Şərtlər "gəl-gəl" deyir, amma...

Şərtlər "gəl-gəl" deyir, amma...
07:37 24 Oktyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Və ya tikinti şirkətlərinin kampaniyalarına inanaqmı? 

Son vaxtlar əhalinin alıcılıq qabiliyyəti azaldığı üçün mənzillərin satışında da durğunluq müşahidə edilir. Belə bir vaxtda tikinti şirkətləri kampaniyaları ilə gündəmə gəlirlər. Əhalinin ev problemi olduğu, kreditlə satılan mənzillərin daha əlçatanlığını nəzərə alsaq, bu cür təkliflər cəlbedici olmalıdır. Amma əhalinin tikinti şirkətlərinin kampaniyalarına inamı azdır. Çünki dəfələrlə mətbuatın gündəminə tikinti şirkətləri ilə bağlı problemlər çıxıb. Bir mənzili bir neçə nəfərə satan da olub, tikintini yarımçıq saxlayıb, aradan çıxan da. Mənzili deyilən vaxtda təhvil verməyən də olub, sənədləşmə məsələsində problem yaşadanlar da.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, problem o qədər aktualdır ki, ölkəmizə gələn xarici tikinti şirkətlərindən birinin meneceri dedi ki, Azərbaycanda belə bir problem olduğunu eşitmişəm, ona görə sizin əhali bizdən mənzil alarkən çox ehtiyatlı olur, qorxurlar ki, problem yaşanar. Hələ bu problemlərin əks olunduğu "Azərbaycansayağı qarət" adlı filmi demirəm...

Bütün bunlardan sonra təbii ki, tikinti şirkətlərinin kampaniyalarına inanmaq çox çətindir. Əlbəttə, şərtlər cəlbedicidir, bəs aldanma ehtimalı? Şirkətlər müştəriyə hansı təminatı verirlər?

"İndiyə qədər gördüyümüz işlər görəcəklərimizin zəmanətidir"

AAAF Media MMC-nin direktoru Rəşad Əliyev deyir ki, AAAF Park Yaşayış Kompleksində nağd və kreditlə alıcılar üçün kampaniya var: "Bizdə daim kampaniyalar olur. Hazırda nağd alışla bağlı yeni bir təklifimiz var. Belə ki, tikilməkdə olan 29 saylı küçəmizdə nağd qiymətə mənzil alanlara 50 faiz güzəşt edilir. Bu, Azərbaycanda bir ilkdir. Bu mənzillər müştərilərə ilkin təmir ilə veriləcək. Bizim bütün layihələrimizdə ödənişlər bank vasitəsilə deyil, şirkət hesabına və faizsiz olur. Bu şərt ilə ən kiçik 28.7 kvadratlıq mənzilin qiyməti 13 633 manat təşkil edir. Tək şəxsiyyət vəsiqəsi ilə bütün vətəndaşlarımız yararlana bilərlər. Kreditlə istəyənlərə isə ilkin ödənişsiz 20 ilə qədər şirkət daxili kreditlə və manatla mənzil təklif edirik".

R.Əliyev deyir ki, satış aparılan zaman imzalanan müqavilə vasitəsi ilə mənzil hazır olanda müştəri yaşayış hüququ əldə edir: "Satış həyata keçiriləndə birbaşa şirkətdaxili bir müqavilə imzalanır. Bina təhvil verildiyi zaman köçüb orada yaşaya bilərlər. Binalar tam təhvil verildiyi zaman müraciət edib mülkiyyət hüququnu təsdiq edən sənəd - Çıxarış da ala bilərlər. Çıxarış üçün binanın ümumilikdə təhvil verilməsi və həmin sakinin borcunun ödənilməsi şərtdir".

Şirkətin tikintinin dayanması, yaxud mənzili  vaxtından çox gec təhvil edilməsi ilə bağlı öhdəliyinə gəlincə, R.Əliyev bunları söylədi: "Ümumiyyətlə, AAAF İnşaatda binaların tikintisinə zəmanət verilir. Fəqət inşaat işi elədir ki, gözlənilməyən hadisələr ola bilir. Məsələn, yağışlı hava çox olsa, müvəqqəti olaraq tikinti getməz və ya havalar yaxşı olsa, işlər daha sürətlə tikinti aparıla bilər. AAAF Yaşayış Kompleksi çox böyük layihədir və bir çox podratçı təşkilatlar ilə əməkdaşlıqlar edilib. Əvvəlki illərdə bəzi müştərilərimiz rieltorlardan, təkrar satış aparan insanlardan mənzil aldıqları zaman yanlış məlumatlanmışdılar. Ona görə tikintinin gec təhvil verildiyini deyirdilər. Səbəbi aydınlaşanda onlara da məlum oldu ki, şirkət tərəfindən binaların vaxtında təhvil verilməsi ilə bağlı problem yoxdur. Müqavilədə şərtlər və gözlənilməyən hadisələr də əksini tapır. Ümumiyyətlə, biz binanı tikəcəyimiz vaxtdan daha artıq bir müddəti müştəriyə bildiririk ki, gözlənilməyən gecikmə yaşanarsa, insanlarda narahatlıq yaranmasın. Əhalinin kampaniyalara, hazır olmayan mənzillərdə ev almağa inamının az olduğu dövrdə şirkətin müştərilərə verdiyi ən böyük zəmanət indiyə qədər gördükləri işlərin yüksək keyfiyyətdə olmağıdır. İndiyə qədər gördüyümüz işlər görəcəklərimizin zəmanətidir", - deyə R.Əliyev qeyd etdi.

Müştəri bir evin bir neçə nəfərə satılmadığına müştəri necə əmin olsun?

Kristal Abşeron MTK-nın müştəri təmsilçisi Çiçək Həsənova deyir ki, hazırda kompleksdə ilkin ödənişsiz, 1 ildən 20 ilə qədər manatla ödəmə şərtləri ilə  kampaniya var. Kreditlər tək şəxsiyyət vəsiqəsi ilə, manatla verilir. Bu kampaniyaya 2017-ci ilin yanvar ayında hazır olacaq binalar belə aiddir. Mənzillər müştərilərə yüksək keyfiyyətli təmirlə təqdim edilir. Təhvil verilən zaman bütün kommunal xidmətlər də hazır olur. Sənədləşmə məsələsinə gəlincə Ç.Həsənova dedi ki, indiyə qədər sadəcə Xırdalan layihəsində 2000-dən artıq sakinə artıq Çıxarış təqdim edilib. Ümumilikdə isə Çıxarış bina tam təhvil veriləndən 1-2 ay sonra təqdim olunur. 

"Bir evin bir neçə nəfərə satılmadığına müştəri necə əmin olsun" - sualımıza isə Ç.Həsənova belə cavab verdi:  "Bir çox tikinti şirkətlərində olduğu kimi bizdə mənzillərin satışı daxili kreditlə deyil, bank vasitəsi ilə həyata keçirilir. Bu isə öz növbəsində 1 mənzilin 2 və daha artıq şəxsə satılmasının qarşısını tamamilə alır. Bundan əlavə, bu günə qədər komplekslərimizdə, öz çıxarışlı (kupçalı) mənzillərində yaşayan minlərlə ailə şirkətimizə olan inamın göstəricisidir".

"Dediyimiz vaxtdan tez təhvil veririk"

Xəzər İnşaat MTK-nın satış meneceri Məharət Məmmədli deyir ki, şirkətdə hazırda tam hazır və tikilməkdə olan binalarla bağlı kampaniyalar var: "2-3 min manat ilkin ödəniş etməklə hazır mənzillərdə köçüb yaşamaq olar. 20 ilə qədər olan kreditlərimiz tək şəxsiyyət vəsiqəsi ilə, heç bir bank xərci olmadan manatla verilir. Hazır olmayan tikililərimizdə qiymətlər ucuzdur. Tam təmirli mənzillərdə isə kvadratın qiyməti bazarda təklif edilən qiymətlərlə müqayisədə münasibdir. İnşası davam edən binalarda ilkin ödəniş tələb olunmur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış isə bina tam təhvil veriləndən 5-6 ay sonra hazır olur".

Müştəriyə verilən zəmanətə gəlincə, M.Məmmədli bildirdi ki, müştərilər istənilən sakindən maraqlana bilərlər: "Bizdə bir bina deyil, bir neçə kompleksdir. Müştərilər digər binalara baxırlar, yaşayan sakinlərlə maraqlanırlar. Bu günə kimi tikintimizin dayanması, yaxud deyilən vaxtdan gec verilməsi halı baş verməyib. Əksinə, dediyimiz vaxtdan tez təhvil veririk. Maksimum müddət götürürük. Bir də ki bizdə daxili kredit deyil. Ödənişlər bank vasitəsilə edilir".

"Müştəri istədiyi zaman mənzili geri qaytarıb, pulunu ala bilər"

"Renessans Palace"-ın tikintisini həyata keçirən "AS Group İnvestment" Şirkətlər qrupundan bildirdilər ki, hazırda yaşayış kompleksində müştərilərə üç satış şərti təklif olunur. "Renessans Palace"-da istər nağd, istərsə də kredit və ya ipoteka ilə mənzil almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Çıxarış tikinti işləri başa çatandan sonra tikinti şirkəti tərəfindən alınıb, sakinlərə verilir.

Tikintinin vaxtından gec təhvil verilməsinə gəlincə bildirildi ki, tikintinin başa çatma müddəti mümkün gecikmələr nəzərə alınmaqla müəyyənləşdirilir. "Renessans Palace"-da tikinti işləri qrafik üzrə gedir və vaxtında başa çatacaq".

Şirkətin məlumatında qeyd olunur ki, "Renessans Palace" layihəsi üzrə əhalinin inamının azaldığı hiss edilmir. Əksinə, 2016-cı ilin ilk yarımilliyində satış keçən ilin analoji dövrünə nisbətən 3 dəfə artıb: "Digər göstəricilərdə də əhəmiyyətli artım var. Təminata gəldikdə isə, kəskin rəqabət gedən tikinti sektorunda aparıcı tikinti şirkətləri üçün reputasiya hər şeydən üstündür. Məhz bunu nəzərə alaraq, "Renessans Palace" layihəsinin reallaşdırılması üçün nəzərdə tutulmuş maliyyə, mümkün fors-major vəziyyətlər nəzərə alınmaqla, layihə başlayan zaman ayrılıb. Bundan əlavə, təminat mənzilin fiziki mövcudluğudur. Belə ki, "Renessans Palace"-da 3 binanın tikintisi artıq başa çatıb, fasad və daxili işlər gedir. İstənilən halda, müştəri istədiyi zaman mənzili geri qaytarıb, pulunu ala bilər".

Tikinti şirkətləri kampaniyalarla istehlakçı hüquqlarını pozurlar?

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı hesab edir ki, tikinti şirkətləri tərəfindən əhalinin aldadılması probleminin qarşısı tam olmasa da, müəyyən qədər alınıb: "Problemlər daha çox kənar resurslar hesabına fəaliyyət göstərən, ciddi maliyyə resurslarına malik olmayan tikinti şirkətlərində qeydə alınırdı. Bazarda belə tikinti şirkətlərinin sayı məhdudlaşmaq üzrədir".

R.Osmanlı deyir ki, tikinti şirkətləri kampaniyalarla istehlakçı hüquqlarını Azərbaycan qanunvericiliyinin bəzi müddəalarını pozurlar: "Kredit kampaniyalarını banklar vasitəsilə həyata keçirən şirkətlər müəyyən qədər normal fəaliyyət göstərirlər. Banklardan kənar fəaliyyət təşkil edən, bununla bağlı reklam çarxları verənlər banklar haqqında qanunvericiliyinin tələbləri pozulmuş olur. Eyni zamanda, kampaniya adı altında əmlakın öz dəyərindən iki dəfə artıq qiymətə də satılması kimi problemlər ortaya çıxır. Bu da ondan irəli gəlir ki, bazarda tikinti şirkətlərinin fəaliyyətinə nəzarət çox aşağıdır".

R.Osmanlı onu da bildirdi ki, tikinti şirkətləri öz sənədlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qururlarsa, ilkin qeydiyyat sənədləri tam qaydadırsa, tikinti prosesini normal şəkildə aparırlarsa, onların gələcəkdə Çıxarış verməklə bağlı problemi olmur: "Əslində tikinti şirkəti Çıxarış vermir. Şirkətin verdiyi sənəd Çıxarış almaq üçün əsasdır. Çıxarış almaq üçün sənədlər qaydasında olmalıdır. Qaydasında olsa, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə Çıxarış üçün müraciət edib ala bilər. Əgər sənədlərdən hansısa biri yoxdursa, sənədləşmədə ciddi problemlər ortaya çıxır". 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR