Azərbaycanda xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiqi ediləcək

Azərbaycanda xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiqi ediləcək
16:17 21 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
"Report"un xəbərinə görə, sənəddə bildirilir ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir. Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb.
Sənədə əsasən, Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək.
Fərmana əsasən, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunub.
Nazirlər Kabinetinə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-xarici-donorlar-terefinden-qrantlarin-verilmesi-prosedurunda-bir-pencere-prinsipi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR