Nizami Cəfərov: “Bəzi aparıcılar təlxəklik edirlər”

Nizami Cəfərov: “Bəzi aparıcılar təlxəklik edirlər”
15:18 22 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan dilinin normaları daha çox televiziya kanalları və radiolar tərəfindən pozulur”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, dilçi alim Nizami Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsinin tətbiq edilməsi barədə təklifinə münasibət bildirərkən deyib.

N.Cəfərov bildirib ki, bununla bağlı Milli Televiziya və Radio Şurası bir neçə dəfə telekanallara xəbərdarlıq edib. Onun sözlərinə görə, ədəbi dil normalarının pozulmasına görə Milli Televiziya və Radio Şurasının telekanalları və ya verilişləri cəzalandırmaq səlahiyyətləri var:

“Bu səlahiyyətləri bir qədər də artırmaq olar. Cərimələrin miqdarını isə gərək mütəxəssislər özü müəyyənləşdirsin. Mən hesab edirəm ki, Milli Televiziya və Radio Şurası televiziya və radio şirkət rəhbərləri ilə müşavirə keçirib, onlara təlimatlar və ya tövsiyələr verməlidir. Doğrudur, indiyədək bu cür müşavirələr keçirilib. Ancaq həmin müşavirələrdə daha çox elmi tövsiyələr verilib. Ancaq həmin televiziya və radiolara hüquqi baxımdan da xəbərdarlıqlar olunmalıdır. Misal üçün, hər hansı televiziya efirinə əxlaqa uyğun olmayan geyimlə çıxan aparıcı olursa, həmin veriliş və ya telekanal cəzalandırılır. Eyni zamanda, televiziya və radio efirlərində dil normalarını pozan verilişlər və teleradio şirkətləri də cəzalandırılmalıdır. Çünki teleradioların cəmiyyətə təsir gücü böyükdür. Burada dil normalarının pozulması təbii ki, cəmiyyətə də mənfi nəticələr verir”.

Deputat qeyd edib ki, hazırda Azərbaycanda yayımlanan radiolarda dil normaları çox kobud şəkildə pozulur:

“Bir sıra radio aparıcıları qüsurlu dillərə üstünlük verirlər, təlxəklik edirlər. Bu isə Azərbaycan dilini hörmətdən salır. Çünki dil səslənməyi ilə qürur verməlidir. Ancaq bəzi radio verilişlərdə bu qürur pozulur. Ona görə də bütün bunlar nəzərə alınmalıdır”.

N.Cəfərov vurğulayıb ki, Möhsün Nağısoylunun təklifində də əsas söhbət dil normalarını rəsmi yerlərdə pozulmasından gedir:

“Yəni, televiziya kanallarında və radiolarda, reklam və elanlarda şüurlu şəkildə dil normaları pozulursa, onlara bir neçə dəfə xəbərdarlıq edilməli, daha sonra isə cərimələr tədbir olunmalıdır. Hətta, bundan sonra onların cəzalandırılması təklifini də irəli sürmüşük. Amma kimsə fərdi qaydada səhvlər edəcəksə, onları cərimələməyin forması hələ ki, mövcud deyil. Çünki fərdi şəkildə insanları danışmasına görə cərimələsək, o zaman insan hüquqları prinsiplərinə zidd olar. Digər tərəfdən isə fərdi şəkildə hər hansı insan məktub yazanda, danışanda dil normalarını pozursa, bu insana nə demək olar? Yəqin ki, bu, savadsızlıqdan irəli gəlir. Ancaq televiziya və radiolarda yayımlanan verilişlərdə, reklamlarda ardıcıl olaraq ədəbi dil normaları pozulursa, müvafiq orqanlar tərəfindən həmin yerlərə ilk növbədə xəbərdarlıq edilməli, əgər sonradan təkrarlanarsa, bu zaman isə cərimələr tətbiq olunmalıdır. Misal üçün, bu gün hər hansı rayonda və ya şəhər istənilən müəssisənin, obyektin üzərində reklamlar və ya elanlar dil normalarına uyğun yazılmayıbsa, yerli İcra Hakimiyyəti tərəfindən həmin yerlərə xəbərdarlıq edilir. Bütün bunlarla bağlı “Dövlət dili haqqında” qanunda da cərimələr nəzərdə tutulub. Ona görə də dövlət dilinin normaları ardıcıl şəkildə pozulduğu təqdirdə, bu, Azərbaycan dilinə qarşı bilərəkdən və ya bilməyərəkdən təxribat hesab olunur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR