Məşhur boksçunun sevgilisi ərini niyə şkafda gizlətdi?

Məşhur boksçunun sevgilisi ərini niyə şkafda gizlətdi?
10:39 25 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

NİKOLAY VALUYEV – KOLYA KUVALD

 

Rus xalqının yumor hissinə, tragedik vəziyyətdən komediya yaratmaq qabiliyyətinə heyranam. Ruslar dövrün ən təhlükəli zamanlarında da dinc durmur, qorxulu adamlar, məxfi idarələr haqda məzəli əhvalatlar uydururlar. Bir sözlə, ən mürəkkəb situasiyanı belə, lakonik-yumoristik mətn çərçivəsində açıb göstərə bilirlər. 


İdman həvəskarlarına Nikolay Valuyev yaxşı tanışdı. Rusiyanın məşhur boksçusudu. Əsasən ağır çəki dərəcəsində çıxış edir. 2005-2007 və 2009-cu illərdə dünya çempionu adını özündə saxlayıb. Dövlət Dumasına deputat seçilib. Boyu 2 metr 13 santimetrdi. Son yarışlarında çəkisi 146 kiloqrama yaxın olub. Xarici mətbuat onun adının yanına “Rus bədheybəti”, “Şərq vəhşisi”, “Kolya-kuvald” kimi ayamalar yapışdırır.


Kolya bu yaxınlarda “Gecəniz xeyrə qalsın, balalar” verilişinin aparıcısı kimi çıxış eləyib. Bu bədheybət insan barəsində çoxlu sayda prikol ifadələr və anekdot yayılıb. O, haqqında çap olunan lətifələrdən incimir, buna görə gedib heç bir redaksiyanın qapısını təpikləmir. Lətifələr əsasən Kolyanın qorxunc görkəmi barədədi. Məşhur rus idmançısı haqda qoşulmuş anekdot və aforizmlərin oxucular üçün maraqlı olacağını düşünüb bir dəstəsini öz tərcüməmdə təqdim edirəm.

***

Nikolay Valuyev mağazada kredit kartı ilə ödəniş etsə də, zərif kassir xanım hər ehtimala qarşı ona qalıq pul uzatdı.

***

İki ildi deputatlıq müddətinin başa çatdığına baxmayaraq Valuyev hələ də Dumaya gedib-gəlir. Ona səlahiyyətlərinin bitdiyini  xatırladacaq cürətli bir adam hələ ki, tapılmayıb. 

***

Valuyev ezamiyyətdən vaxtından tez qayıdanda sevgilisi öz ərini şkafda gizlədir.

***

Nikolay Valuyev aeroportdakı gözləmə zalında sifətinə ağcaqanad qonmuş qonşusuna kömək etmişdi. Nəticədə adam ölmüş, ağcaqanad isə uçub getmişdi.

***

Dördüncü sinifdə oxuyan balaca Vuluyev müəlliməsinə: “Marivanna, mən “iki”mi düzəltmək istəyirəm” – deyir. Müəllimə dərhal dərs jurnalını və qələmi ona uzadır. 

***

Nikolay Valuyev axşamüstü Olimpiya şəhərciyində gəzişərkən öz ölkəsinə daha 12 qızıl, 9 gümüş və 4 bürünc medal gətirmişdi.

***

Jurnalistin “Siz heç həyatda nədənsə qorxmusunuzmu?” sualına Valuyev belə cavab vermişdi:
- Bəli! Bir dəfə səhər-səhər “poxmel” halda  güzgüyə baxmışam.

***

Barabanı Valuyev fırlatdığına görə Yakuboviçin “Pole çudes” verilişinin çəkilişi daha üç saat davam edib.

 

***

Kolya bütün iradəsini toplayaraq siqareti atır və yoldan keçən iki nəfəri ağır yaralayır.

***
Nikolay Valuyev üçüncü mərtəbədə, azca da dördüncü mərtəbədə yaşayır.

***

Valuyev əlinə qırmızı parça götürəndə öküzlər özlərini daltonikliyə vururlar.

***

Rusiya vətəndaşları hiss etdilər ki, Valuyev Dövlət Dumasına gətirildikdən sonra Jirinovski orada dava salmağı tərgidib.

***

Valuyevi çalan kobranın gözü boksçunun baxışlarına sataşan kimi öz zəhərini geri sordu.

***

Valuyevin etiraflarını dinləyən keşiş özünün bağışlanması üçün ürəyində tanrıya yalvarırdı.

***

Anası ona qabları yumağı tapşıranda balaca Kolya boşqablardakı gül şəkillərini də sürtüb təmizləmişdi.

 

****

“Sağol!”u cibinə qoya bilmiş yeganə adam Nikolay Valuyevi evinə gətirən taksi sürücüsü olub.

***

 Valuyevi ildırım vurdu və dərhal peşman oldu.

***

Keçirdiyi hər uğurlu raunddan sonra treneri Valuyevə qənd verir.

***

“Yalvarıram, dayan, vurma!” ifadəsini Valuyev 17 dildə eşidib.

***

Nikolay Valuyevi öpsən dərhal gözəl şahzadəyə çevrilər.

***

Valuyevin maşınının qapısını açan sarışın qız ona deyir:
- Məni evimə ata bilərsən?
- Niyə atmıram? Sən mərtəbəni de...

 ***

Neandertalların yaşayan yeganə nümayəndəsi Nikolay Valuyev əcdadlarının məruz qaldığı soyqırıma görə BMT-yə müraciət edərək bəşəriyyətdən bir milyard dollar təzminat tələb edir.  




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR