Azərbaycanda lizinqin inkişafına mane olan səbəblər açıqlanıb

Azərbaycanda lizinqin inkişafına mane olan səbəblər açıqlanıb
14:57 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda lizinq bazarının inkişafına təkan verəcək əsas stimullaşdırıcı amillər, eləcə də onun inkişafını məhdudlaşdıran məqamlar qanunvericilik sahəsində cəmlənib. "Report" xəbər verir ki, bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov bildirib.
Onun sözlərinə görə, bu, ölkə hökumətinin və parlamentinin lizinqin normativ-hüquqi bazasının daimi monitorinq etməsini tələb edir: "Mülki Məcəllənin lizinq fəaliyyətini tənzimləyən müddəalarında mövcud olan boşluqların təftiş edilməsi və ya lizinq haqqında ayrıça qanunun qəbul edilməsi tələb olunur. Məsələn, mövcud sənədlərdə lizinqin tərifi, onun əsas növləri - əməliyyat, maliyyə, geriyə lizinq kimi və s., beynəlxalq lizinq haqqında normalar, lizinq sazişlərinin girov və zaminlik təminatı, sığorta edilməsi və s. məsələlər əksini tapmayıb. Bu da şübhəsiz, lizinq şirkətlərinin fəaliyyətini məhdudlaşdırır".
Bundan başqa, ALŞA rəhbəri qeyd edib ki, Azərbaycanda banklardan və bank olmayan kredit təşkilatlarından fərqli olaraq, lizinq şirkətləri indiyədək Maliyyə Bazarlarına Nəzarət Palatası yanında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulmayıb: "Qanunvericiliyə əsasən, bu şirkətlərə yalnız özəl kredit bürolarının fəaliyyət tələbləri şamil edilir. Şübhəsiz ki, bu, lizinqalanların ödənişləri etməməsi ilə bağlı risklərin qarşısının alınması imkanlarını azaldır. Buna görə də lizinq şirkətləri üçün MKR-ə daxil olma imkanını əldə etmək zəruridir. Fikrimizcə, bank sektorunda problemli kreditlərin artdığı bir şəraitdə belə məlumatların əldə edilməsi üçün MKR-ə qoşulma olduqca vacibdir".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-lizinqin-inkisafina-mane-olan-sebebler-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR