İnsanın şərafətlilik potensialının realizəsi

İnsanın şərafətlilik potensialının realizəsi
19:22 22 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Ötən bəhslərimizdə toxunduq ki, mübarək Qurani-Kərimin məntiqinə əsasən, insanın zatında, mahiyyətində dəyərlilik qoyulmuşdur. Və insanın mahiyyətində mövcud olan bu istedad, bu dəyər onu bütün digər varlıqlardan fərqləndirir. Uca Allah cəmi insanlara bu yüksək dəyərə müvafiq olmağı nəsib etsin, inşəallah!

Şərəfli və hörmətli insan

İnsanda olan dəyərlilik potensialının mövcudluğu barədə Qurani-Kərimin "İsra" surəsinin 70-ci ayəsində birbaşa məlumat var: "Biz Adəm övladını şərəfli və hörmətli etdik".

Amma əfsus ki, insanların heç də hamısı dəyərli və izzətli deyildir. İnsanların hamısının mahiyyətində, insaniyyət durumu baxımından potensial olaraq dəyərli olmaq istedadının qoyulmasına baxmayaraq, bir çox insanlar bu perspektivi dəf edir. Bunu bilərəkdən, yaxud axtarış aparmamaqdan, özünə vücudi suallar verməməkdənmi edir - bu, ayrıca bir məsələdir. Əsas məqam odur ki, insan iradəvi olaraq seçimini edir: ya mahiyyətində qoyulmuş kəraməti, şərafəti, izzəti, dəyərliliyi aşkarlayıb inkişaf etdirir, ya da bu dəyərlərə əhəmiyyət vermir, ötəri, keçib-gedən kateqoriyaların ardınca qaçır, ömrünü-gününü bada verir.

Burada nəzərə alınmalıdır ki, insanın yüksək məqamı, xəlq olunmuşlardan ən dəyərlisi durumuna yetişməsi - nə isə mexaniki, öz-özünə düzələn bir şey deyildir. İstər Qurani-Kərimdə, istərsə də Həzrət Peyğəmbər (s) və Əhli-Beytindən (ə) nəql edilən hədislərdə həm doğru yola dəvət, həm də pis yoldan çəkindirmələr var. Bu dəvət və çəkindirmələr açıq-aşkar surətdə təsdiq edir ki, insanın həyati seçimi onun iradəsindən irəli gələn bir şeydir və insan istəməsə, öz istedad və keyfiyyətlərinin təzahür tapmasına rəvac verməyəcəkdir. Beləliklə, insanın dəyərli və izzətli olması - əldə edilən bir şeydir. Bu, hazır olan deyil, hasil olunan bir kateqoriyadır.

İzzət bəndəlikdən ərsəyə gələr

İzzətin səbəblərinə gəldikdə, dinimiz bunu Allaha itaət etməkdə görür. İslamın məntiqinə görə, kamala yetişmək üçün məhz Mütləq Kamala tapınmaq lazımdır. Bundan əlavə, burada dəqiq mütənasiblik var - itaət şüurlu olduqca, dərinləşdikcə, artdıqca - izzət də artır. Zira, izzətin sahibi - Mütəal Allahdır və bəndələrini əziz qərar verən də Odur.

Buradan belə bir nöqtə meydana gəlir ki, izzəti yaradan, izzəti ərsəyə gətirən amil - bəndəliyin, həqiqi itaətin mənbəyində duran təqvadır. Məhz haramlardan çəkinməklə və halal, eləcə də bəyənilmiş əməllərə can atmaqla səciyyələnən ruhi durum insanı əziz edər. Bundan kənar isə insanı zillət gözləyir. Allaha həqiqi və şüurlu itaət, Onu itaətə layiq yeganə varlıq bilərək itaət etmək - izzətin açarıdır. İnsan bəndəlik müstəvisinə daxil olmayınca, hər hansı izzətə çatmaqdan söhbət gedə bilməz. İnsan Rəbbini tanımayınca, Ona itaət etməyincə, öz həqiqi dəyərini əldə edə bilməz

İnsan öz şüurundan və iradəsindən, ona verilmiş seçim qabiliyyətindən düzgün istifadə etdikdə, öz dəyərinə çatar. Əks təqdirdə isə nəinki elementar səviyyəyə yetişə bilməz, hətta bir bioloji fərd olaraq da kamala çata bilməz.

İzzət axtaran şəxs rəzillik, alçaqlıq, şəxsiyyətsizlik edə bilməz, yalan danışmaz, böhtan atmaz, rüşvət almaz. İzzət axtaran şəxs özünə rəva bildiyini özgəsinə qıyar, əksindən vaz keçər. İzzət axtaran kəs haramlardan iradəvi çəkinməli, vacibatları yerinə yetirməlidir. İzzət axtaran şəxs kamalları seçməli, naqisliklərdən uzaq olmalıdır. Allaha asi olmaqla izzət bir araya sığmaz. Odur ki, insan Rəbbinin ondan nə istədiyini anlamalı, ayırd etməli və düzgün seçimini etməlidir.

İnqita - Allahdan qeyrisindən qırılmaqdır

İlahi itaət və təqva ilə yanaşı, insanı izzətə aparan bir xüsusiyyət də var ki, buna inqita deyilir.  Bu, Allahla olmaq və Allahdan qeyrisindən qırılmaq mənasında işlədilir. Necə ki, bəndə "Lə ilahə illəllah" - "Allahdan başqa ilahi yoxdur" deməklə bütlərdən imtina edir, istər daxilində, istərsə də xaricində olan müxtəlif çeşidli bütləri inkar edir, eləcə də inqita ilə rəhbərlənən insan, Alahdan qeyri hər bir şeyi ikinci, üçüncü dərəcəli sayır.

Burada bir haşiyə çıxmaq lazımdır ki, bir çox hallarda insan uluhiyyət baxımından, yəni bir ilah olaraq Mütəal Allahı şəksiz qəbul edir, lakin, rübubiyyət baxımından, yəni Rəbb olaraq, həyatın hər bir sahəsində vəzifə müəyynəedici varlıq olaraq qəbul etməkdə özünü şəklərə salır, bilməməzliyə vurur. Nəticədə insan böyük problemlərə düçar olur, şəxsiyyətin ikiləşməsinə mübtəla olur.

İnsan bir sıra hallarda Allaha sığınmır, təvəkkül aparmır. Bəzi məsələlərdə Allahdan qeyrisinə tapınır, Allahdan qeyrisilə rabitə bağlayır. Nəticədə izzətdən uzaq düşür. İnsanın tapındığı kateqoriyalar - mənsəb, vəzifə, pul, nəfsani istəklər - ona heç bir xeyir verə bilməsə də, lənətlik iblisin vəs-vəs etdiyi illüziyalar nəticəsində insan haqqı görməkdən aciz qalır.

Amma rasional yanaşma tələb edir ki, insan Allahdan qeyri gərək hər bir şeydən qırılsın. O cümlədən, onun öz daxilində yaratdıqları bütlər də bura aiddir. İnsan gərək proseslərə "dünya və Allah" prizmasından baxmasın. Bütün məsələlərə İlahi prizmadan nəzər salsın, hər məsələdə Allahın rizasını axtarsın. Deməsin ki, "mühit belə tələb edir, güzaran elə tələb edir". O yolla getsin ki, həmin yolu Allah istəyir, Həzrət Rəsuli-Əkrəm (s), Əhli-Beyt (ə) göstərmişdir.

Qətiyyən burada tərki-dünyalıqdan söhbət getmir. İslam tərki-dünyalığı rədd edir. Bəhs ondandır ki, insan dünyada yaşayırkən Allah deyəni etsin, hər sahədə Allah istəyən kimi yaşasın.

Bir var insan nə isə fundamental bir şeyə söykənsin, bir də var - ötəri, özü söykənəcəyə ehtiyaclı olan bir şeyə tapınsın. Hansısa qondarma  ideologiyaya, pula, fərdə, özünə büt qərar verdiyi şeyə söykənən insan, şübhəsiz ki, uduzacaqdır.

Tamahı qət etmək

Xoş günündə də, bəd günündə də Allah Təalaya söykənən insan, dünyada da, axirətdə də nicat tapar. Həzrət Cəbrayıl (ə) Rəsuli-Əkrəmə (s) buyurmuşdur: "Ya Muhəmməd (s)! Hər necə istəyirsən yaşa, amma ölüm var. Hər kimi istəyirsən sev, amma ayrılıq var. Hər nə istəyirsən et, amma əvəzini görəcəksən. Və bil ki, insanın şərafəti - gecə əhya saxlamaqdadır və onun izzəti - insanlardan ehtiyacsızlıqdadır".

Mübarək hədisdə insan üçün hərtərfli hüccət tamam edilir. İnsan bu dünyada izzətini saxlamaq istəyirsə, gərək insanlardan umacağı olmasın, heç kəsin əlinə baxmasın. Yalnız Allaha olan və digərlərinə olmayan ehtiyaclılıq adamı izzətli edir.

Gecə vaxtı əhya saxlamaq, yəni Allah rizası üçün oyaq qalmaq isə insanı şərafətli edər. Heç kəs üçün yox, məhz Mütəal Allah üçün insan hər nə edirsə, ibadətdən sayılır.

Loğmanın (ə) oğluna nəsihətlərindən birinə diqqət edək: "Oğlum! Əgər istəyirsənsə bu dünyanın bütün izzətinə malik olasan, insanların əlində olandan tamahını qət et. Belə ki, bütün peyğəmbərlər (ə) və səadətə yetişmişlər, ona görə o şeylərə (tutduqları məqama) nail olublar ki, tamahlarını qət edə, kəsə bilblər".

İnsanın özgədə olan nədəsə gözünün olması, tamahını salması - onu bədbəxtliyə düçar edər. İnsan tamahın ucbatından pis yollara qədəm qoyar, zillətə qərq olar. Günümüzdə də ailələr dağılır, hətta insanlar intihar edir tamahdan doğan mənəvi deformasiya ucbatından. Baxırsan, insan əvvəl deyir "niyə onda var, məndə yoxdur", sonra deyir "filan şeydən gərək məndə mütləq olsun", alınmayanda özünü aşağılayır, zillətə düşür. Əlbəttə ki, burada hüquqların qəsbindən söhbət getmir ki, kimsə insanların haqqını ələ keçirib və insanlar da "olacağa çarə yoxdur" kimi zillətvari prinsipi rəhbər tutaraq, süstlük edirlər. Söhbət ondan gedir ki,  insan nəfsini yığışdırsın, tamahını ora-bura salmasın.

Hürr insanın qəlbində tamah olmaz

Həzrət Əli (ə) "Şəbaniyyə" duasında buyurur: "Allahım! Mənə Özünə doğru kamil inqita əta et".

Həzrət Əli (ə) dühası bizə öyrədir Allah Təala ilə ünsiyyəti, Allahdan nə istəməyi, duanı necə etməyi. İnsan istəməlidir Allaha bağlansın, Allahdan qeyri nə varsa, bundan qırılsın, asılılığı olmasın. Çünki, bunlara bağlı olmaq zatən mənasızdır. Dayağı olmayan bir şeyə necə dayanmaq olar? Odur ki, əqli zərurət həqiqi dayağa əsaslanmağı, ötəri kateqoriyalara tapınmamağı tələb edir.

İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: "İzzətin davamlılığını tamahı öldürməklə istə".

Ariflər inqitanı əsirlikdən çıxıb azadlığa qovuşmaqla müqayisə edirlər. İnsan puldan, maldan, bər-bəzəkli, amma məna yükündən məhrum olan şeylərdən asılılığını qırır, səxavət, xeyirxahlıq, dostluq, həqiqətpərəstlik, ədalət və digər bu kimi İlahi kateqoriyaları yaşadır. Onun material qiymətlilərdən asılılığı vücudunu necə buxova salır, maddiyə aludəlik onun hərəkətlərinə necə diktə edirsə,  bunların asılılığından qırılmaq da onu bir o qədər azad və mənən asudə edir.

Həzrət Əli (ə) buyurur: "Hər kim istəyir ki, yaşayışında hürr və azad olsun, gərək heç zaman qəlbində tamaha yer verməsin".

İnsanı asılılğa, əsirliyə salan amil - məhz tamahdır. Onun-bunun malikiyyətində gördüyü nəsnələrə malik olmaq istəyi itələyir insanı zalımın ayağının altına. İnsan məddahlıq edir, yaltaqlıq edir, hər nə qiyafəyə deyirsən girir - hamısının da səbəbi tamahdır. Nə alçaqlıq deyirsən əlindən gələr insanın, əgər qəlbində Allah xofu olmasa. Amma heç bir şey əyə bilməz o insanı ki, özü əyilmək istəmir. Həzrət Əli (ə) buyurur: "Tamahkarlıq - əbədi köləlikdir".

İnsan nə qədər tamahkardırsa, o qədər də kölədir. İnsanın tamahkarlığı ilə köləliyi mütənasiblikdədir. Digər yerdə İmam Əli (ə) buyurur: "Kim ömrünü azad yaşamaq istəyirsə, öz qəlbində tamaha yer verməsin".

Həzrət Əlidən (ə) nəql edilən hədisdə deyilir: "Kim tamah libasını əyninə geysə, özünü xar edər".

Digər hədisdə Həzər Əli (ə) buyurur: "Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır".

Tamah - o yerdir ki, ona itaət edənin əqlini əlindən alar. Adam var, prinsiplərini qoruyur, heç kəsin qarşısında əyilmir. Amma azacıq tamah sifətini boş buraxdı - bəlanı gözlə. Əqllə tamah qarşı-qarşıya durduqda, əqlin tamaha uduzması, məğlub olması necə də absurddur! İnsan anlayır ki, belə etməməlidir, anlayır ki, pis yola gedir və burada nicat yoxdur, amma nəfsini yığışdra bilmir. Çünki, tamahını boş buraxmışdır.

İmam Museyi-Kazımdan (ə) nəql edirlər: "Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki, tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan aparar".

Allah Təala cəmi insanları zəlalətə düşməkdən hifz etsin!

Allahım, bizi yalnız Sənə bəndə olanlardan qərar ver!

Allahım, bizləri Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə, haqla birgə et!

Allahım, bizləri Səndən qeyrisindən inqita edənlərdən qərar ver!

Allahım, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühür etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR