Dövlət Statistika Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib

Dövlət Statistika Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib
14:02 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) baş katibinin müavini Honqju Ham ilə görüşüb.
“Report” Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər arasında keçirilən görüşdə dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin həyata keçirilməsi məqsədilə milli strategiya və bu günədək əldə olunan nailiyyətlər müzakirə olunub.
T.Budaqov Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Dövlət başçısının fərmanı ilə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), UNİCEF (BMT-nin Uşaq Fondu), YUNESKO, Dünya Bankı kimi qurumlarla səmərəli əlaqələr qurulub. Komitə ilə UNESCAP arasında statistikanın müxtəlif sahələri üzrə əməkdaşlıq mövcuddur. Komitənin mütəxəssisləri Komissiya tərəfindən yaradılan beynəlxalq ekspert qruplarının fəaliyyətində və təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edirlər”.
H.Ham bildirib ki, Azərbaycanın da üzv olduğu təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönələn layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsidir: “Qlobal məqsədlərin Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilməsi yolunda, dayanıqlı inkişafın təmin edilməsində hökumətin həyata keçirdiyi tədbirlər, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını yüksək qiymətləndiririk”.
Görüşdə DSK və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.




Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/dovlet-statistika-komitesinde-bmt-numayendeleri-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR