Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Misaki
Milli”dən danışandan sonra “Böyük Türkiyə Xəritəsi” yayılıb.
Publika.az xəbər verir ki, Ərdoğan “Türkiyəni
1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik
varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”
deyə bildirib.
O, “Misaki Milli” hədəflərini qoruya bilmədiklərini açıqlayıb:
“20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə
gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə
bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir
anlayış vardır. Bu, səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də
cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik.
Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər.
Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi,
zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə
həbs etmə anlayışıdır”.
Türkiyə prezidentinin bu açıqlamasından sonra yayılan xəritə
yunanları, eləcə də erməniləri qorxuya salıb.
“Böyük Türkiyə Xəritəsi”ndə ən diqqət çəkən məqamlardan biri
Ermənistan ərazisinin yarıya qədər kiçilməsi və Dağlıq Qarabağın
tamamilə azad olunaraq, Azərbaycan tərkibinə qaytarılmasıdır.
Qeyd edək ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar
1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul
edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu
ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında
müəyyən olunub.
“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə
yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın
Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası,
Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.
Asif