Əbədiyyətin Cavidi

Əbədiyyətin Cavidi
10:34 24 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Bügünkü “Manşet”də “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Cavid irsinin dəyərli tədqiqatçısı Azər Turan böyük Azərbaycan dramaturqu, şairi və mütəffəkiri Hüseyn Cavidin yaradıcılığı ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
Oktaybr ayını Cavidsevərlər “Cavidlər” ayı adlandırırlar. Çünki böyük mütəfəkkir Hüseyn Cavid, eləcə də onun ailə üzvləri məhz bu ayda dünyaya gəlib. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin özünün doğum günləridir. Oktyabrın 24-də görkəmli ədibin dünyaya gəldiyi tarixdən 134 il ötür. 59 yaşında sürgündə vəfat edən Hüseyn Cavidin 41 il sonra Vətənə qaytarılaraq, sevdiyi tut ağacının kölgəsində torpağa tapşırılması da oktyabra təsadüf edir.
 
Repressiya qurbanı olan Cavidlər ailəsinin tək bir arzusu vardı. Yenidən bir ailə olmaq... Bu yolda ən böyük maneə, əlçatmaz arzu böyük Cavidi sürgün olunduğu İrkutsk vilayətindən Vətənə qaytarmaq idi.
 
Cavidin həyatında 59 rəqəmi hər zaman simvolik rol oynayıb. Bakıdakı 59 nömrəli evindən didərgin salınan ədib Sibirdə 59 nömrəli qəbirdə dəfn olunub. Beləliklə, çətin tarixi missiyadan uğurla Vətənə üz tutan nümayəndə heyəti bu anı ölməz şairin yubileyi şərəfinə 100 yaylım atəşi ilə əbədiləşdirirlər.
 
Sibir arxivlərində şairin gündəliyi, şeirləri, hər hansı bir əlyazmasına rast gəlinməyib. Maqadanda vaxtilə onunla eyni taleyi bölüşən şahidlərin xatirələrindən məlum olur ki, böyük şair köhnə qəzet parçalarının kənarına yazdığı şeirləri oxuduqdan sonra sobaya atıb yandırarmış. Artıq illərdir ki, Cavid Əfəndi ailə üzvlərilə birgə sevimli tut ağacının kölgəsində - Cavidlər türbəsində əbədi yuxuya dalıb. Onun sonsuz təfəkkürünün, arzularının daşıyıcıları olan qəhrəmanları, idealları isə ürəkdən ürəyə, səhnədən səhnəyə dolaşır.
 
Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR