Prezident İlham Əliyev: "Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır"

Prezident İlham Əliyev: "Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır"
18:05 22 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk növbədə cənab Prezident, sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz sizinlə bu ayın 10-da İstanbulda Dünya Enerji Konqresində görüşmüşdük. Bu bizim birinci görüşümüz idi.

AZƏRTAC-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Mən Sizi Azərbaycana dəvət etdim. Çox şadam ki, Siz qısa bir müddətdən sonra ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük əhəmiyyəti var. Əminəm ki, səfər Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacaq. Biz istəyirik ki, əlaqələrimizi genişləndirək. Biz istəyirik ki, ikitərəfli formatda çox etibarlı tərəfdaşlıq yaransın. Əminəm ki, buna nail olacağıq. Bizim bugünkü görüşümüzün xüsusi mənası var. Tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün üç sənəd imzalanıb: "Onların arasında əlbəttə ki, Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bu, çox sanballı və dəyərli bir sənəddir. Birgə Bəyannamədə bizim niyyətimiz ifadə olunur. Biz planlarımız haqqında öz niyyətimizi ifadə edirik. Birgə Bəyannamədə gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyən edilir - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, sərmayə qoyuluşu, energetika sahəsində əməkdaşlıq, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması. Yəni, bu sənəddə demək olar ki, bütün əsas istiqamətlər öz əksini tapır. Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaları xüsusilə qeyd etmək istərdim. Bu Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 20 ildən çoxdur davam edir. Bizim beynəlxalq birlik tərəfindən tanınan ərazimizin bir hissəsi işğal altına düşüb. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Onların arasında, əlbəttə ki, BMT-ni xüsusilə qeyd etmək istərdim. BMT-nin həm Baş Məclisi, həm də Təhlükəsizlik Şurası dəfələrlə qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər bu qətnamələr icra edilmir".

Dövlət başçısı deyib ki, digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı oxşar qərar və qətnamələr qəbul etmişlər: "Qoşulmama Hərəkatının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Çünki biz Qoşulmama Hərəkatına yeni üzv olmuşuq. Yəni, Qoşulmama Hərəkatı bizi bir neçə il bundan əvvəl öz ailəsinə qəbul edib və buna görə Sizə minnətdaram. Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə birmənalı mövqe göstərir və münaqişənin ölkəmizin ərazi bütövlüyü əsasında həllini tələb edir. Söz düşmüşkən, bu yaxınlarda - sentyabr ayında Venesuelada Qoşulmama Hərəkatının zirvə görüşünün uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Azərbaycan da bu tədbirdə fəal iştirak edib. Biz bu təşkilatdakı fəaliyyətimizə xüsusi önəm veririk".

Prezident İlham Əliyev vurğulayıb: "Biz bu gün ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Qərara gəldik ki, müvafiq qurumlar hər iki ölkənin ixrac imkanlarını öyrənsin və ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülsün. Venesuelada istehsal və ixrac olunan bəzi malları biz idxal edə bilərik. Həmçinin bizim istehsal etdiyimiz mallar Venesuelaya ixrac edilə bilər. Beləliklə, biz qarşılıqlı ticarətə də dəstəyimizi vermiş olarıq. Biz sərmayə qoyuluşu ilə bağlı həm İstanbulda, həm də bu gün fikir mübadiləsi apardıq. Burada da çox gözəl imkanlar var. Sadəcə olaraq, bizim biznes qurumlarımız müəyyən dərəcədə məlumatsızdırlar. Yəni, nə Azərbaycanın, nə də Venesuelanın iş adamları geniş bilgilərə malik deyillər ki, bizim ölkələrdə hansı imkanlar var, hansı işi görə bilərlər. Bu boşluğu aradan götürmək üçün, əlbəttə, ticarət missiyalarının qarşılıqlı səfərləri də çox müsbət rol oynaya bilər. Bu gün biz cənab Prezidentlə çox geniş və səmimi şəkildə dünyanın enerji bazarında mövcud olan vəziyyəti müzakirə və təhlil etdik. Mən Prezident Maduronun bu sahədə gördüyü işləri, göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Prezident Maduro regiona səfər edir. Bu turda neft hasil edən bir neçə ölkəyə səfər edəcəkdir. Birinci ölkə isə Azərbaycandır. Mən cənab Prezidentə dedim və eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar".

Prezident İlham Əliyev sonra bildirib: "Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni, burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Mən bu münasibətlə Prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək istəyirəm. Prezident Maduro çox böyük səylər göstərir ki, OPEC və qeyri-OPEC hasilatçılarını bu ədalətin bərpa edilməsinə inandırsın. Mən bu missiyaya uğurlar arzulayıram. Azərbaycan artıq öz sözünü deyib. Siz bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və gözləyirik ki, digər ölkələr də oxşar addımlar atsınlar. Bir daha qeyd etməliyəm ki, bu səfərin çox böyük əhəmiyyəti var. Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır. Biz diplomatik əlaqələri 21 il bundan əvvəl qurmuşuq. Ancaq əlaqələrimizin fəal dövrü bu ildən başlayır. Əminəm ki, qarşılıqlı maraqlara, bir-birinə hörmətə əsaslanan bu əlaqələr yaxşı inkişaf edəcək, xalqlarımız bir-birinə daha yaxın olacaq və ölkələrimiz beynəlxalq arenalarda da həmişə bir-birinə dəstək verəcəklər. Cənab Prezident, xoş gəlmisiniz, bir daha Sizə uğurlar arzulayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR