Bir müddət əvvəl Sumqayıtda 5-ci mərtəbədən yıxılan azyaşlının həyatının həkimlərdən biri tərəfindən xilas edilməsi hamının böyük marağına səbəb oldu. Demək olar hər kəs tibb işçisinin bu fədakarlığını alqışladı. Təbii ki, bu, alqışlanası, təqdir ediləsi addım idi. Bəlkə də daha çox alqışlanası hal insanların həyatının heyvanlar tərəfindən xilas edilməsidir. Özü də bunun bəzi hallarda yırtıcılar tərəfindən olunduğunu eşitdikdə heyrətini gizlədə bilmirsən.
Publika.az heyvanların xilas etdiyi insanlarla bağlı faktları təqdim edir.
Yırtıcı aslanların 4 oğru tərəfindən oğurlanmış məktəbli qızın həyatını xilas etmələri Efiopiyada baş verib. Belə ki, cinayətkarlar məktəbdən evə gələn 12 yaşlı qızı oğurlayıblar. Bundan bir neçə həftə sonra oğruların gizləndiyi yerə 3 şir hücum edir. Onlar qızı qoyub qaçırlar. Yırtıcılar isə məktəbliyə toxunmur. Bununla da məktəbli xilas edilir.
Mütəxəssislər hesab edir ki, aslanlar ağlayan qızın səsini miyovuldayan şir balasına bənzətdiklərindən ona toxunmayıblar.
Ürəktutması olan Co Enn Altsman 1998-ci ildə Pensilvaniyada (ABŞ) dincələrkən gözlənilmədən huşunu itirir. Onun Lulu ləqəbli yekəqarın donuzu sahibinin həyatının təhlükədə olduğunu hiss edir. Heyvan həyətdən küçəyə çıxaraq yolda uzanır. Lulunun bu hərəkəti bir nəfərin diqqətini cəlb edir və o heyvanın dalınca evə gəldikdə Co Enn Altsmanın hərəkətsiz uzandığını görən kimi təcili yardıma zəng vurur. Bununla da Altsmanın həyatı xilas olunur.
Naməlum şəxs Oksfordda (Ohayo ştatı) şənlik məclisindən evə qayıdan gənc qadına gözlənilmədən hücum edir. O, qadını yaxınlıqdakı evlərdən birinə dartır, çantanın qayışıyla boğmağa çalışır. Elə bu an yaxınlıqdakı kolda olan maral oğrunu qorxudur. Cinayətkar qaçmağa başlayır. Şok vəziyyətdə olan qadın yenidən şənlik məclisinə qayıdır və polisə zəng vurur.
Kembricdə (Britaniya) yaşayan Saymon Stiqel hələ uşaq yaşlarından diabetdən əziyyət çəkir. Bir dəfə televizor qarşısında əyləşən Saymon gözlənilmədən komaya düşür. Bu zaman onun ev dovşanı Dori sahibinin səhhətinin pisləşdiyini hiss edir. Heyvan sahibinin sinəsinin üstünə çıxaraq atılıb düşməyə başlayır. Saymonun həyat yoldaşı Viktoriya heyvanın qeyri-adi hərəkətindən təəccüblənərək onlara yaxınlaşdıqda hər şey qadına aydın olur. Dərhal evə həkimlər çağırılır.
Azyaşlını təngnəfəslikdən xilas etmiş Uilli ləqəbli tutuquşu bu hərəkətinə görə Qırmızı Xaçla mükafatlandırılıb. Evdə səhər yeməyi yeyən Xananın boğulduğunu hamıdan birinci tutuquşu görür və dərhal qanadlarını həyəcanla bir-birinə vurmağa başlayır. Tutuquşunun qışqırıqları onun sahibəsini və dayəni təşvişə salır. Onlar dərhal azyaşlını xilas etməyə atılırlar.