Xınalığa göndərilən gənc müəllim: "Hələ qış qarşıdadır, görək başımıza nə gəlir" - FOTO

Xınalığa göndərilən gənc müəllim: "Hələ qış qarşıdadır, görək başımıza nə gəlir" - FOTO
11:17 26 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu dəfə Qubanın Xınalıq kənd məktəbindən danışacağıq.

Milli.Az modern.az-a istinadən Xınalıqda  riyaziyyat müəllimi işləyən Vəfa Bahaddinova ilə müsahibəni təqdim edir: 

-Xınalıq kəndində neçə müddətdir ki, müəllim kimi çalışırsız?

-Bu ilin sentyabrından Xınalıq kəndində müəllim kimi fəaliyyət göstərirəm. Ailəm Qubanın Alekseyevka kəndində yaşayır. Artıq bura çox alışmışam. 

-Niyə məhz Xınalıq? Gənclərin çoxu kənd yerlərində müəllim kimi işləməkdən imtina edir.

-Düzü, məni tanıyanların çoxu bu sualı mənə verib. Onu deyə bilərəm ki, şəxsi istəyimlə Xınalıqda dərs deməyə yollanmışam. Əvvəldən özümü çətinliyə hazırlamışdım. Amma Xınalığa gələndə elə də böyük çətinliklə qarşılaşmadım. Heç də hər şey gözlədiyim kimi olmadı. Həm də Xınalıq ucqar kənd olduğundan insanları savadsız kimi təsəvvür edirdim. Amma bu fikirlərimdə də yanıldım. Xınalıqdakı insanlar təhsilə çox önəm verirlər. Məktəblilər öyrənməyə daha çox can atırlar.

-Hansı ali məktəbi bitirmisiz?

-Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. 

-Tələbə olarkən  xəyallarınızdakı iş yeri nə olub?

-Bəlkə də, inanmayacaqsınız. Hələ universitetin 2-ci kursunda oxuyarkən Xınalığa gedib orada müəllim işləmək ağlımdan keçirdi. Düşünürdüm ki, müəllim kimi ucqar kənd olan Xınalıqda daha yaxşı təcrübə əldə edə bilərəm. 

-Ucqar kəndə yollanmaq istəyinizi ailəniz biləndə etiraz etdimi?

-Atam Xınalığa getməyimi çox normal qarşıladı. Atamgil əslən Xınalıqdandırlar. O, ata yurdunda müəllim işləməyimə çox sevindi. Atamdan başqa, bütün qohum-əqrəba Xınalıqda müəllim kimi çalışmamağımı tövsiyə edirdi. Onların düşüncəsinə görə  Bakıda ali təhsil almağım,  daha geniş seçimə malik olmağım ona əsas verir ki, daha rahat yerdə müəllim kimi fəaliyyət göstərə bilərəm. 

-2 aydır ki, Xınalıqdasız. Burada müəllim kimi çalışmağınıza peşman deyilsiz ki?

-Peşman deyiləm. Hətta deyə bilərəm ki, artıq Xınalığa alışmışam. Hələ  qış qarşıdadır. Görək başımıza nə gəlir. Artıq  üçüncü dəfədir ki, Xınalığa qar yağır.

-Kənd məktəbliləri yeni müəllimlərinə alışıblarmı?

-Buraya ilk dəfə gələndə, şagirdlərə özümü təqdim edəndə çox sevinmişdilər. Ümumiyyətlə, məktəbə yeni müəllim gələndə çox sevinirlər.  Kənd adətləri Xınalıqda da özünü göstərir. Bir də görürsüz ki, uşaqlar kənd məhsullarından nəsə gətirirlər. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR