“Azarkeşlər yaxşı nəticə qazanan “Neftçi”yə öyrəşiblər” - Jayro

“Azarkeşlər yaxşı nəticə qazanan “Neftçi”yə öyrəşiblər” -   Jayro
22:17 25 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin müdafiəçisi Jairo Rodrigez “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qarşılaşmada öz qapısına qol vuran braziliyalı söhbət zamanı komandanın hazırkı durumu barədə fikirlərini bölüşüb.


- Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- “Qarabağ”ın səviyyəsi hər kəsə bəllidir. Bu gün bütün komponentlərdə bizdən güclüydülər. Əlimizdən gələni etdik ki, onlara qarşı layiqli mübarizə aparaq. Meydanı xalla tərk etməyə çalışdıq, amma alınmadı. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar haqlıdır. Bizdə yaxşı nəticə tələb edirlər. Nəticə verə bilmirik deyə, onlara haqq qazandırıram. Öz adıma deyirəm ki, bütün gücümü meydanda qoydum.  


- Bu oyunun anti-qəhrəmanı oldunuz...

- Bu sizin şəxsi fikrinizdir. Hörmətlə yanaşıram. Hərənin fikri özünə qalsın.


- “Qarabağ”la ilk dövrədəki oyunda da öz qapınıza qol vurmuşdunuz...

- Bu suala nə cavab verim? Mən istərdim ki, öz qapımıza qol vuram?


- Komandada baş məşqçi dəyişikliyi olub, heyətdə dəyişikliklər edilib. Lakin vəziyyət yaxşıya doğru dəyişməkdənsə, əksinə olur. Səbəb nədir?

- Hər məğlubiyyətdən sonra üzərimizdə daha çox işləyirik, daha çox çalışırıq. Hər şey edirik ki, nəticə olsun. Klubun idarəçiliyində və məşqçi heyətində dəyişikliklər edilib ki, vəziyyət yaxşılığa doğru dəyişsin. İnanın ki, əlimizdən gələni edirik. Başa sala bilmirəm ki, nə baş verir. Niyə nəticə qazana bilmədiyimizi anlamaqda çətinlik çəkirəm.


- “Kəpəz”ə qalib gəldiyiniz oyundan sonra söyləmişdiniz ki,  “qara zolaq”dan çıxmaq üçün biz bu qələbəni gözləyirdik. Lakin yenə də uduzursunuz...

- Düzdür, elə demişəm. Amma yenə vurğulayıram ki, meydana məğlub olmaq üçün çıxan futbolçu yoxdur. Sadəcə, uğursuz nəticələrin səbəbini bilmirəm. 


- Azarkeşlər son oyunlara komandanı dəstəkləməyə yox, istefaya səsləməyə gəlirlər. Xüsusən də legionerlərin getməsini tələb edirlər. Nə vaxtacan bu cür davam edəcək?

- Əlbəttə, azarkeşlər haqlıdır. Onlar yaxşı nəticə qazanan “Neftçi”yə öyrəşiblər. İndi isə komanda nəticə qazana bilmir. Amma deyim ki, hər məğlubiyyətdən sonra çox üzülürəm. Evə gedib yata bilməyəcəm. Heç kim deyə bilməz ki, Jayro həvəssiz oynayır.


- Katalin Tiranın azarkeşi vurmağına münasibətiniz necədir?

- Düz etmədi. İçəridə də izah etdim ki, yanlış hərəkət idi. Lakin azarkeşə də heç kim haqq vermir ki, meydana düşüb futbolçuya hücum çəksin. Onsuz da vəziyyət gərgindir. Məğlub oluruq, gərginlik yaranır. İstər-istəməz “partladı” onun üstünə.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azarkelr-yax-ntic-qazanan-neftciy-oyriblr-t53638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR