2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF)
Belarusda keçirilməyəcək.
Publika.az məlumatına görə, bu barədə ölkənin Milli Olimpiya
Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov TASS-a açıqlamasında
bildirib.
O, həmin il Minskdə II Avropa Oyunlarının təşkil olunacağını,
EYOF-un isə Avropa Olimpiya Komitələri tərəfindən başqa ölkəyə
həvalə ediləcəyini söyləyib: "Bu festivalı keçirməkdə Azərbaycan
maraqlı olduğunu ifadə edib".
Öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a açıqlamasında EYOF-u
keçirmək fikrində olduqlarını təsdiqləyib: "II Avropa Oyunlarının
Belarusda keçirilməsinə dair qərar verildikdən sonra festivalın
digər ölkədə təşkili variantı yarandı. Biz də öz növbəmizdə belə
bir istəkdə olduğumuzu bildirdik. Hələlik başqa namizəd yoxdur.
Məsələ müzakirə olunduqdan sonra yaxın bir həftə ərzində qərar
qəbul ediləcək".
Qeyd edək ki, indiyədək Azərbaycanda EYOF keçirilməyib.