"Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi..."

"Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi..."
08:12 26 Oktyabr 2016
233 Ölkə
Ölkə mətbuatı
A- A+

DİM sədri məsələnin müzakirə mövzusu olduğunu deyir

Son zamanlar buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi məsələsi gündəmdədir. Ekspertlərin fikrincə, bu təcrübənin tətbiqi məzunların yükünü azaldar, məzunlar yalnız buraxılış imtahanlarını verərək ali təhsil müəssisələrinə, ya da kolleclərə qəbul ola bilərlər. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər.
Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu məsələ müzakirə mövzusudur. DİM sədri bildirib ki, 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, təhsil üzrə ekspert Nadir İsrafilovun "Ekspress"ə bildirdiyinə görə, Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibəti, bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim ediləcəyi perspektivi baxımından əhəmiyyətli və təqdirəlayiqdir: "Lakin maraqlı burasıdır ki, məsələyə münasibətdə "2 il ərzində" müddət həddi məsələnin hələ də bir müddət uzadılacağından xəbər verir. Hər şeydən əvvəl ona görə ki, bu kimi fikirlər hələ bir neçə bundan qabaq da səsləndirilmişdi".

Müsahibimiz hesab edir ki, digər tərəfdən, belə bir fikir yaranır ki, bu gedişlə məsələni kökündən həll etmək üçün bizə hələ neçə belə "2 il" lazım gələcək: "Ən maraqlısı isə odur ki, biz bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları mürəkkəbləşdirərkən və qəlizləşdirərkən nədənsə müddət baxımından heç bir çətinlik çəkmirik. Yığcamlıq və rahatlıq yaratmaq lazım gələndə isə dərhal müddətlə bağlı möhlətə ehtiyac duyuruq. Başqa sözlə, 125 suala cavab almağa cəmi 180 dəqiqə vaxt verməkdə problem yaşamırıq, sadə bir məsələni həll etmək üçün isə bizə 2 il vaxt tələb olunur".
İsrafilov deyir ki, imtahan təkcə ali məktəblərə sənəd verənlər üçün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan təkpilləli vahid imtahan sistemi bizdə ona görə ləngiyirdi ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. "Artıq bu problem "ikihakimiyyətliliyə" son qoyulmaq yolu ilə çoxdandır ki, həll olunub. Yəni hər iki imtahanı vahid bir qurum həyata keçirir. Bu mənada operativlik və çeviklik üçün lazımi imkanlar var. Bununla belə M.Abbaszadənin son bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, el dilində desək, "bu xəmir hələ çox su aparacaq".

İsrafilov qeyd edib ki, Abbaszadənin buna bənzər fikirləri yeni ideya olmayıb, zaman-zaman səsləndirilib: "Digər tərəfdən "ola bilsin ki...", "amma...", "aparıla bilər...", "fənlərin sayı dörd olsa...", "bəlkə də esseni yazmaya da bilər...", "buna görə də yazmaq mütləqdir...", "ali məktəblərin özlərinin də razılığı olmalıdır...", "qəbulun aparılmasına razıdırsa....", "heç olmasa, 5 fənn üzrə olarsa...", daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik..." və s bu kimi qətiyyətsiz və sığortaedici ifadələr hələ ki, ümidverici perspektivdən xəbər vermir.

Hər halda "gec olsun, güc olsun" deyib atalarımız. Ümid edək ki, yaxın gələcəkdə də olsa, imtahanların yığcam və rahat bir modeli hazırlanmaqla bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq".

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, sovet məkanında buraxılış imtrahanları ilə qəbul imtahanlarının bir keçirilməsi təcrübəsi vardı: "Elə xarici ölkələr var ki, orada buraxılış imtahanları əsasında məzunlar ali təhsil müəssisələrinə qəbul olur. Bunun tətbiqi beynəlxalq təcrübəyə əsaslanıb. Azərbaycanda bunun nə dərəcədə səmərəli keçiriləcəyi hələ sual altındadır".

Zülfüqarlı bildirib ki, buraxılış imtahanlarının qəbul imtahanları ilə birləşdirilməsinin müsbət tərəfləri çoxdur: "Nəzərə alsaq ki, bir sıra inkişaf etmiş ölkələrdə tələbə qəbulu sadəcə attestatla da aparılır, qəbul imtahanlarının bizdə də sadələşdirilməsi zərurəti yaranır. Əks halda, xarici ölkələrə tələbə axını davam edəcək. Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi məzunları əlavə yükdən azad edir".

Həmsöhbətimizə görə, ümumiyyətlə, qəbul imtahanlarını sadələşdirmək lazımdır ki, ali təhsil almağı arzulayan məzunlar ali təhsil müəssisələrinə qəbul ola bilsinlər. Tələbə qəbulu artsın.

Onun dediyinə görə, buraxılış imtahanlarına ciddi nəzarət olunmalıdır ki, neqativ hallar aradan qaldırılsın: "Tələbə qəbulu obyektiv keçirilməlidir ki, təhsil müəssisələrində yaxşı kadr yetişdirilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR