Mayk Tayson və Evander Holifildin 2-ci döyüşü keçirildi. Qeyd edək ki, bu qarşılaşmanı idman sarayında 16 min azarkeş izləyirdi. Tayson bu dəfə məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, istəyinə çata bilmədi. 3-cü raundda Holifildin zərbələrinin qarşısını almağı bacarmayan Tayson hirsini onun qulağını dişləməklə çıxardı. Bu hərəkətə görə cəzaya məruz qalan Tayson yarışdan uzaqlaşdırıldı. Bu qarşılaşmadan sonra Evander Lennoks Luis, Con Ruis, Hasim Rəhman və Nikolay Valuyevlə üz-üzə gəlib. Bu döyüşlərdə yalnız ingilis Lennoks Luisə məğlub olub. Xatırladaq ki, Holifild peşəkar karyerası ərzində keçirdiyi 44 döyüşün 29-nu nokautla, 2-ni heç-heçə, 10-nu isə məğlubiyyətlə başa vurub.

Karyerasının bundan sonrakı mərhələsində yaddaqalan ciddi uğur olmadı. Beləcə boks səhnəsini sakitcə tərk edən Holifild hazırda həyat yoldaşı Cenislə birlikdə xeyriyyə təşkilatı yaradaraq, gənclərin mənəvi, sağlam və savadlı inkişafına xidmət göstərirlər. Dahi boksçunun 9 övladı var. Onun haqda bu qədər. Evanderin həyat hekayəsini və həyata baxışını bir də onun öz dilindən oxuyun.

Ona bircə zərbə endirdim, ikiqat qaldı

Həyat – səbrdir. Səbr et, işlə və şansını gözlə.

18 yaşına kimi ağrıdan dəhşət qorxurdum. İnsanlar məni həmişə ürəkli, qorxmaz təsəvvür edib. Nə bilsinlər ki, mən ana uşağı olmuşam.

Ailənin 9-cu uşağı olmuşam. O birilər hamısı məndən sağlam və güclü idi. Məcbur olub döyüşməyi öyrəndim.

8 yaşından boksla məşğul olmağa başlamışam. Ilk döyüşümdəcə kubok qazanmışam. Premium Reyçer adlı oğlanla döyüşürdüm. Ona bircə zərbə endirdim, ikiqat qaldı. Ağlamağa başladı və döyüş dayandırıldı.

Bir dəfə biri mənə dedi ki, sən ağır çəkidə dünya çempionu ola bilərsən. Dedim ki, mənim axı 8 yaşım var. O dedi: “Həmişə 8 yaşda qalmayacaqsan ki”. Ona inandım, çünki bir həftə sonra 9 yaşım oldu. Elə o zaman qarşıma dünya çempionu olmaq məqsədi qoydum.

Atamı ilk dəfə 21 yaşım olanda görmüşəm. Artıq milyonçu idim və ona ehtiyacım yox idi.

O, mənim qulağımı dişləyəndə şoka düşmüşdüm. Heç vaxt belə şey görməmişdim. Rinqdə səni kəlləylə və ya dirsəklə vura bilərlər. Ancaq boksda qulaq dişləmək qəbulolunmazdır. Düzdür, onu elə həmin gün bağışladım. Çətin olsa da, bu qərarı doğru sayıram.

Anam məni gündə 3 dəfə döyərdi. O zaman onun haqqında düşüncələrim pis idi. Böyüdükcə anladım ki, anam məni döyməsəydi, mən də Tayson kimi ya həbsxanaya düşəcəkdim, ya da vaxtından əvvəl məzara girəcəkdim.

Taysona böyük simpatiyam var. İstəyir ki, cəmiyyət onu normal insan kimi qəbul etsin. Ancaq o qədər pisliklər edib ki, insanların yadından çxmır. Təəssüf ki, Maykın mənim anam kimi anası olmayıb.

Balaca olanda düşünürdüm ki, kişi sərt olmalıdır, təslim olmamalı, ağlamamalı və acıya dözməlidir. Böyüyəndən sonra gördüm ki, fikirləşdiyim qədər soyuqqanlı olmaq mümkün deyil.

İllərlə məşq edəndən sonra çempion olmasan belə, təəssüflənməyə dəyməz. Çünki sən yaxşı iş görmüsən.

Baster Duqlas üzərində qələbədən sonra (1990-cı il oktyabrın 25-də Holifild 3-cü raundda Duqlası nokauta göndərməklə ilk çempionluq titulunu qazanıb) bildim ki, həmişə məni aldadıblar. Mənə “Səndə alınmayacaq, hələ uşaqsan” deyirdilər. Bu qələbədən sonra rahat nəfəs almağa başladım.

Allah əlini əlinin üstünə qoyub oturan adama kömək edə bilməz. Sən də hərəkət etməlisən, özünü oda-közə vurmalısan.

Rinqdə uzun illər keçirən birisi mənim yaşımda daha zəif rəqib seçər. Ancaq mən təkəbbürü boğa bilməyib zədəli çiyinlə Kris Berd və ya Larri Donald kimi “möhkəm ağac”ları yenmək arzusuna düşdüm. Onlar isə məni göydən yerə endirdilər.

Bədənim mənim biznesimdir.

Boksda yanacaqdoldurma stansiyası yoxdur. Benzin bitdisə, vəssalam.

Hansısa məqamda başa düşürsən ki, problem dərinin rəngində deyil.

Uşaq vaxtı danışığıma fikir vermirdim, onsuz da ətrafımdakılar məni belə də başa düşürdü. Bir dəfə kimsə mənə dedi ki, “Səni televizorda gördüm. Danışanda fellərin axırını niyə yeyirsən?” Bundan sonra dərs almalı oldum.

Bəzilərinə elə gəlir ki, pul çoxdursa, qanun boş şeydir. Ancaq bu, belə deyil.

Hər yaxşı insanın arxasına mükəmməl ana dayanır.

Səhvi dərhal düzəltmək olur. Ancaq vərdişlə uzun müddət mübarizə aparmalı olursan.

Davada necə qalib gəlmək olar? Ən yaxşısı başını aşağı salıb öz yolunla getməkdir. Çünki davanın necə nəticələnəcəyini heç vaxt əvvəlcədən bilmək olmur.

Pərviz Hikmət



















Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR