“Bizdən soruşmadan torpağımızdan keçən hər-hansı qüvvə dostumuz deyil, düşmənimizdir... Gələn rus ordusudur. Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcək. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu kəmali-nifrətlə rədd edirik”.
Məmməd Əmin Rəsulzadə. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq
Cümhuriyyəti parlamentinin son iclasındakı çıxışı.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə
Rəsulzadənin münasibətlərinə dair ziddiyyətli məlumatlar var.
Kimisinə görə onlar bir-birinə hörmət edən iki şəxsiyyət, kimisinə
görə çox yaxın dost, kimisinə görə isə gizli şəkildə bir-birinə
düşmənçilik edən insanlar olublar.
Publika.az tarixin ziddiyyətli məqamlarını təqdim
edir.
M.Ə. Rəsulzadənin AXC parlamentinin son iclasındakı çıxışı tarixi
faktdır. Hansı ki, bu iclasdan bir gün sonra – 28 apreldə
bolşeviklər tərəfindən Azərbaycan işğal olundu və 70 il ərzində “28
aprel” müstəqillik günü olaraq bizə sırındı. Lakin Azərbaycanın
işğalında Atatürkün rolu nə qədər idi, o, həqiqətənmi şüurlu
şəkildə qardaş ölkənin müstəqilliyini satmışdı?
Tarixi ziddiyyətləri nəzərə alaraq, hansısa fikir yürütmək
istəyində deyilik. Sadəcə bir-birinin əksi olan, yaxud atılan
addımlara haqq qazandıran faktları təqdim edəcəyik.
XIX əsrin əvvəlindəki hadisələrlə bağlı ilk olaraq AXC hökumətində
dəmir yolları üzrə baş hakim vəzifəsində çalışan Əziz Alpoudun
“Həyatımın hekayətləri” kitabında rast gəlirik. Onun dediklərini
gerçək tarix adlandırmağı mümkün edən yeganə səbəb var. Əziz Alpoud
siyasi tarix yazmırdı, onun yazdıqları ideologiyadan da uzaq idi.
30 yaşında Azərbaycanı tərk edən və ölümünə (93) qədər vətən
həsrətini çəkən bu şəxs sadəcə öz həyatının hekəyətlərini yazırdı.
Bu baxımdan, onun AXC dövrünə və bolşeviklərin işğalına dair
dedikləri olduqca inandırıcıdır.
O da həyatından bəhs edən əlyazmasında rus ordusunun türklərə kömək
üçün Bakıya gəldiyini və şəhəri bir daha tərk etmədiyini yazır.
Azərbaycanı satdılarımı?
Bu tarixi məqamlar fonunda bu yaxınlarda Türkiyənin “Sözçü”
qəzetində dərc olunan bir məqalə yada düşür. Qəzetin məqaləsində
“Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün cavabı yer
alıb. Belə ki, qəzet ittihamlar əsasında hazırladığı suallara
tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları
təqdim edib.
Tarixçi S.Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan
şəxslərdən biridir.
“Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün
cavabı:
“Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu
1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən
Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta
Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə
göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf
Kemal bəyə “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq
əlinizdən gələni edin” əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında
Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə
təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist
Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin
binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə
xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. “Qardaş Azərbaycan”
Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da
göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal
üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi.
Biz də 1928-ci ildə latın əlifbasına keçərək mədəni əlaqələrin
zəifləməsinin qarşısını aldıq. Qısası, mən Azərbaycanın azadlığı
üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum
millətlər üçün də apardım”.
Atatürkün cavabında həmin dövrün siyasi reallıqları öz əksini tapır
və “situasiyanı onu yaşamadan dərk etmək mümkün deyil” prinsipi önə
çıxır.
Lakin bu məsələdə məşhur türk tarixçisi Kadir Mısıroğlunun
dedikləri də diqqət çəkir.
“Atatürkün Bakıya göndərdiyi Xəlil paşa azərbaycanlıları
aldatdı. O bildirdi ki, rus ordusu Bakıdan keçərək Anadoluya
türklərə yardım etmək üçün gedir. Bu ordunun sizinlə əlaqəsi
yoxdur. Həmin vaxt yunanlarla müharibə aparan Türkiyəyə hər cür
yardım göstərən azərbaycanlılar bunu eşidən kimi geri çəkildilər.
Amma ruslar Bakıya gələndən sonra orada da qaldılar. Sonradan Xəlil
paşa bunu Atatürkün teleqramları əsasında etdiyini bildirdi.
Bununla bağlı tarixi faktlar kifayət qədərdir”, -
Mısıroğlu belə deyir.
Məqsədimiz nə Atatürkə, nə də Bakının xilasına kölgə salmaq yox,
sadəcə bəzi tarixi məqamlara yenidən işıq tutmaqdır. Və bunun
fonunda Rəsulzadə-Atatürk münasibətləri yada düşür.
Rəsulzadə 1922-32-ci illərdə (Atatürkün Türkiyəyə rəhbərlik etdiyi
dövrdə) Türkiyədə mühacirətdə yaşayıb. 1923-cü ildə İzmirdə
keçirilən kitab festivalında onun “Azərbaycan Cümhuriyyəti
(keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)” kitabı “Atatürk
mükafatı”na layiq görülüb. Rəsulzadə 1932-ci ildə Türkiyəni tərk
etmək məcburiyyətində qalıb və 15 il sonra – 1947-ci ildə qardaş
ölkəyə qayıdıb. Onun Türkiyəni tərk etməsinin səbəbkarı kimi
Atatürk göstərilir.
Tarixçilərə görə, Atatürk bunu SSRİ-nin təzyiqinin qarşısını almaq
üçün edib.
1934-cü ildə Atatürkün Rəsulzadə haqqında çıxardığı hökm də ona
olan münasibətini göstərirdi. Yayılan sənəd Rəsulzadənin
1934-1936-cı illərdə Berlində nəşr etdirdiyi “İstiqlal” qəzetinin
Türkiyədə satışığının qadağan olunması ilə bağlıdır.
“Türkiyə sərhədləri kənarına çıxarılan Məmməd Əmin
Rəsulzadənin Berlində nəşr olunan “İstiqlal” qəzeti məmləkətimiz
əleyhinə zərərli yazılar yazdığına görə Mətbuat qanununun 50-ci
maddəsinə uyğun olaraq Türkiyədə satılması qadağan
edilsin”, - deyə qərarda bildirilir.
1934-cü il oktyabrın 8-də verilən qərar Atatürk tərəfindən
imzalanıb.
Bu fakt fonunda Rəsulzadənin AXC parlamentinin sonuncu iclasında
çıxışı yada düşür və “Rəsulzadə-Atatürk qarşıdurmasının kökündə
duran məsələ budurmu?” sualı yaranır. Lakin istənilən sualların
cavabı tarixin arxivindədir və bu gün o arxiv ziddiyyətli olduğu
qədər, əlçatmazdır.
AXC dövrü üzrə araşdırmaçı Şirməmməd Hüseynov isə bir müddət öncə
mediaya müsahibəsində Atatürkün Rəsulzadəyə münasibətinin çox yaxşı
olduğunu bildirib.
“1988-ci ildə sovet jurnalistəri ilə Türkiyəyə getmişdik. Bizi
Dolmabaxça sarayına apardılar. Orada Atatürkün iş otağını gəzdik.
Gördüm ki, çoxlu kitabar var. Soruşdum ki, bu kitablar arasında
Azərbaycana dair bir əsər varmı? Dedilər bir kitab var. Məmməd Əmin
Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" əsəri. Götürüb baxdım,
1923-cü ildə ərəb əlifbası ilə nəşr olunmuşdu. Kitabda Atatürkün
qeydləri də var idi. Soruşdum ki, Atatürk bu kitab, yaxud onun
müəllifi haqda fikirlər deyib? Kitabın arxasını çevirdilər və orada
yazılanları oxudular. Mən də dəftərimə köçürtdüm”.
Atatürk Rəsulzadənin kitabında yazırdı:
“Mən dünyaya səndən 3 sənə erkən göz açmışam. Amma bütün
türk aləmində türkün cümhuriyyət bayrağını ilk dəfə sən
qaldırmısan. Bayraq enməsin deyə sənin əlindən alıb Türkiyə
üzərində dalğalandırmışam. Enməz demisən,
enməyəcəkdir”.
Rəsulzadənin Atatürkün vəfatına həsr olunmuş “Kamal
Atatürkün vəfatı heç kimi laqeyd buraxmadı. Bəşəri miqyaslı bir
hadisəyə çevrildi” sözləri ilə başlayan məqaləsi də
diqqətdən yayınmır.
Xoş sözlər və sərt qərarlar, siyasətin sərt üzü, yaxud qarşılıqlı
hörmət. Beləliklə, yenə tarixin yoxuşlarında ilişib-qalırıq. Hər
halda tarix hər şeyi öz yerinə qoyur.
Asif