Millətçilərin növbəti Yerevan oyunbazlığı

Millətçilərin növbəti Yerevan oyunbazlığı
23:42 25 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 21-23-də Yerevanda Azərbaycan tarixi məsələlərinin müzakirə edildiyi "İran və Qafqaz: 20 il" konfransı keçirilib. Konfransda rusiyalı alimlər, o cümlədən "Marko Şahbanov" təxəllüsü ilə tanınan antiazərbaycan təbliğatçısı Şahban Xapizov iştirak ediblər. Uzun müddətdir ki, o, mətbuat və internet resurslarında millətlərarası nifrəti qızışdırmaq və Azərbaycan dövlətinin ünvanına böhtan yağdırmaqla məşğul olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Ş.Xapizovun konfransdakı növbəti məruzəsinin mövzusu heyrət doğurur: "Çərkəzlər", yaxud İran avarları: tarixi baxış və müasir vəziyyət".

Görəsən, nə vaxtdan Rusiya Federasiyasının subyekti olan Dağıstanda, habelə Azərbaycan Respublikasında yaşayan avarlar İran vətəndaşları olub? Bunu iddia edərkən müəllif nəyi nəzərdə tutub? Ş.Xapizovu Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzi adından konfransa göndərən şəxslər hansı məqsədlər güdüb?

Avarlar Azərbaycan Respublikasında və Rusiya Federasiyasının tərkibində Dağıstan Respublikasında xalqların vahid ailəsində yaşayır. Azərbaycan alimlərinin konfransdan qəsdən təcrid edilməsi (bu, bəzi "elmi dairələrin" normasına çevrilib) Azərbaycana qarşı birbaşa təxribat və elmi terrordan başqa bir şey deyil. Diqqəti cəlb edən mətləblərdən biri də Yerevanda keçirilən konfransın bölmələrindən birinin Azərbaycan və İran talışlarının problemlərinə həsr olunması faktıdır.

Əslində, vəziyyət aydındır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il oktyabrın 11-də Rusiya Elmlər Akademiyası Mikluxo-Maklay adına Etnologiya və Antropologiya İnstitutu yanında tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün Dissertasiya Şurasının iclasında Ş.Xapizovun "Çora dağıstanlılarının köçəri mədəniyyəti etnomədəni tarix kontekstində (XVIII-XXI əsrlər)" mövzusunda dissertasiyasının müdafiəsi keçirilib. Yerevana dəvət alan Ş.Xapizovun Rusiya Elmlər Akademiyası Mikluxo-Maklay adına Etnologiya və Antropologiya İnstitutunun "Qafqaz xalqları" şöbəsinin (müdiri REA-nın müxbir üzvü Sergey Arutyunovdur) xeyir-duası ilə Azərbaycan tarixini kobud şəkildə təhrif etməsində təəccüblü heç nə yoxdur. Ermənistanda "əsərləri" tez-tez nəşr edilən müəllif Azərbaycana qarşı ərazi iddiaları irəli sürür.

Qeyd edək ki, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya İnstitutu arasında sıx elmi əlaqələr qurulub. Dağıstan alimləri Bakı, Quba, Şamaxı, Gəncə şəhərlərində keçirilən elmi konfransların daimi iştirakçılarıdır. Azərbaycanda bu alimlərin əsərləri elmi jurnallarda və müvafiq tədbirlərin materiallarında dərc olunur. Bundan əlavə, bu il aprelin 8-də AMEA-nın Tarix İnstitutu və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Təəssüf ki, Dağıstan Elmi Mərkəzi ilə elmi əməkdaşlıq və elmi dialoqa bəzi yalançı alimlərin fəaliyyəti kölgə salır. Həmin Elmi Mərkəzin bəzi əməkdaşları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə, habelə ərazi bütövlüyünün, tarixi və mədəni irsinə qəsd etməklə, açıq antiazərbaycan fəaliyyəti aparırlar.

A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycanın daxili işlərinə müdaxilə, Azərbaycan xalqının tarixi və mədəniyyətinin təhqir və alçaldılması ilə bağlı dərin narahatlığını bildirir. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi şəraitində bu cür qeyri-elmi, qərəzli, yalançı, təhrikçi "elmi əsərlər" etik, elmi və siyasi mənadan məhrumdur, tərəflərin çoxəsrlik qardaşlıq, dostluq əlaqələrinin üzərinə kölgə salır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR