Ötən həftə Qırğızıstan parlamentində referendum aktı ilə
bağlı məsələ müzakirə olunarkən, bütün ölkə gözlənilməz hadisə ilə
qarşılaşıb. Məlum olub ki, Qırğızıstan Konstitusiyasının orijinalı
itib.
Publika.az xəbər verir ki, referendum müzakirələri
zamanı “Ata-Meken” Sosialist Partiyasının fraksiyasının üzvləri
dövlət orqanlarının nümayəndələrinə orijinal konstitusiyanı nümayiş
etdirməklə bağı müraciət ediblər. Hər şey bu müraciətdən sonra
ortaya çıxıb. Məlum olub ki, konstitusiyanın orijinalı yoxdur.
Ədliyyə Nazirliyində və Prezident Aparatında saxlanılan
konstitusiya isə yalnız nüsxədir.
Ədliyyə naziri Jıldız Mambetaliyeva bildirib ki, konstitusiyanın
orijinalı Prezident Aparatında olmalıdır.
Prezidentin parlamentdəki səlahiyyətli nümayəndəsi Moldakun
Abdıldayev isə bunu təkzib edib. Lakin o, orijinalın harada olduğu
haqda sualı da cavablandıra bilməyib.
Konstitusiyanın itməsi məlum olandan bir gün sonra parlamentin
növbəti iclasında deputat Almambey Şıkmamativ hakimiyyətin
legitimliyinin sual altına düşdüyünü açıqlayıb.
Qırğız deputatlar konstitusiyanın orijinalı tapılmasa da,
referendumun dekabrın 4-dən 11-nə keçirilməsinə qərar veriblər.
Referendumda ölkənin parlamentli respublika sisteminə keçidi həll
olunacaq.
Lakin konstitusiyanın orijinalının harada olduğu məsələsi
Qırğızıstanda böyük qalmaqal yaradıb.
Prezident Aparatının rəhbəri Fərid Niyazov qalmaqalı yatırmaq üçün
rəsmi qəzetdə əsas qanunun dərc olunan mətnini deputatlara təqdim
edərək, istənilən detalla tanış olmağın mümkün olduğunu bildirdi.
Lakin deputatlarda şübhələr var ki, qəzetdə dərc olunmuş mətnin
əsli olmaya bilər. Çünki 2010-cu ildə belə məlumatlar var idi ki,
Qırğızıstan respublikası konstitusiya adı altında saxlanılan başqa
sənəd üzərində fəaliyyət göstərir. 2014-cü ildə hüquq müdafiəçiləri
Konstitusiya palatasında iddia irəli sürdülər ki, rəsmi qəzetdə
dərc olunan qanunun mətni real deyil. Onlar fikirlərini belə
əsaslandırırdılar ki, qəzetdəki mətn məzmun baxımından əladır.
Orijinalda isə belə olmayıb. Bununla bağlı sübut olmasa da,
iddialar kifayət qədərdir.
İndi əsas problemlərdən biri də referendumda nəyə düzəliş
edilməsidir. Belə ki, prezidentin səlahiyyətləri 2017-ci ilin 1
dekabrında başa çatır. Ehtimallara görə, Almazbek Atambayev ölkənin
baş naziri olacaq. Maraqlı məqam isə itmiş konstitusiyada
göstərilir ki, 2020-ci ilə qədər ona düzəliş etmək olmaz.
Qeyd edək ki, Qırğızıstanda 2010-u ilin aprelində baş verən dövlət
çevrilişindən üç il sonra keçirilən referendumda 90 faiz səslə yeni
konstitusiya qəbul edilib. Konstitusiya layihəsi Venesiya
Komissiyasının beynəlxalq ekspertizasından keçib. Əsas qanunda
2020-ci ilə qədər hər-hansı dəyişikliyin edilməsini qadağan edən
bənd mövcuddur.
Qırğızıstan Prezident Aparatının bu gün yaydığı məlumatda isə
ümumiyyətlə, konstitusiyanın orijinalının mətn şəkilində olmadığı
deyilir.
“Konstitusiyanın vəzifəli şəxslər tərəfindən imzalanmış orijinal
mətni mövcud deyil. Konstitusiyanın əsli kimi iki sənədə baxmaq
lazımdır: 2010-cu il mayın 19-da müvəqqəti hökumətin keçirdiyi
referenduma və 26 may 2010-cu il tarixində müvəqqəti hökumətin
dekreti ilə təsdiq edilmiş konstitusiya layihəsinə. Konstitusiyanın
legitimliyi 6 may 2010-cu ildə rəsmi qəzetdə onun mətninin dərc
olunması ilə qüvvəyə minib. Konstitusiyanın əsli müvəqqəti
hökumətin ali rəhbərliyi tərəfindən imzalanmayıb. Buna görə də əsas
qanunun müxtəlif nəşrlərini ortaya çıxartdı”, - deyə məlumatda qeyd
olunur.
PA təklif edir ki, mövcud səhvi 11 dekabr 2016-cı ildə keçiriləcək
“Konstitusiyaya dəyişikliklərin edilməsi haqqında” referendumda
parlamentdə baxılan qanun layihəsinə uyğun olaraq düzəltmək
olar.
Amma bütün barışdırıcı təkliflərə baxmayaraq, Bişkekdə kabinet
böhranının yaşanması ilə qarşılaşa bilərik. Artıq bunun ilkin
işartıları görünür.
Almazbek Atambayevin prezident postuna seçilməyənə qədər rəhbərlik
etdiyi Sosial-Demokrat Partiyası (SDPK) dünən hökumətin istefası
tələbi ilə çıxış edib.
Bu gün isə sosial-demokratların fraksiya rəhbəri İsa Omurkulov
parlament koalisiyasından çıxdıqlarını bəyan edibr. Bu, hökumətin
iflic olması və avtomatik istefaya getməsi deməkdir. Hazırki
hökumət indiki tərkibdə cari ilin aprel ayından işləyir. Hökuməti
quran koalisiyada SDPK, “Qırğızıstan”, “Onuquu-İrəliləmə” və “Ata
Meken” partiyaları təmsil olunur. Onlar arasında ciddi fikir
ayrılığı əvvəldən olub. Məlumatlara görə, bu koalisiya müvəqqəti
idi və istənilən an dağılmağa məhkumdur. Görünür, Qırğızıstan
hökuməti artıq legitimliyini itirib.
Qanunvericiliyə görə, prezident Atambayev üç gün ərzində yeni
koalisiya formalaşdırmaq hüququnu hansısa partiyaya verməlidir.
Ötən dəfə prezident bu hüququ SDPK-ya vermişdi. Bu dəfə isə
“Ata-Meken” və “Onuquu-İrəliləmə” partiyalarına verilə bilər. Lakin
onlar müxalif olmaqda davam edəcəklərsə, o zaman ortaya başqa
partiyalar çıxa bilər.
Asif