Gündə nə qədər “yol pulu” xərcləyirsiniz? – SORĞU

Gündə nə qədər “yol pulu” xərcləyirsiniz? – SORĞU
16:08 20 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

ACT Azərbaycan 11-14 sentyabr tarixlərində Bakı şəhərində ictimai nəqliyyatlarla bağlı sorğu keçirib.

Publika.az həmin sorğunu təqdim edir:

Rəyi soruşulan respondentlər arasında avtobus digər nəqliyyat vasitələrinə nisbətən daha populyardır (49%). İkinci pillədə şəxsi avtomobillər qərarlaşıb (29%). Metro üçlüyü 13 % səslə tamamlayır. Taksi xidmətindən yararlananlar sorğuda 4 % təşkil edib. Şəhərdə dost-tanışının avtomobili ilə hərəkət edənlər 2 % səs toplayıb. Eyni faiz göstəricisi piyada gəzməyə üstünlük verənlərə də aiddir. 1% respondent isə xidməti maşından yararlanır.

Gündəlik müxtəlif ictimai nəqliyyatdan istifadə edən respondentlərin nəqliyyat xərclədikləri də bir-birindən fərqlənir. Sorğuda iştirak edənlərin 35%-in gündəlik nəqliyyat xərci 1 AZN-ə bərabərdir. Xərci iki dəfə çox çıxanlar 16%-dir. Yollara gün ərzində 3 AZN pul ödəyənlər sorğuda 5 % təşkil edirlər. 11 % isə bir iş günü ərzində ictimai nəqliyyata 5 AZN xərc çəkir. 3 % respondent isə yol xərci üçün 6 AZN-dən keçməli olur. Respondentlərin ən səxavətliləri isə bir gün ərzində ictimai nəqliyyata 10 AZN xərcləyirlər (4 %).

Bakı şəhərinin ümumi nəqliyyat durumundan narazı olanlar sorğuda 38 % təşkil edir. 56 % isə nəqliyyat sistemində hər hansı problem görmür.

Respondentlərdən soruşulan növbəti sual Bakı şəhərində ictimai nəqliyyatda hansı dəyişikləri arzuladıqları ilə bağlı olub. Rəyi soruşulanların 34 %-i bütün avtobusların kart sisteminə keçirilməsinin tərəfdarı olduğunu bildirib. 33 % respondent avtobuslarda, 20 % isə metro qatarlarında kondisionerlərin quraşdırılmasını təklif edib. 6 % respondentin nəqliyyatla bağlı arzusu bütün avtobusların “Baku Bus” sisteminə keçirilməsidir. Sürücülərin daha etik davranması (5 %) və avtobus salonlarının təmiz olması (4 %) da respondentlərin istəkləri sırasına daxildir. Avtobusların sayının artması (4 %), onların yenilənməsi (4 %) və sürücülərin normadan artıq sərnişin götürməməsi (4 %) sorğuda eyni bal toplayıb. Sürücülərin nəqliyyat vasitələrini yalnız dayanacaqlarda saxlaması, intervallara əməl etmələri, sürücü və sərnişinlərin mədəniyyətlərinin artması da eyni faiz respondentin arzusudur (3 %). Metro qatarlarında və avtobuslarda pulsuz WI FI istəyənlər də 3 % təşkil edir. İctimai nəqliyyatda oturacaqların sayının azlığından və qiymətlərin baha olmasından narazı olanlar 2 %-dir. Keçmiş günlərin nostalgiyası ilə yaşayanlar və tramvayların bərpasını arzu edənlər isə sorğuda 2 % səs toplayıb.

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Mənbə: https://www.facebook.com/ACTAZE

Dilrubə Vaqifzadə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR