Dünya təcrübəsinə arxa çevirən Azərbaycan muzeyi

Dünya təcrübəsinə arxa çevirən Azərbaycan muzeyi
15:08 24 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda insanların muzeylərə getməməsi daim müzakirə olunan mövzulardandır. Bunun dəfələrlə medianın gündəminə gəlməsinə baxmayaraq, problem elə olduğu kimi qalıb. Gah müasir texnikanın inkişafını, gah da gəncliyin tamam başqa şeylərin həvəskarı olduğunu söyləyib mövzudan yayınmışıq. Bir az dərin düşünməyə cəhd etsək, problemin harada olduğunu aydın görə bilərik. İnsanlar əsasən istirahət günləri gəzintiyə çıxır. Məhz gəzinti əsnasında muzeylərə baş çəkilir. Lakin bazar günləri ölkənin əsas muzeylərindən sayılan Tarix muzeyini ziyarət etmək arzunuz ürəyinizdə qalacaq. Çünki bu muzey həmin gün ziyarətçilərin üzünə bağlı olur. Muzeyin ziyarətçi axınının daha çox olduğu günlərdə bağlı olub, əvəzində ayın son bazar ertəsi gününün müəyyən güzəştlər təklif etməsinə isə anlam vermək mümkün deyil. Bu güzəşt ayın son bazar ertəsi gününün 18 yaşına çatmamış uşaq və gənclərə girişin pulsuz olmasıdır. Belə olduqda bir sual ortaya çıxır. Bazar günü işləməyən tarix muzeyinə bazar ertəsi məktəbdə və ya institutda oxuyan tələb necə gələcək? Yaxşı, bəs qiyabi oxuyanlar üçün həmin bu xidmət niyə keçərli deyil. Yoxsa bazar ertəsi qəsdən pulsuz gün kimi nəzərdə tutulub? Nəzərə alsaq ki, hər ayın son bazar ertəsi Tarix muzeyində sanitar gündür, o zaman tələbələrin muzeyə pulsuz giriş şansı ümumiyyətlə sıfıra enir...

Bəs dünya muzeylərində vəziyyət necədir?

Publika.az məhz sizin üçün dünya muzeylərinin işləmə vaxtlarını və giriş şərtlərini araşdırdı. İlk olaraq bildirək ki, bütün muzeylər bazar günləri işləyir. Və günündən asılı olmayaraq bütün xarici muzeylərdə tələbələrə giriş pulsuzdur.

Luvr muzeyi, Paris

Cümə axşamı, şənbə və bazar günləri saat 9.00-dan 18.00 kimi, çərşənbə və cümə günləri isə 9.00-dan 21.45 kimi işləyir.

Muzey çərşənbə axşamı, 1 yanvar və 25 dekabr tarixlərində bağlı olur.

Bilet 15 avrodur. 18 yaşına çatmamış şəxslərə isə pulsuz.

Vatikan muzeyi, Roma

Bilet 16 avrodur.

Bazar ertəsindən şənbə gününə kimi saat 9.00-dan 18.00 kimi işləyir.

Kassa isə saat 9.00-dan 18.00 kimi açıq olur.

Bazar günləri isə saat 9.00-dan 12.30-a kimi giriş pulsuzdur. Saat 14.00-da isə muzey bağlanır.

Britan muzeyi, London

Muzey hər gün saat 10.00-dan 17.30 kimi işləyir. Cümə axşamı və cümə günlər bəzi şöbələr 20.30 qədər açıq olur. Giriş pulsuzdur.

Yaponiyanın milli elmi muzeyi

Bazar ertəsi və yeni il bayramlarından başqa hər gün saat 9-dan 17.00 kimi işləyir.

Böyüklər üçün bilet 4.2 dollar, uşaqlar üçün isə 1.7 dollardır.

Metropoliten muzeyi, Nyu-York

Muzey cümə, cümə axşamı və bazar günü saat 09.30-dan 17.30 kimi, cümə, şənbə və bazar ertəsi isə 09.30-dan 21.00 kimi işləyir.

Giriş böyüklər üçün 25 dollar, tələbələr üçün 12 dollardır. Bu məbləğə həmin gün muzeyin əsas binasına və Kloystersə baş çəkmək də daxildir.

12 yaşında uşaqlara valideynin yanında giriş pulsuzdur.

Prado muzeyi, Madrid

Muzey bazar ertəsindən şənbə gününə kimi saat 10.00-dan 20.00 kimi işləyir. Bazar və bayram günləri isə iş saatı 10.00-dan 19.00-a kimidir. 6 yanvar, 24 və 31 dekabr tarixlərində muzey 10.00-dan 14.00-a kimi işləyir. Muzey 1 yanvar, 1 mart və 25 dekabr tarixlərində bağlıdır.

Giriş böyüklər üçün 14 avro, təqaüdçülər üçün 7 avrodur. 18 yaşına çatmamış şəxslər və 25 yaşına çatmamış tələbələr üçün giriş pulsuzdur. Həmçinin muzeyə bazar ertəsindən şənbə gününə kimi 18.00-dan 20.00 kimi, bazar və bayram günləri 17.00-dan 19.00 kimi giriş pulsuzdur. Bu vaxtlar əgər müvəqqəti sərgi varsa, onlara da 50% endirim olur.

Quqenhayma muzeyi, Bilbao

Həftənin hər günü saat 10.00-dan 20.00-a kimi işləyir. Muzey 25 dekabr və 1 yanvar da bağlıdır. 24 və 31 dekabrda isə saat 17.00 kimi işləyir.

Giriş 16 avrodur. 26 yaşına çatmamış tələbələr və təqaüdçülər üçün 9 avro, 12 yaşına çatmamış uşaqlar üçün isə giriş pulsuzdur.

Ermitaj, Sank-peterburq

Çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günü saat 10.30-dan 18.00 kimi işləyir. Kassa isə 17.00 kimi işləyir.

Çərşənbə və cümə günü 10.30-dan 21.00 kimi işləyir. Kassa isə saat 20.00 kimi açıqdır.

Bazar ertəsi isə işləmir.

Dövlət Tretyakov Qalereyası, Moskva

Çərşənbə axşamı, çərşənbə, bazar günü muzey saat 10.00-dan 18.00 kimi açıqdır. Kassa isə 17.00 kimi. Cümə axşamı, cümə və şənbə günü isə saat 10.00-dan 21.00 kimi işləyir. Kassa və muzeyə giriş saat 20.00 kimidir.

Giriş böyüklər üçün 400 rubldur, təqaüdçülər, tələbələr və xarici tələbələr üçün 150 rubldur. 18 yaşına çatmamış şəxslər üçün isə pulsuzdur.

Reyskmuzeum, Amsterdam

1 yanvardan başqa muzey hər gün saat 9.00-dan 17.00 kimi işləyir. Giriş 17.50 avrodur. 18 yaşına çatmamış şəxslər üçün isə pulsuz. Kassalar saat 17.30 da işləyir.

Tarix muzeyinin iş qrafikinə nəzər saldıqda isə heç bir xarici təcrübəyə əsaslanmadığını görürük. Deməli dünya muzeylərinin praktikasını heçə sayıb, istədiyimizi edirik, sonra da muzeylərimizə marağın olmamasından gileylənirik...

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR