"Buna görə qapıya "düşə" bilmədim"

"Buna görə qapıya "düşə" bilmədim"
10:05 21 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirən "Qarabağ" PAOK-la qarşılaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci hissədə vurduğu qollar sayəsində Yunanıstan təmsilçisinə qalib gələn və qrupda ilk 3 xalını bayram edən təmsilçimizin yarımmüdafiəçisi Muarem Muarem jurnalistlərə müsahibəsi zamanı sualları cavablandırıb.

- Oyun gözlədiyiniz kimi keçdi?
- Matçın bu cür axarda baş tutacağını təxmin etmişdik. Oyun bizim üçün çox əhəmiyyətli idi. Şükürlər olsun ki, qələbə ilə başa vurduq. Düzdür, qol vurmaq üçün mənim də şansım oldu, təəssüf ki, istifadə edə bilmədim. Eybi yox, növbəti matçlarda bunu sığortalayarıq. Əsas 3 xal qazanmaq idi, bacardıq.
 
- Səfərdə necə, bu nəticəni təkrarlamaq mümkün olacaq?
- Əlbəttə, biz hər zaman qələbə qazanmaq üçün mübarizə aparırıq. Ən pis halda uduzmamaq üçün oynayacağıq.
 
- Ot örtüyü oyununuza mane olmurdu?
- Top çox qalxırdı. Çünki ot hələ yenidir.
 
- "Göteborq"la oyundakı kimi idi?
- Yox, bu dəfə fərqli idi.
 
- 10-cu dəqiqədə fərqlənmək şansını qaçırdınız. Nə baş verdi, epizod zamanı?
- Top gələn zaman sağ ayağımla vurmalı idim, amma sol ayağım işə düşdü və dabanımla vurdum. Buna görə də qapıya düşə bilmədim. Yaxşı ki, ikinci hissədə qollar vurduq və qələbə qazandıq.
 
- Qolların gec vurulması gərginlik yaradırdımı?
- Həm oyundan əvvəl, həm də matç zamanı bir-birimizə güvənirdik. Oyun haqda ancaq pozitiv şeylər danışırdıq. Bəlkə də buna görə Allah da bizə yardım etdi.
 
- Rəqibi daha yaxından tanıdınız. Səfərdəki oyun üçün nəyi dəyişmək lazımdır?
- Daha yaxşı oynamalıyıq. Çünki səfərdəki oyunda rəqib daha çox hücum etməyə çalışacaq. Ona görə biz daha diqqətli olmalıyıq.
 
- 70-ci dəqiqədən sonra oyunu meydanın rəqibə aid hissəsində keçirsəniz də, qapıya yaxınlaşmaq istəmirdiniz. Bu nədən irəli gəlirdi?
- 90-cı dəqiqəyə qədər diqqətli olmalı idik. Çünki baş məşqçimiz bizə belə demişdi. Ola bilər, oyun ərzində çoxlu qol epizodu yaradasan, amma "çərçivə"yə düşməyəsən. Ona görə ehtiyatı əldən vermək olmazdı. Bizim də öz düşüncəmiz var. Kənardan necə görünür, onu bilmirəm.
 
- Heyətdə zədəli futbolçular vardı. Onların yoxluğu hiss olunurdumu?
- Hiss olunurdu. Amma çalışdıq ki, bir-birimizi sığortalayaq. Rahid oynadı, qol vurdu.
 
- Rəşad Sadıqov da iynə gücünə meydana çıxmışdı...
- Rəşad oynayan zaman müdafiədə bir güvən əldə edirik. O, komandanın ən təcrübəli oyunçusudur. Onun bu gün zədəli olduğu hiss olunmadı. Kapitan yenə işini gördü.
 
- "Qarabağ" bu qrupdan çıxmağa borcludurmu?
- Bu matçı uduzsaydıq, şansımız azalacaqdı. Bu qələbə ümidimizi artırdı. Niyə də olmasın? Sona qədər mübarizə aparacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR