Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib.
11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə
döyüb. Hadisənin təfərrüatları isə belə olub:
Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət
edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə
getmiş atasını təhqir edib.
Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona
ciddi fiziki xəsarətlər yetirib.
Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış,
ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o
cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas
ediblər.
Hadisə mediada ictimailəşdikdən sonra şagirdi tərəfindən vurulduğu
iddia edilən fizika müəllimi Svetlana Əkbərova baş verənlərlə bağlı
açıqlama verərək, mətbuatda yazılanların həqiqəti əks etdirmədiyini
bildirib:
"Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum,
qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı,
çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən
il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda
onu sinifdə saxladıq".
S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir:
"Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır".
Ərzai üzrə Xətai rayon 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı
hər hansı müraciət daxil olmayıb. (moderator.az)