Azərbaycan prezidenti iş adamlarına səsləndi

Azərbaycan prezidenti iş adamlarına səsləndi
14:34 25 Oktyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

“Xorvatiya prezidentinin Azərbaycana səfərinin nəticələri olduqca müsbət olub”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda  keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, görüşlərdə çox mühüm məsələlər müzakirə olunub: “Müzakirələrdə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib. Çox məmnunuq ki, bir qrup xorvat iş adamı Xorvatiya prezidentini müşayiət edir və bu gün bu biznes foruma qatılıb. Səfər çox uğurlu olub. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq, əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən etdik. Biz dost, tərəfdaşıq. İş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələri genişləndirməlidir. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim keçmişdə də birgə layihələrimiz olub. Artıq vaxt gəlib ki, idxal-ixrac əməliyyatlarımızı genişləndirək”.

 

Prezident İlham Əliyev bildirib ki, dünən müxtəlif formatlarda görüşlər keçirilib: “Azərbaycanın iqlim şəraitindən istifadə və Xorvatiyadan müəyyən məhsulların idxal olunması təklifləri var. Əminəm ki, bu gün burada daha geniş müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Biz Xorvatiyanın ixracından xəbərdarıq. Siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Bu forumda bu istiqamətlərə diqqət yetirilməlidir”.

 

Dövlət başçısı qeyd edib ki, forumda qarşılıqlı sərmayə qoyuluşu da nəzərdən qaçmamalıdır: “Biz ölkəmizdə yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR