Aktyorumuz beynəlxalq festivaldan mükafatla qayıtdı - FOTO

Aktyorumuz beynəlxalq festivaldan mükafatla qayıtdı - FOTO
15:17 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Eşqin Quliyev Moskvada keçirilmiş "Territoriya" XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi uğurla təmsil edib.

Milli.Az xəbər verir ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutan festival-məktəbin həyata keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısının, festivalın tələbə-iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Yarandığı gündən paytaxtın mədəni həyatında əhəmiyyətli yer tutan bu festival-məktəb Rusiya miqyasında vacib təhsil layihəsi kimi çıxış etməkdədir. "Territoriya" XI Beynəlxalq Müasir İncəsənət festivalı Moskva tamaşaçıları, görkəmli teatr xadimləri ilə yanaşı, yerli və xarici mətbuat orqanlarının da maraq dairəsini əhatə edir. Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı avropalı rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir.

10 gün ərzində davam edən festivalda dünyanın ən tanınmış teatr xadimləri - İan Vuldric (Böyük Britaniya), Yan Fabr (Belçika), Ştefan Keqi (Almaniya), Qjeqoj Yajina (Polşa), Murad Merzuki (Fransa), Tilman Xeker (Robert Uilsonun komandası, Almaniya - ABŞ), Qidon Kremer (Latviya), eləcə də Rusiyanın nüfuzlu teatr mütəxəssisləri - Valeri Fokin, Yevgeni Pisarev, Andrey Bartenev iştirakçılara master-klass və təlimlər keçiblər. Festivalda həmçinin, festivalın bədii rəhbəri Yevgeni Mironov və art-direktorlar Çulpan Xamatova, Roman Doljanski, Kirill Serebrennikov, Andrey Urayevin iştirakı ilə də görüşlər və müzakirələr keçirilib.

Aktyorumuz Uilyam Şekspirin ən məşhur komediyaları əsasında hazırlanmış "Heç nədən səs-küy"dən ("Много шума из ничего") Benediktin səhnəsini canlandırıb. Elə bu ifaya görə də E.Quliyev festival-məktəbin xüsusi diplomuna layiq görülüb.

Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında isə Moskvada keçirilmiş "Artmiqrasiya 2015" III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/482969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR