GMO-suz GMO: Elmdə yenilik

GMO-suz GMO: Elmdə yenilik
15:33 21 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin sentyabr ayında dünya aqrobiznes bazarında mühüm hadisə baş verib. Belə ki, Alman firması olan “Bayer”, ABŞ-dan olan rəqibi “Monsanto” ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu razılaşma GMO ilə mübarizədə əhəmiyyətli bir hadisə kimi dəyərləndirilir. Onların təklif etdiyi yeni məhsul GMO-suz GMO adlandırılır.

Ən soyuq ölkələrdə belə qışın şaxtalı günlərində mağazalarda təzə pomidor tapmaq olur. Onlar çox cəlbedici görünür. Ancaq uzun müddət soyuducuda saxlanıldığına görə dadı heç də yaxşı olmur. Çünki bu pomidorların rəflərdə qalması üçün heyvandarlıq laboratoriyalarda seleksiya yolu ilə istehsal edilir. Amma seleksiya prosesində vurulan gen məhsulun dadına birbaşa təsir göstərir. Nəticədə qışda dadlı pomidor tapmaq mümkün olmur.

Lakin təklif olunan yeni üsulla isə iki növün ən yaxşı xüsusiyyətləri cəmləşdirilir və daha dadlı pomidor əldə edilir. Bu fantastik deyil. Artıq tətbiq edilir və aqro-sənayenin inkişafına imkan yaradır.

Əslində insanlar illərdir seleksiya ilə məşğul olur. Lakin heyvan genlərindən istifadə edilərkən hər zaman istənilən nəticə əldə edilmir. İndi bitkilərdən DNT-nin transfer edilməsi üsulu ilə yeni genetik modifikasiya olunmuş məhsul əldə edilir ki, bu da genetik mühəndislik baxımdan mühüm hadisə hesab olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a GMO-suz GMO barədə məlumatının olmadığını deyib. O deyib ki, adında GMO olan bir məhsulun GMO-suz olması inandırıcı deyil: “Hər hansı heyvan geni bitkiyə vurulubsa, onun hansı üsulla aparılmasından asılı olmayaraq GMO adlandırılır. Lakin seleksiya üsulundan istifadə edilib, yeni bitki növləri əldə etmək olar. Bu artıq GMO olmur. Bu üsuldan əvvəllər də istifadə edilib. GMO-nun mahiyyətində özünə məxsus olmayan geni daşımasıdır, bu üsulda isə yeni bitkinin daşıdığı gen özünəməxsus olur. Seleksiya yolu ilə GMO-lu məhsullar kimi uzun ömürlü və daha çox məhsuldarlığın əldə edilməsi müsbət xüsusiyyətdir”.

Onun sözlərinə görə, heyvan geni vurulmadan əldə olunan uzun ömürlü bitkilər GMO-ilə mübarizədə uğurlu addım hesab edilə bilər: “Bu gün GMO-ya qarşı böyük bir hərəkat başlayıb. Hər dəfə GMO istehsalçıların məhsullarının əhəmiyyətini vurğulamaq üçün ərzaq ehtiyacının ödənilməsində alternativ üsulun olmadığını deyirlər. Mən təbii gübrələrlə də becərilən bitkilər bolluğunun mümkünlüyünü təklif etmişəm. Dediyiniz təklif də GMO-ya qarşı alternativ ola bilər. Artıq bununla GMO istehsalının dünyada geriləyəcəyini deməkdir”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bu gün biotexnoloji laboratoriyalarda aparılan araşdırmalarla bu cür bitkilərin əldə olunmasını istisna etmədiyini deyir: “Həmin laboratoriyalarda bir bitkinin müsbət əlamətlərini digər bitkiyə əlavə edirlər. Bu cür seleksiya yolu ilə, hibrid alınması ilə əldə edilən məhsul geni dəyişdirilmiş hesab olunmur. Məsələn, bir pomidor uzun daşınma üçün dayanıqlıdır, digərinin isə dadı yaxşıdır. Bu iki pomidorlardan seleksiya prosesində köçürmə aparılır. Əldə olunan məhsul həm dadlı, həm də uzun müddət dayanıqlı olur. İnsanların qidaya olan tələbatının artmasını nəzərə alaraq bütün dünya biotexnoloji laboratoriya ilə işləyir. Bu laboratoriyalarda əldə olunan məhsul insanların gələcəkdə bitki və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə xidmət edir. Bu prosesin məqsədli olmalıdır və uyğun genlərin əlamətlərindən istifadə olunmalıdır”.

İ.Cümşüdov hazırda taxıl bitkiləri, meyvə və tərəvəzçilik sahəsində ölkəmizdə də bu üsullardan istifadə edildiyini deyib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR